Rusiya və Azərbaycan arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq çərçivəsində Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Rusiyanın Federal Musiqi və Festival Proqramları Müdirliyi –“Roskonsert” arasında əməkdaşlıq müqaviləsi bağlanıb.

2021-2023-cü illərdə mübadilə şəklində konsertlərin və mədəni tədbirlərin keçirilməsi, humanitar və təhsil layihələrinin təşkilinə dair müqavilə fevralın 9-da “Roskonsert”in baş direktoru Andrey Malışev və Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov  tərəfindən imzalanıb.

Birgə əməkdaşlıqla bağlı xəbər Rusiyanın informasiya agentlikləri, eləcə də “Roskonsert”in sosial platforma hesablarında paylaşılaraq BMM-nin fəaliyyəti və ölkəmizin muğam sənəti haqqında məlumatlar verilib.

Bildirilib ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında uzun illərdən bəri mövcud olan dostluq münasibətləri, bütün sahələrdə olduğu kimi, mədəni sahədə də inkişaf edib . Beynəlxalq Muğam Mərkəzi və “Roskonsert” arasında imzalanan müqavilə mədəni əlaqələrin inkişaf etdirilməsinə, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə, ortaq informasiya və qarşılıqlı mədəni layihələrə mühüm töhfə olacaq.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bir sıra ölkələrin müvafiq qurumları, mədəniyyət və incəsənət təşkilatları ilə beynəlxalq əlaqələri fəal şəkildə genişləndirir. Hazırda dünyanın nüfuzlu musiqi təşkilatları sırasında BMM-nin də öz yeri var. Bu təşkilatlar tərəfindən BMM-nin fəaliyyəti təqdir edilir. 2021-ci ilin yanvar ayında Beynəlxalq Muğam Mərkəzi və Frederik Şopen adına Polşa Baltika Filarmoniyası arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.