Azad olunmuş ərazilərin bərpası qonşu ölkələr üçün də əlverişli infrastruktur təmin edəcək

Yenə də azad edilmiş torpaqlardayıq. Torpaqların bərpası prosesi artıq başlamışdır. Bütün şəhərlərimizin baş planları hazırlanır. Təqdim olunacaq, müzakirə ediləcək. Ondan sonra bərpa işlərinə start veriləcək. Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağılmış Ağalı kəndidir. Bərpa ediləcək birinci kənd məhz bu kənddir.

Prezident İlham Əliyev bu sözləri fevralın 14-də, Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə növbəti səfəri zamanı deyib.

Dövlət başçısı, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva həmin gün Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

Səfər zamanı Prezident İlham Əliyev əvvəlcə Horadiz (Füzuli rayonu) – Ağbənd (Zəngilan rayonu) dəmir yolu xəttinin təməlqoyma mərasimində iştirak edib. Sözügedən dəmir yolu infrastrukturu 1993-cü ildə bu ərazilər işğal ediləndən sonra ermənilər tərəfindən tamamilə dağıdılaraq talan edilib.

Yenidən salınacaq ümumi uzunluğu 100 kilometr olan dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu nəqliyyat infrastrukturu eyni zamanda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan rayonunun Üçüncü Ağalı kəndində olublar.

 

“Ağıllı kənd” Ağalı kəndindən başlayacaq

 

Dövlət başçısına Üçüncü Ağalı kəndində icra olunacaq “ağıllı kənd” layihəsi barədə məlumat verilib. Bildirilib ki, kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Bu ərazilərin bərpası prosesində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması da nəzərdə tutulur. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı alternativ enerji mənbələrindən əldə olunacaq.

Daha sonra dövlət başçısı, birinci xanım və qızları Leyla Əliyeva Laçın rayonuna yola düşüblər.

Yol boyunca Qubadlı rayonunun işğaldan azad edilən kəndləri barədə danışan Prezident İlham Əliyev deyib:

– Bura Qubadlı rayonunun Xəndək kəndidir. Burada da şiddətli döyüşlər gedib. Ordumuz düşməni buradan qovaraq, məhv edərək bu əraziləri də azad etmişdir. Düşmən burada da qanunsuz olaraq məskunlaşmışdı. Baxın, görün, onların yaşadıqları evlər it damından artıq deyil. Mən deyəndə ki, o vaxt işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayırlar, bax, bunu nəzərdə tuturdum. Belə bərbad yollardan istifadə edirdilər. Bu işıq dirəklərini biz torpaqları azad edəndən sonra quraşdırdıq.

Qubadlı rayonunun Muradxanlı kəndi, ermənilər burada yaşayıblar, buranı da dağıdıblar. Artıq bərpa işləri gedir. Bu da Həkəri kəndidir. Dağıdılmış bu evlər erməni faşizminin törətdiyi əməllərdir. Bütün dünya görsün bunları.

Bala Soltanlı kəndi. Burada evlərin böyük hissəsi dağıdılıb, amma bəzi evlərdə düşmən qanunsuz məskunlaşma aparmışdı. Bu da hərbi cinayət sayılır. Bütün bu cinayətlərə görə düşmən artıq öz payını alıb, cavabını verib, beynəlxalq müstəvidə də cavabını verəcəkdir. Bizim şanlı ordumuz, bax, bu yolla Laçın rayonuna keçmişdir və Laçın rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. O cümlədən Güləbird kəndi də Ordumuz tərəfindən işğalçılardan azad edilmişdir. Bura Laçın rayonunun cənub hissəsidir. Ordumuz işğalçılardan azad etmişdir. Şimal hissəsi isə Ermənistanın kapitulyasiyasından sonra bizə qaytarıldı.

Qubadlı rayonunun Yusifbəyli kəndi. Bu kənd də düşmən tərəfindən tamamilə dağıdılıb.

İndi isə Mərdanlı kəndinə daxil oluruq. Günəş də çıxır, yolumuzu işıqlandırır. Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik. Baxın, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi nə günə salıb. Hamısını bərpa edəcəyik.

Bura artıq Laçın rayonunun ərazisidir. Bu, Həkəri çayıdır. Çayımızı da düşmən istismar etmişdir, təbiətimizi də istismar etmişdir. Biz buna son qoyduq, düşməni rədd etdik.

Artıq Güləbird kəndindəyik. Güləbird kəndini də düşmən dağıdıb, talan edib. Güləbird kəndinə gəlməyimizin səbəbi qısa müddət ərzində inşa edilmiş su elektrik stansiyasının açılışıdır və bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq.

Prezident Güləbird kəndində Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

“Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin. Bərpa işləri arasında elektrik enerjisi təchizatı, əlbəttə ki, xüsusi yer tutur. Bu məqsədlə müharibədən dərhal sonra ilk günlərdən biz bu işlərlə məşğul olmağa başlamışıq. İlk növbədə, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilmişdir və birinci mərhələ başa çatıb. “Azərişıq” artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafını təmin etmək üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksəkgərginlikli xətləri çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir.

