Türkiyədə yaşayan sənətçi soydaşımız – dirijor, bəstəkar və pianoçu, Azərbaycanın Əməkdar artisti Turan Manafzadə qardaş ölkənin beynəlxalq e-ticarət platforması olan “WORLDEF” şirkəti tərəfindən “mədəniyyət elçisi” adına layiq görülüb.

Turan Manafzadənin Azərbaycan-Türkiyə qardaşlığının dəstəklənməsi və iki ölkə mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətləri bu adla qiymətləndirilib.

Bununla bağlı “WORLDEF” tərəfindən T.Manafzadəyə ünvanlanan təbrikdə musiqiçinin karyerası və həyat tərzinin cəmiyyət üçün nümunə olduğu, Azərbaycan və Türkiyə mədəniyyətləri arasında körpü rolu oynadığı qeyd edilir.

Tanınmış pianoçu, Əməkdar artist İslam Manafovun ailəsində doğulan Turan Manafzadə ilk musiqi təhsilini Xırdalan şəhərində alıb. Ailələri Türkiyəyə köçdükdən sonra qardaşı – pianoçu və bəstəkar Abuzər Manafzadə ilə Memar Sinan İncəsənət (Gözəl Sənətlər) Universitetinin Dövlət Konservatoriyasını bitirib. Dirijor kimi müxtəlif ölkələrdə orkestrlərlə konsertlər verib.