Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş fransız jurnalist Sebastyan Bussuanın “Journal General de l'Europe” portalında növbəti məqaləsi dərc edilib.

Məqalədə Ermənistanın 30 ilə yaxın davam edən işğalçılığına son qoyan müharibədən sonra regionda sülhün bərqərar olmasından, azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində görülən işlərdən bəhs olunur. Bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən doğma yurdlarından didərgin salınmış 800 min azərbaycanlı məcburi köçkün səbirsizliklə qayıdış gününü gözləyir.

Jurnalist Qarabağda müharibədən əvvəlki vəziyyətin bərpa ediləcəyini, yeni  infrastrukturun qurulacağını, yaşayış binalarının tikiləcəyini, bu ərazilərin turizm məkanı olacağını, lakin bütün bunların zaman tələb etdiyini bildirir. “Qarabağ hər şeydən əvvəl təbii cənnətdir və qorunub saxlanılmalıdır. Niyə o, böyük təbiət qoruğu, sülhün rəmzi olmasın?”, – deyə müəllif qeyd edir.

Məqalədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin açılmasının əhəmiyyətinə də toxunulur. Bildirilir ki, həmin dəhlizdən bu gün böyük ehtiyac içində olan Ermənistan da bəhrələnə bilər. Məğlubiyyətə uğrayan, yoxsulluğa qərq olan Ermənistan üçün də bu dəhliz vacibdir. Uzun müddət münaqişə şəraitində olan iki ölkənin barışığı iqtisadi əməkdaşlıqdan da asılıdır.

Jurnalist yazır ki, Ermənistan Qarabağda iqtisadi cəhətdən heç nə etməyib, heç bir sərmayə yatırmayıb, yalnız hər şeyi dağıdıb və məhv edib. Ermənistan Azərbaycanla barışıqdan faydalana bilər. Azərbaycan bütün regionu canlandıra bilər. Azərbaycan bölgəni mühüm turizm, iqtisadi və mədəni cəlbedicilik qütbünə çevirmək gücünə malikdir.