Bu gün isə Laçın rayonunun cənub hissəsindəyik, Güləbird kəndinin ərazisində. Bu gün Güləbird kəndində Su Elektrik Stansiyasının açılışıdır. Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş – ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismara verilir. Bu Su Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən – Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik”, – deyə İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir və vaxtilə burada bir çox stansiyalar olub. Mənfur düşmən də işğal dövründə bu stansiyalardan istifadə edib. Ancaq Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində – dekabrın 1-nə qədər, demək olar ki, bütün bu su elektrik stansiyaların avadanlığını buradan çıxarıb, stansiyaların binalarını da dağıdıb: “Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır”.

Prezident diqqətə çatdırıb ki, Araz çayı üzərində İranla birgə inşa olunan “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından da Azərbaycan tərəfinə düşən generasiya gücü 120 meqavat olacaq. Beləliklə, bir neçə ildən sonra bu bölgədə ümumilikdə 240 meqavat generasiya əldə olunacaq, üstəlik su elektrik stansiyalarında enerjinin maya dəyəri çox aşağıdır.

 

Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik

 

“Bununla paralel olaraq, artıq göstəriş vermişəm ki, bizim azad edilmiş bütün digər torpaqlarda bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsi prosesinə start verilsin. Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir.

Mən bəyan etmişdim ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik. Xarici və yerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını təmin edə bilərlər və həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək üçün öz sözlərini deyə bilərlər.

Bizim planlarımız bundan ibarətdir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin çox böyük potensialı var. Zəngilan, Cəbrayıl rayonlarında daha çox Günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik”, – deyə dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, minalardan təmizləmə işlərinin qısa müddət ərzində başa çatdırılması əsas vəzifədir. Həmçinin dəymiş ziyanın qiymətləndirilməsi aparılır və bununla paralel olaraq, artıq infrastruktur layihələrinə start verilib: “Horadizdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyuldu. Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək”.

 

Bölgədə sabitlik və müharibə risklərinin sıfıra endirilməsi

 

İlham Əliyev vurğulayıb ki, Vətən müharibəsində qazanılan zəfərin tarixi əhəmiyyəti həm də bundadır. Biz doğma torpaqlarımızı işğalçılardan azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Eyni zamanda, ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün əməli addımlar ataraq önəmli sənədləri imzaladıq: “Noyabrın 10-da imzalanmış Birgə Bəyanat, əlbəttə ki, Laçın, Kəlbəcər və Ağdam rayonunun qaytarılmasını təmin etdi, bir güllə atmadan biz bu torpaqlara qayıtdıq. Eyni zamanda, Azərbaycanın onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşməsi də məhz o Bəyanatda təsbit olunur. Həmçinin bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır. Biz üç il yarım bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunu istismara verdik. Bu da tarixi nailiyyət idi. Tarixdə ilk dəfə biz Azərbaycanı və Türkiyəni dəmir yolu ilə birləşdirdik. İndi isə ikinci dəmir yolu çəkiləcək və eyni zamanda, bu yoldan bütün bölgə ölkələri istifadə edə bilərlər.

Biz təklif etmişdik ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər.

Onu da bildirməliyəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlamışdır. Görün, biz nə qədər böyük uzaqgörənlik göstərmişdik, böyük iradə göstərmişdik. Eyni zamanda, maliyyə resurslarını səfərbər etmişdik və bu dəmir yolları bağlantılarını biz təmin edirik. Bu, ölkəmiz üçün lazımdır. Çünki bu, ölkəmizin geosiyasi əhəmiyyətini artırır, iqtisadi gücünü artırır. Çünki biz etibarlı tranzit ölkəsi kimi bundan böyük maliyyə gəliri əldə edəcəyik, eyni zamanda, bölgədə sabitliyin və sülhün təmin edilməsi üçün də bunun çox böyük əhəmiyyəti var”.

Prezident eyni zamanda Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edib: “Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”.

***

Həkəri çayı üzərində yerləşən “Güləbird” Su Elektrik Stansiyasının açılışından sonra dövlət başçısı, birinci xanım və qızları Leyla Əliyeva Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə gəliblər.

Erməni qəsbkarlar işğal altında saxladıqları dövrdə digər ərazilərdə olduğu kimi, Bəsitçay qoruğunda da ekoloji terror törədiblər. Qoruğun meşəlik ərazisinin, demək olar ki, yarısı məhv edilib. Burada illərlə formalaşmış təbii ekosistemə ciddi zərbə vurulub.

Prezident, birinci xanım və qızları Leyla Əliyeva Bəsitçay qoruğunda çinar ağacları əkiblər. Bəsitçaya balıq buraxılıb.

“Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkdik. Bəsitçay qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Bu, erməni vandalizminin növbəti əlamətidir. Bu gün Bəsitçay təbiət qoruğunun bərpasına start verildi.

Biz bu qoruğu bərpa edəcəyik. Əlbəttə ki, burada kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi. Ancaq hər halda öz borcumuzu yerinə yetirdik”, – deyə İlham Əliyev bildirib.

Sonra dövlət başçısı, birinci xanım və qızları Leyla Əliyeva Cəbrayıl rayonunun Soltanlı kəndinə gəliblər. Prezidentə işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər barədə məlumat verilib. Bildirilib ki, artıq 7 min hektarda əkin işləri aparılıb, ümumilikdə isə builki mövsümdə təqribən 20-25 min hektarda əkin işləri aparılacaq.