Özbəkistanın məşhur “Özbegim Yoshları” musiqi qrupu Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada bu il konsert proqramı ilə çıxış etmək niyyətindədir. Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) keçirilən görüşdə razılıq əldə olunub.

AMM-nin direktoru Samir Abbasov “Özbegim Yoshları” musiqi qrupunun bədii rəhbəri, Özbəkistanın Əməkdar mədəniyyət işçisi Lütviyyə Ruzibayeva ilə görüşüb. Görüşdə özbək mədəniyyətini dünyada tanıdan “Özbegim Yoshları” (Özbək gəncliyi) musiqi qrupunun AMM ilə birgə layihələri qeyd olunaraq uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Lütviyyə Ruzibayeva “Özbegim Yoshları” musiqi qrupunu 30-dən çox ölkədə keçirilən festivallarda iştirak etdiyini  və çoxsaylı mükafatlara layiq görüldüyünü  bildirib. O, Azərbaycanda da konsert proqramı ilə çıxış etmək istədiklərini deyib və AMM-nin bu məsələdə dəstək göstərməsini xahiş edib.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdiyini deyən S.Abbasov Özbəkistan musiqi qrupunun Şuşada konsert proqramı ilə çıxış etmək niyyətini təqdir edib. O, Azərbaycan mədəniyyətinin paytaxtı, qədim və tarixi şəhər olan Şuşada bu il “Xarı bülbül” Beynəlxalq Musiqi Festivalının keçiriləcəyini deyib və “Özbegim Yoshları”nın da bu festivalda iştirak etməsini təklif edib. L.Ruzibayeva təklifi razılıqla qarşılayıb.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müraciət ediləcəyini deyən S.Abbasov təşkilatı işlərin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin öz üzərinə götürəcəyini bildirib.