Hər ikisi üçün yeni formula
Simvollarla bağlı romanlar yazan və kifayət qədər oxucusu olan Dem Braun son əsəri ilə yenə də ajiotaj yaratdı. Qısaca deyim ki, “İtmiş simvollar” adlanan yeni roman Vaşinqton şəhərində yerləşən memarlıq abidələrinin simvolik məna açımına, tikililərə həkk edilmiş işarələrin gizli məna və mistik qatlarına həsr edilib. Yazıçı öz üslubuna uyğun olaraq əsərin süjet xəttini həm də detektiv istiqamətə yönəldib. Maraqlananlar əsəri tapıb oxuya bilər.
Məqsədim heç də əsəri tərifləmək deyil. İndiki məqamda əsərin ajiotaj doğurması fonunda turizmə necə təsir etdiyini vurğulamaqdır. Roman çap edildikdən sonra əsərdə təsvir olunan memarlıq abidələrini görməkdən ötrü təkcə bir həftə ərzində 300 min turist Vaşinqtona səfər edib. Hətta şəhərdə fəaliyyət göstərən hotellərdən biri öz qonaqları üçün əsərdə təsvir edilən abidələrə ekskursiya etməyi müştərilərə xidmət siyahısına daxil edib ki, çeşidi çoxaltsın. Ədəbi əsərin turizmə bunca xeyir verdiyini rəqəmlərlə daha açıqlamıram. Görəsən, bizim hansı hotelimiz xidmət siyahısına bu tip bir neçə saatlıq xidmət əlavə edib? Hotel sahəsi öz növbəsində “bəs hanı sənin Dem Braunun?” desə onlarla da razılaşmaq olar. Mən məhz memarlıq abidələrimizin ədəbi yazıya hopdurulmasından söz açıram. Təsəvvürünüz genişlənsin deyə bir daha “İtmiş simvollar” əsərinə qayıdım. Əsərdə qədim Vaşinqton və onun indi də mövcud olan memarlıq abidələri elə təsvir edilib ki, hətta şəhər əhalisi öz şəhərlərini indiyə qədər yaxşı tanımadıqları qənaətinə gəliblər. Vaşinqton içində Vaşinqton. İndi isə bircə sual qoyuram. Biz Bakını tanıyırıq? İçərişəhər haqqında nə bilirik? Yalnız standart ölçülü məlumatlar və sair. Vallah, bir Dem Braun burada bir ay yaşasa, məlum olar ki, bizim İçərişəhər nə qədər sirr daşıyıcısıdır. Qız qalası haqqında primitiv rəvayətdən başqa heç nə bilmirik. Amma ədəbiyyata nə qadağa var ki, həm elmi fərziyyə, həm real faktların, həm də fantaziyanın hesabına bizə Qız qalasını sözün tam mənasında tanıtsın. Axı, bu tarixi abidənin quruluşunun özü elə uzaqdan simvol nişanəsi olduğunu əyani təsdiqləyir. Bu fonda Bakının dünəninə, bu gününə dair roman yazmaqla həm də turist axınını yaratmaq mümkündür. Bu, adi bir misal idi. Bir dəfə yazmışdım. Biz hələ Qobustanı kəşf etməmişik. Əgər abidəni sadəcə seyr etmək yetərlidirsə, biz elə onun fotosuna baxmaqla kifayətlənərdik və bilərdik ki, bura daş-qayalıqdır. Lakin Hindistandan Qobustana gələn turist yazılara heyran qalmış, diqqət kəsilmişdi. Norveçdən gələnlər bir başqa düşüncələrlə oranı tərk etmişlər. Pompey ordusunun nişanə qoyduğu Qobustandan maraqlı bir əsər yazmaq dünyaya çıxan ədəbiyyat nümunəmiz olardı. Necə ki, Orxan Pamuk nəqqaşlıqdan yazdı, dünya oxucusu üçün bu çox maraqlı idi. Ədəbiyyat adamının üçüncü gözü var və bu gözdən keçən Qobustan sirləri oxucuda maraq yaradır. Ora necə yerdir ki, ilahə Veneranın təsviri var? Ora necə yerdir ki, ərəb xilafətinin ordusu da buranı sadəcə ziyarət edərək öz izini daşlarda qoyub. Tarixi bu daşlardan götürüb yazacaq adam lazımdır. Detektiv olsun, melodram, ezoterik olsun fərq etməz, sadəcə hadisələr Qobustanın aurasından keçirilsin. Və yaxud Şəkidə yerləşən Kiş qalası. Orada qədim albanlar uyuyur. Buranın qəribə mistikası var. Buyurun dünya alban deyə maraqlanacaq. Kişə gəlmiş bir Norveç səyyahının burada duyduqlarını yazmaq olmazmı? Ədəbiyyatımızın predmetində istifadə edilməli abidələrimiz var. Şəki Xan sarayını tikən ustanın (bu böyüklükdə sarayda bircə mismar belə işlənməyib) söykəndiyi fəlsəfəni, naxışların sirrini açmaq lazımdır və əlbəttə ki, ədəbi qələmlə. Bəlkə, zorla başqalaşdırılan alban kilsəmizi ədəbiyyatlaşdırsaq, gələcək iftiraların qabağını kəsə bilərik?! Yeri gəlmişkən, İrana getmək istəyən Yesenini fikrindən daşındıra bilməyən dostları “bura İrandır” deyə Mərdəkandakı dendrariyə aparıblar və burada uzun müddət qalan şair “İran şeirlərini» yazıb. Bu dendrari unikal floraya malikdir. Bu fonda Yeseninin Bakı həyatına dair bir əsər yazmaq olar. Dediyim kimi, abidələrimizi, onların sirlərini ədəbiyyatımızın malı etmək olar. Bu yolla ədəbiyyat və turizm maraqlı şəkildə birləşərdi. Yazıçının əsəri isə dünyanın maraq göstərəcəyi uzun bir turist səfərinə çıxardı, dünya oxucusu ilə görüşə. Məncə, biz ədəbiyyat və turizm düsturu ilə ədəbi əsərlərin yazılmasına stimulverici formula irəli sürməliyik. Mövzunu davam etdirmək ümidi ilə.
Günay TAHİRLİ,
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin turizm
təhsili bölməsinin metodisti