Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən vətənpərvərlik mövzusunda tədbirlər həyata keçirilmişi davam edir. Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvləri idarə əməkdaşları tərəfindən mütəmadi ziyarət olunur.

2021-ci ilin yanvar ayından başlayaraq şəhidlərin xatirəsinin yaşadılması, onların göstərdikləri qəhrəmanlıq və şücaətin təbliğ olunması, şəhidlərin ömür yolu haqqında ictimaiyyətin məlumatlanması məqsədilə onların ailə üzvləri ilə görüşlər keçirilib, müsahibələr götürülüb.

Sabirabad rayonundan şəhidlər İsmayılov Sabir Ədalət oğlu, Bahadurov Anar Süleyman oğlu, habelə Qaratəpə kəndindən şəhid Məmmədzadə Toğrul Pərviz oğlu, Ətcələr kəndindən şəhid Tağıyev Fuad Mərdan oğlu, Surra kəndindən şəhidlər Əsgərov Firavan Xanbala oğlu, Mayılov Bəxtiyar İxtiyar oğlu, Nərimankənddən şəhid Cəfərov Mətləb Məhəmməd oğlu, Məmişlər kəndindən şəhid Hüseynov Fərid Yaşar oğlu, Əhmədabad kəndindən şəhid Muradov Elxan Murad oğlu, Zəngənə kəndindən şəhid Nağıyev Fərid Poladxan oğlu haqqında qısametrajlı filmlər hazırlanaraq internet resursları üzərindən sosial şəbəkələrdə paylaşılıb.

Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən A.İsgəndərov adına Xalq teatrı tərəfindən şəhidlərimizin ömür yolundan, döyüş şücaətlərindən, göstərdikləri qəhrəmanlıqdan bəhs edən tamaşanın hazırlıq işlərinə başlanılıb.

Mərkəzin tabeliyindəki mədəniyyət müəssisələrində şəhidlərlə bağlı “Torpağı Vətən edənlər” adlı guşələr, fotostendlər yaradılacaq. Bu istiqamətdə işlər davam etdirilir.