AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birlikdə “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” mövzusunda beynəlxalq onlayn konfrans keçirib.
İnstitutdan bildirilib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 və dahi özbək şairi Əlişir Nəvainin 580 illiyinə həsr edilən konfransın iştirakçıları əvvəlcə hər iki mütəfəkkirin Bakıdakı heykəllərini ziyarət ediblər.
Onlayn konfransı giriş sözü ilə Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini xatırladıb. Həmçinin Özbəkistan Respublikası Prezidentinin Əlişir Nəvainin anadan olmasının 580 illiyinin keçirilməsinə dair fərman imzaladığı diqqətə çatdırılıb.
İ.Həbibbəyli hər iki şairin yaradıcılığı haqqında danışaraq bildirib ki, Nizami Gəncəvi dünyada ilk “Xəmsə” yaratmış qüdrətli sənətkardır və onun “Xəmsə”sinin Şərq dünyasına böyük təsiri olub. Nizami ortaq mədəniyyətimizin zirvələrində dayanır və onun görkəmli ardıcıllarından biri də Əlişir Nəvaidir. Əlişir Nəvai türk dilində “Xəmsə” yaratmaqla bütün türk dünyasına böyük xidmət göstərib, türk dilinin “Xəmsə” yaratmaq qüdrətinə malik olduğunu sübut edib.
İki ölkə arasında elmi əlaqələrin müasir inkişaf yolundan danışan akademik İsa Həbibbəyli qeyd edib ki, Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Binnətovanın “Əlişir Nəvainin əsri və nəsri” kitabı çap olunub.
2020-ci ildə institutun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb.
Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər Nəvainin “Xəmsə”sini bütövlükdə Azərbaycan dilinə çevirib. Akademik yubileylərlə bağlı ortaq tədbirlərin il ərzində davamlı olacağını vurğulayıb.
Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov hər iki şairin türk dünyasında önəmli mövqe tutduğunu bildirib. O, Bakıda Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin heykəllərinin ucaldılmasını birlik və qardaşlığa ərməğan adlandırıb.
Onlayn konfransda Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfiri Amanulla Ceyhun və Özbəkistan Yazıçılar İttifaqının sədri Siracəddin Səyyid də giriş nitqi söyləyiblər.
Daha sonra Azərbaycan və Özbəkistan alimləri Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı haqqında məruzələrlə çıxış ediblər.