Quruculuq-abadlıq işləri qədim qəsəbənin hüsnünə yeni çalarlar bəxş edir

Son illər Bakının zəngin tarixə malik qəsəbələrinin simasının yenilənməsi, müasir infrastrukturun yaradılması istiqamətində layihələr həyata keçirilir. Ötən il Sabunçu rayonunun Balaxanı qəsəbəsində aparılan yenidənqurma və abadlıq işləri bu qədim yaşayış məskəninin görkəminə yeni çalarlar bəxş edib.

Bakının daha bir quruculuq ünvanı Səbail rayonunun Bibiheybət qəsəbəsidir. Bu günlərdə yeniləşən qəsəbəni görmək üçün yolumuzu Bibiheybətdən saldıq.

Bibiheybətin hər küçəsində bir tarix yatır. Bu yaşayış massivi XX əsrin əvvəllərinə qədər Şıx adlanıb. 1936-cı ildə Xanlar adı verilən yaşayış məntəqəsi qəsəbə statusu alıb. 1992-ci ildə Bibiheybət adlandırılıb.

Hazırda Bibiheybətdə 50 saylı tam orta məktəb, 70 saylı uşaq bağçası-körpələr evi, Mədəniyyət evi, kitabxana, “Şıx” sanatoriyası, bir neçə hotel və müxtəlif ictimai iaşə obyektləri fəaliyyət göstərir. Bakı şəhərindəki ən qədim ibadət ocaqlarından biri olan XIII yüzilliyə aid Bibiheybət məscidi də burada yerləşir.

Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən bildirdilər ki, 2019-cu ildən etibarən İcra Hakimiyyəti və “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə Bibiheybət qəsəbəsində yenidənqurma və abadlıq işlərinə başlanılıb. Çoxsaylı yaşayış evlərinin fasadları yenilənib, əlavə eyvanlar, lokal küçə işıqlanması və talvarlar qurulub. İctimai binalar tikilib, sakinlərin istirahəti üçün kiçik meydançalar və fəvvarələr salınıb. Bəzi küçə və dalanlara avtomobillərin girişi məhdudlaşdırılıb və piyadaların sərbəst hərəkəti təmin olunub.

Qəsəbədə gözlə görünən dəyişiklərdən biri evlərin damörtüyü, qapı və pəncələri ilə bağlıdır. Layihənin icrası ilə bağlı 45 evin damörtüyü, qapı və pəncərələri  dəyişdirilib. Burada evlərin yenilənmiş qapıları xüsusilə diqqət çəkir. Qədim üslubda hazırlanan qapılar və eyvanlar evlərə gözəllik bəxş edir, bir anlıq sanki nağıllar aləminə düşürsən.

Həmçinin qəsəbənin mərkəzində geniş park salınıb. Parkda sakinlərin istirahəti üçün oturacaqlar qoyulub. Balacaların vaxtlarını daha əyləncəli keçirmələri üçün oyun evləri quraşdırılıb, divarlara müxtəlif nağıl qəhrəmanlarının şəkilləri həkk olunub.

Qəsəbə küçələrinin yeni görkəmə qovuşmasına ən çox sevinən uşaqlardır. Daha rahat, gözəl, işıqlı və təmiz küçələrdə qaçmaq, oynamaq onların ürəyincədir. Qəsəbədə fotoçəkiliş aparmağa gəldiyimizi görüncə “Əmi, bizi də çək. Ana, bizdən yazmağa gəliblər” deyə qışqırışırlar. Həmin anda “Şərikli çörək” filmini xatırlayır, özümü bir anlıq filmdə fokus göstərən personaj kimi hiss edirəm...

***

Uşaqlarla sağollaşıb yolumuza davam edirik. Qəsəbənin küçələrində təmir işləri yekunlaşmaq üzrədir. Ustalardan biri söyləyir ki, qəsəbədə köhnə su xətləri yenilənib, yeni elektrik xətti, qaz xətti, rabitə xətti çəkilib. Həmçinin iki şəhid ailəsinin müraciəti əsasında onların fərdi yaşayış evlərinin dam örtüyü dəyişdirilib. Suvaq və rəngləmə işləri görülərək qəsəbədaxili küçələrdə divarlar səliqəyə salınıb. 1500 kvadratmetr sahə əhəngdaşı ilə üzlənib. 3000 kvadratmetr sahəyə daş döşənib.

Müsahibim vurğulayır ki, abadlıq işləri qəsəbənin tarixi irsinə xələl gətirilmədən aparılır. Digər tərəfdən, görülən bütün işlər stilistik cəhətdən Bakı kəndlərinin tarixən formalaşmış görkəminə əsasən reallaşdırılır.

Məlumdur ki, son illər turizm sənayesinin inkişafına dövlət səviyyəsində böyük diqqət göstərilir, bu sahədə mühüm infrastruktur layihələri həyata keçirilir. Qədim yaşayış məskənlərimizin, tarix və mədəniyyət abidələrinin, yeni müasir komplekslərin inşası bu baxımdan böyük əhəmiyyət kəsb edir. Aparılan abadlıq işlərindən sonra, sözsüz ki, Bibiheybət də yerli və xarici turistlərin diqqətini cəlb edəcək.

Qəsəbə sakinləri ilə söhbətimizdə onların bu quruculuq işlərini necə razılıqla qarşıladıqlarına şahid olduq. İnsanlar bu layihənin həyata keçirilməsinə görə ölkə başçısına təşəkkürlərini bildirdilər. Qəsəbənin yeni görkəm almasına sevinənlərin əksəriyyəti gənclər idi. Gənclər üçün bu sevinc təkcə Bibiheybətin xarici görkəminin gözəlləşməsi ilə bitmir. Onlar doğma qəsəbələrinin turistik məkana çevrilməsini xoş hadisə hesab edir. Bu həm də sakinlər üçün yeni iş yerlərinin yaranması, güzəranlarının yaxşılaşması deməkdir.

***

Bibiheybət dünyanın ən qədim neft istehsalı mərkəzlərindən biridir. Qəsəbədə aparılan yenidənqurma işləri zamanı Bibiheybətin qədim neft mərkəzi olmasının simvolu kimi neft buruğunun, dünyada neftdaşıyan ilk Azərbaycan tankeri olan “Zoroastr”ın, burada ilk elektrik stansiyasının, qədimdə neft daşımaq üçün istifadə olunan dəvələrin, neft fontanının maketləri də hazırlanıb...

Etiraf edək ki, Bibiheybəti gəzməkdən yorulmadıq. Çünki qədimliklə müasirliyin vəhdəti yaradılan bu qəsəbə gəzib görməyə dəyən bir ünvandır. O, çox uzaqda deyil. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir kərə görmək yaxşıdır...

Nurəddin MƏMMƏDLİ
Foto: Həbib HÜSEYNOV