Zakir Ağayev: “Tamaşaçı səhnədə 2-3 dəqiqəlik gözəl rəqs, balet nömrəsi görürsə, bunun arxasında uzun məşq prosesi, insan əməyi dayanır”

Müsahibim və ondan ayrı təsəvvür belə eləmədiyim xanımı ilə vədələşdiyimiz məkanda – Akademik Musiqili Teatrın balet truppasının məşq zalında görüşdüm. Məşqlər, səhnə, bu güzgülü məşq otağı üçün çox darıxdığı üz-gözündən oxunurdu. Gözlərində sevinc o yan-bu yana gedir, bir-iki balet elementini nümayiş etdirərək söhbətimizə ayaq verirdi. O, hərəkət elədikcə bu bəstəboy, şux insanın 65 yaş həqiqətinə inana bilmirdim. Təkcə mən? Yox, ən çox da özü buna inanmaq istəmir. Ona görə də inadla güzgülərdəki əksinə gülümsəyir, məmnun halda göz vururdu...

Beləliklə, həmsöhbətimiz Akademik Musiqili Teatrın baş baletmeysteri, Əməkdar artist Zakir Ağayevdir.

Bu maraqlı söhbətdən seçmələr sayəsində sizi istedadlı və nikbin adamla daha yaxından tanış etməyə çalışacağam. Əslində, müsahibim Zakir Ağayev olsa da, “hər Məcnunun öz Leylisi” prinsipi ilə həm ömür-gün, həm də sənət yoldaşı olan teatrın quruluşçu baletmeysteri, Əməkdar artist Leyla (Yelena) Ağayeva da  söhbətimizin mərkəzində oldu. Səhnədə hər zaman birlikdə addımlayan, həyatın bütün sınaqlarından üzüağ çıxan cütlük bu söhbətə də birlikdə gəlmişdi.

 

– Zakir müəllim, bu nə müsibətdir, balet artisti də səhnədən, məşqdən, teatrdan bu qədər ayrı düşər?

– Müsibət də sözdür? Boğuluruq e, zarafat deyil, az qalıb bir il ola ki, biz teatra, səhnəyə həsrətik. Lənətə gəlmiş koronavirus bizi yaman sınadı. Təsəvvür edin, həyatının əsas hissəsini teatrda, səhnədə, dərsdə, məşqdə keçirən adamlar dörd divar arasına qısıldılar. Doğrudur, Musiqili Teatr pandemiya dövründə də fəaliyyətini dayandırmadı. Onlayn layihələr, videoçarxlar, rəngarəng kliplər hazırladı. Amma nə olsun, bunların heç biri canlı ünsiyyəti, teatrı, qaynar sənət həyatını əvəz edə bilmir. Sənət adamları üçün mart ayından işsiz qalmaq çox çətindir. Demək olar ki, bizim üçün həyat dayanıb.

 

– Balet mürəkkəb və çətin sənətdir. Bizdə də bu sənətin öz auditoriyası var. Ömrünüzü verdiyiniz bu sahədə populyar simalar azdır. Bu məqam sizi narahat edibmi?

– Desəm ki, etməyib, qeyri-səmimi olar. Amma sənətə olan sevgi siz deyən bütün o bəzək-düzəyin, şöhrətin üzərində dayanır. Baxın, bizim teatrın  unikal vəhdəti var: musiqi, vokal, balet, xor, aktyor oyunu. Belə olduğuna görə nə bir ayrı-seçkilik görür, nə də göstərməyə çalışırıq. Əsas ortaya çıxan materialdır. Xoreoqrafiya sənətinin özəl xüsusiyyəti odur ki, obrazları, dramaturgiyanı rəqs hərəkətləri ilə açır. Bizim sənətin sözü rəqsdir. Eyni zamanda tamaşalarda rəqs, balet nömrələri olanda tamaşaya xüsusi bir ovqat, rəngarənglik verir.

 

– Balet nömrələrinin tamaşada istifadəsinə gəlincə, bu gün sözsüz teatr, tamaşa formaları mənasında müzikl, performans dediyimiz formalar peşəkar səhnələrdə boy göstərir. Bu kimi tendensiyalar yaradıcılıq fəaliyyətinizə necə nüfuz edir?

– Dünyada proqressiv hadisələr gedir, eləcə də mədəniyyətdə, incəsənətdə, teatrda. Bizim teatrımız da çalışır ki, həmin irəliləyişlərdən geri qalmasın. İstəyirik ki, novatorluğu özümüzə, mentalitetimizə uyğun tamaşalarda istifadə edək. Aktyorların da jestlərində, hərəkətlərində xoreoqrafik leksika olmalıdır ki, onun obrazını inkişaf elətdirə bilsin. Bu baxımdan aktyorlarla işimiz çox maraqlı alınır. Qaldı ki, balet truppasına, burada hamı peşəkarlardır.

 

– Balet truppanıza qayıdacağıq, mənə hələ prosesin özü maraqlıdır. Daha doğrusu, rejissor-dramaturq-baletmeyster dialoqu. Hər tamaşa balet nömrəsinə yer olmur  və ya əksinə, material, mizan, oyun ritmi az qala balet nömrəsi çağırır, amma yoxdur...

– Biz proses zamanı balet nömrəsinin süjetin inkişafına xidmət edib-etmədiyinə baxırıq. Hər rejissor musiqili teatrda tamaşa qura bilmədiyi kimi, hər tamaşa da balet nömrəsi istəmir. Ümumən, əgər tamaşada musiqi varsa, deməli, bizim artıq orada işimiz var. Ola bilər balet truppası iştirak eləməsin. Amma musiqi nömrəsi varsa, ona uyğun aktyor plastikası olmalıdır. Quru oyundan, mətnin daha gur, daha təsirli aktyor ifasından çox, musiqinin ahəngində oyun təqdimatı vacibdir. Məhz buna görə mətn daha yaxşı açılır. Balet nömrələrini hansısa tamaşaya məcbur salmaq olmaz.

 

– Aktyorların musiqili tamaşalarda oyun üslubu da mütəmadi müzakirə olunur və “balet nömrəsi olmayan musiqili tamaşada da bizim işimiz var” dediniz. Hər aktyorla ibtidai xoreoqrafik elementlərin məşqi mümkün olurmu?

– Bu teatrda çalışan hər bir aktyor bunu yaxşı dərk etməlidir və düşünürəm ki, bizim bütün aktyor heyətimiz “mənəm”likdən uzaqdır. Onu da deyim ki, teatrımızda son illər müxtəlif sexlərə işçi qəbulu başladı və sırf peşəkar, teatrın profilinə uyğun olanları seçdik. Musiqili teatrın aktyoru olmaq istəyənlərin əsas işindən – aktyorluq bacarığından savayı səsini, plastik keyfiyyətlərini də yoxlayırıq. İndi bizə gələn gənclərin əksəriyyəti o səviyyədədir və onlarla işləmək asandır.

 

– Bəs nisbətən yaşlı və orta nəsil aktyorlar?

– Onları da cəlb edirik və siz deyən o tanınmışlar da peşəkar olduqları üçün özləri xoreoqrafik məşqlər istəyirlər.

 

– Balet amansız sənətdir. Müəyyən yaşdan sonra səndən imtina edir. Ora gələrkən artıq bilirsən ki, 40-dan sonra səhnədə olmayacaqsan...

– Haqlısınız, baletin səhnə həyatı çox qısadır. Vur-tut 20 il, o da 16-17 yaşından işə qəbul olunursansa. Səhnə gözəlliyi, gəncliyi sevir və sən 38-40 yaşında o elementləri icra edib dinamikliyini saxlaya bilmirsən. Bizim truppamıza gəlincə, biz yalnız Xoreoqrafiya Akademiyası məzunlarını işə götürürük. Özümüz də orada çalışırıq. Müddət qısa olduğuna görə öz sözünü deməyi və sənətini nümayiş etdirməyi bacarmalısan...

 

– Qeyd etdiyimiz kimi, pedaqoji fəaliyyətlə də məşğulsunuz. Gənc kadrlar və böyük zəhmət tələb edən balet. Münasibət necədir?

– Bu gün gənclər daha az işlə daha tez və çox nəticə arzulayır. Buna görə də belə düşünənlər bu sənətdə qalmırlar. Bu sənət fədailəri sevir və yalnız onlar uğur qazanırlar. Biz də məhz onlarla çalışırıq. Tamaşaçı səhnədə 2-3 dəqiqəlik gözəl bir rəqs, balet nömrəsi görürsə, bilməlidir ki, onun arxasında uzun və ağrılı məşq prosesi, insan əməyi dayanır.

 

– Zakir müəllim, bəlkə Leyla xanıma da söz verək...

– Eybi yox, onun 65 yaş müsahibəsində də mən susaram, o danışar (gülür). Təbii ki, bu, bir zarafatdır, əlbəttə, buyursun. Nəzərə alın ki, mənim ilham qaynağım, həyat və sənət stimulum məhz odur.

Eşitdiyi iltifat dolu etirafdan məmnun görünən Leyla xanım da söhbətə qoşulur.

Leyla Ağayeva: Biz xoşbəxt adamlarıq ki, bu sənətin ali təhsilini almışıq və onu istedadlı gənclərimizə tədris edib sevdirməyi bacarmışıq. Biz o sevgini truppamıza təlqin edə bilmişik.

 

Müxbir: Leyla xanımın söhbətə qoşulmağı yaxşı oldu. Məqamdır, bir az da sənətkar ailəsindən danışaq. Bu harmoniyanı yaratmaq və bir-birindən yorulmadan çalışmaq çətin deyil ki?

Leyla Ağayeva: Sizə bir hadisə danışım. Akademik Milli Dram Teatrında tamaşa qururduq. Rejissoru Kamran Şahmərdan idi. Xatırlayırsınız yəqin, “Teleskop”u deyirəm. Bizi görəndə və ailə olduğumuzu biləndə “Vəssalam, mənim tamaşam getdi. Ər-arvad hərəsi öz hikkəsini yeridəcək, mən də ortada qalacam” dedi və biz xeyli güldük.

Zakir Ağayev: Biz bir-birimizi  tamamlayırıq və illərdir ki, yorulmadan belə işləyirik.

 

Müxbir: Zakir müəllim, yaradıcı döyüşün də, dialoqun da hakim tərəfləri olur, etiraf edin...

Zakir Ağayev: Olur, çox olur. Məsələn, hansısa element üzərində bərk müzakirə aparırıq. Fikir üst-üstə düşmür. Bu məqamda artıq kişi hakimiyyəti ön plana keçir, sözümü deyirəm və məşqdən çıxıram (gülür). Qayıdıb görürəm ki, mən deyən olub.

Leyla Ağayeva: Amma, hər dəfə də sən deyən olmur (gülür).

Zakir Ağayev: Bizim işdə yeganə diktator ən yaxşı forma, ən yaxşı nəticəni istəyən və göstərəndir.

Leyla Ağayeva: Bütün müzakirələrimiz, mübahisələrimiz elə burada – məşq zalında, işdə qalır. Evdə bu barədə, demək olar ki, danışmırıq.

Zakir Ağayev: Bizim truppanın işçilərini buraya bağlayan səbəblərdən biri də yaratmış olduğumuz ailə mühitidir. Onlarla ata-ana münasibətindəyik. Nə qədər tələbkar olsaq da, onlara səmimi sevgimizi aşılaya bilmişik.

Müxbir: Uzunillik ailə təcrübəsi və peşəkarlığın verdiyi vərdişlər də var. Bu mənada yəqin bir-birinizi bir baxışdan başa düşmək də var...

Zakir Ağayev: Nə bildiniz? Var, daha çox qohum-əqrəbalarımız bunu bilirlər və öz aralarında “Leyla Zakirə nə deyib, nə işarə elədi ki, biz hiss eləmədik” deyib hələ də heyrətlənirlər. Küsdüyümüz, incidiyimiz vaxtlar da olur. Amma nə vaxt başlayıb, nə vaxt bitir, bilmirik. Bir-birimizə hörmət edir və səhvlərimizə görə üzr istəməyi bacarırıq.

Leyla Ağayeva: Biz hər şeydən öncə dostuq. Bir-birimizə güzəştə getməyi bacarırıq. Təkəbbür, xüsusən də qadınların təkəbbürü sağlam, möhkəm ailəyə mane olur.

 

– Zakir  müəllim, bayaqdan danışırıq, siz gah hansısa balet elementlərini nümayiş etdirir, gah da şövqlə yaradıcı axtarışlarınızdan danışırsınız. Qısası, sizə 65 yaşı heç cür yaraşdıra bilmirəm.

– Mənə 65 yaşın var deməsəydilər, heç bunu hiss eləmirdim. Az qala boynuma qoyursunuz yaşımı. Nə 65? Həm çox gümraham, həm də bütün balet elementlərini nümayiş etdirəcək plastikam var. Siz özünüzlə gətirdiyiniz 65-ə də başa salın ki, yanılıb (gülür).

 

– Yazanda başa salaram...

Söhbətləşdi: Həmidə NİZAMİQIZI