Fevralın 5-də Bakıda, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin birgə əməkdaşlığı çərçivəsində “Qarabağın keçmişi, bu günü və gələcəyi” mövzusunda konfrans təşkil olunub. Konfrans həmçinin videoformat şəklində aparılıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konfrans iştirakçılarını salamlayaraq bildirib ki, 2020-ci ilin Vətən müharibəsində şanlı Qələbədən sonra Qarabağ torpağı bütün türk xalqlarını daha da sıx birləşdirib. Zəfərin gətirdiyi fəxarəti Azərbaycanla yanaşı, bütün türk dünyası yaşayır.
Qeyd edilib ki, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqların vəziyyəti bizi çox sarsıdıb. Düşmənin viran qoyduğu bu şəhərlər vaxtilə Azərbaycanın mədəniyyət mərkəzləri idi. Şuşa, Ağdam, Füzuli, bütövlükdə Qarabağ neçə-neçə bəstəkarların, xanəndələrin, şair və yazıçıların, eyni zamanda Azərbaycan memarlığının şah əsərlərinin vətənidir. Günay Əfəndiyeva diqqətə çatdırıb ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ermənilərin törətdiyi cinayət əməllərini qətiyyətlə pisləyən, dünya ictimaiyyətini bu hallara obyektiv münasibət bildirməyə səsləyən bəyanatlar verib.
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni bütün türk dünyasının sevinclə qarşıladığını deyib. Bildirib ki, təmsil etdiyi qurum hər il təşkil olunan plenar iclaslar zamanı xalqlarımız və dövlətlərimiz üçün faydalı qərarlar almağa çalışır. Həmçinin şəhərsalma sahəsində ehtiyac duyulan bütün texniki infrastrukturun inkişaf etdirilməsi üçün əməkdaşlıq etməyə hazırdır.
Konfransa videoformatda qoşulan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim qonaqları salamlayaraq, bu cür önəmli bir tədbirin təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü bildirib. Azərbaycan və Türkiyə dostluğuna toxunan səfir qeyd edib ki, iki qardaş ölkə arasında olan münasibətin keçmişinin təməli möhkəm, bu günü şərəfli, gələcəyi isə parlaqdır. Səfir, eyni zamanda Qarabağda yerləşən maddi mədəniyyət abidələrinin dağıdılması, talan edilməsi, mənimsənilməsi məsələsinə münasibət bildirərək, bu istiqamətdə görülə biləcək işlərdən danışıb.
Konfransda iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iki ölkənin qardaşlığından bəhs edib. Səfirin sözlərinə görə, 44 günlük müharibədə Türkiyə bir daha Azərbaycanın – qardaş xalqın yanında olduğunu bütün dünyaya göstərdi: “İndi hər kəs bilir ki, Türkiyə və Azərbaycan tək ürəkdir. İndi də Azərbaycanın önündə duran əsas vəzifə dədə-baba yurdlarından qovulan vətəndaşların evlərinə dönməsi və buranı yararlı hala salmaq üçün Qarabağı - “Qafqazın Xirosiması”nı bərpa etməkdir. Türkiyə bu istiqamətdə də bütün dəstəyi verməyə hazırdır”.
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov çıxış edərək, təmsil etdiyi qurumun işğaldan azad olunan torpaqlarda şəhər və kəndlərin bərpası və planlaşdırılması istiqamətində işlərə başladığını bildirib. Qeyd edib ki, bərpa olunacaq yerlərlə bağlı qərargah və digər mərkəzlər fəaliyyət göstərir ki, onların da birbaşa vəzifəsi şəhərsalma məsələləri ilə məşğul olmaqdır. Komitə tərəfindən ərazinin inkişaf planı hazırlanması üçün şəhər və kəndlər üzrə məlumatların toplanması, sistemləşdirilməsi işi aparılır.
Konfransa qoşulan Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mücait Demirtaş Qarabağın işğaldan azad olunmasını tarixi Qələbə adlandırıb. “Dünənə qədər bütün dünya Qarabağın işğalından danışırdı, bu gün dastan olan Zəfərindən danışır. Gələcəkdə isə Türkiyə və Azərbaycanın birlikdə yenidən bərpa edəcəyi Qarabağın dirçəlməsindən danışacaq”, - deyə o vurğulayıb.
Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirçi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Qazi Universitetinin rektoru Musa Yıldız, TDMMB Ankara Mərkəz şöbəsinin rəhbəri Murad Koru və digər iştirakçılar konfransda çıxış edərək, mövzu ilə bağlı fikirlərini bölüşüb, gələcək planlar haqqında danışıblar.
Sonda konfrans iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub.