İşğaldan azad olunmuş torpaqlarımızda da yaradılacaq

Açıq səma altında muzeylərin təşkil olunması ideyasının tarixi XVIII əsrə qədər gedib çıxır. Bu tip muzeylər ilk olaraq Avropa ölkələrində yaradılıb. Hazırda isə dünyanın bir çox ölkələrində müxtəlif mövzuları əhatə edən açıq səma altında muzeylər fəaliyyət göstərir.

Belə arxeoloji, etnoqrafik muzeylər arxeoloji abidələrin, qədim yaşayış yerlərinin mövcud olduğu ərazilərdə maddi mədəniyyət nümunələri əsasında yaradılır. Bu tip muzeylərin əsas məqsədi insanların keçmişdəki həyatını real maddi nümunələr əsasında nümayiş etdirməkdir. Azərbaycanda açıq səma altında arxeoloji muzeylərin ən klassik nümunəsi Qobustan Milli Tarix-Bədii Qoruğudur.

 

Elmi tədqiqatlar, turizm və təhsil üçün imkanlar

 

Açıq səma altında yaradılan muzeylər elmi tədqiqatlar, turizm və təhsil fəaliyyətlərini paralel şəkildə təşkil etməyə imkan verir. Bu da həmin muzeylərin maddi baxımdan gəlirli sahəyə çevrilməsinə zəmin yaradır. Günümüzün turistləri belə tarixi məkanlara xüsusi üstünlük verdiyindən açıq səma altında olan muzeylərə müxtəlif tipli və miqyaslı turist marşrutları yaratmaq, fərqli interpretasiyalar etmək əhəmiyyət kəsb edir.

Belə muzeylərin digər bir özəlliyi də təbii landşaftla birbaşa əlaqəli olmasıdır ki, bu da qədim insanların gündəlik fəaliyyət və yaşayışı haqqında ziyarətçilərdə daha aydın təsəvvür yaradır.

Hazırda dünyada açıq hava arxeoloji muzeylərində eksperimental arxeologiya tədqiqatları və bu tədqiqatlara əsaslanan interaktiv marşrutların tətbiqi geniş yayılıb.

Dünya əhəmiyyətli arxeoloji abidə olan Azıx mağara düşərgəsinin işğaldan azad olunması orada da belə bir muzeyin qurulmasına zəmin yaradır. Heç şübhəsiz ki, bu, unikal arxeoloji abidənin yerləşdiyi məkanda açıq səma altında muzeyin yaradılması gələcəkdə ölkəmizə səfər edəcək turistlərin diqqətini cəlb etmiş olar.

 

Müharibə cinayətlərini əks etdirən muzeylər

 

30 ilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayan Ermənistan şəhərlərimizi, yaşayış məntəqələrimizi darmadağın edərək dünyada bənzəri olmayan müharibə cinayətləri törədib. Bu faktların dünya ictimaiyyətinə, gələcək nəsillərə çatdırılması məsələsi diqqət mərkəzindədir. Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirdiyi müşavirədə bu məsələyə də xüsusi  toxunub: “Şəhərlər bərpa olunarkən hesab edirəm, hər bir şəhərdə dağıdılmış yerlər qalmalıdır ki, bunu heç kim heç vaxt unutmasın. Şəhərsalma işləri aparılarkən müəyyənləşdirib, sonra mənə məruzə edin, misal üçün, Ağdam şəhərinin, Füzuli şəhərinin, digər şəhərlərin hansı hissəsi, hansı kvartalı dağıdılmış vəziyyətdə qalsın, Ermənistan işğalının açıq səma altında muzeyi kimi. Hesab edirəm ki, azad olunmuş bütün şəhərlərdə işğal muzeyləri də yaradılmalıdır. Memorial komplekslərlə, bizim Zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri də yaradılmalıdır”.

Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan tərəfinin törətdiyi vəhşilikləri nümayiş etdirmək üçün belə muzeylərin yaradılması aktualdır. Azad edilmiş ərazilərdə elə yerlər var ki, onlar erməni vəhşiliyini sübut etmək üçün mütləq şəkildə olduğu kimi saxlanılmalı, dünya ictimaiyyətinə çatdırılmalıdır.

Hazırda dünyanın bir çox ölkələrində işğal faktlarını, müharibə cinayətlərini nümayiş etdirən belə muzeylər fəaliyyət göstərir. Bu tip muzeylər müharibə və yaxud soyqırımı  cinayətləri nəticəsində yaranmış müxtəlif dağıntıların, baş vermiş hadisələrin dəhşətini nümayiş etdirməklə yanaşı, tarixi yaddaşı əbədiləşdirir.

“Sayqon müharibə muzeyi” Vyetnam müharibəsinin dəhşətlərini, xalqın yaşadığı faciələri nümayiş etdirir. Cənubi Koreyada yaradılan “Müharibə memorialı” Koreya müharibəsini xatırlamaq və bu xalqın dinc birləşmə arzusunu nümayiş etdirmək məqsədini daşıyır. “Spaldinq müharibə memorialı” — İngiltərədə Birinci Dünya müharibəsindən bəhs edən memorialdır. Belə komplekslərin ən məşhuru isə Yaponiyada “Xirosima sülh memorialı” və ya daha çox “Atomic Bomb Dome” adı ilə tanınan tarixi abidədir. Eyniadlı parkın bir hissəsi olan “Xirosima sülh memorialı” 1996-cı ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Tarixi binanın həmin siyahıya daxil edilməsi isə bəşəriyyət tarixində ilk dəfə insanların yaşadığı əraziyə atılan atom bombasının dağıdıcı təsirindən “sağ çıxmış” tikilinin sülhün rəmzi kimi təqdim olunması ilə əsaslandırılıb.

Fariz HÜSEYNLİ