Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə dövrün və əslində bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb.
“Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir. “Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.
Otlara yaraşır başını əymək,
İnsanın başıysa ucada gərək.
(“İsgəndərnamə” – “Şərəfnamə”)
Belə misal çəkmiş aqil bir insan:
“Qurd girməz sürüyə, yatmasa çoban”.
(“İsgəndərnamə” – “İqbalnamə”)
Poladdan dağ olsa yenə də, inan,
Onu parça-parça dağıdar insan.
(“Xosrov və Şirin”)
Xudpəsənd olmayan təmiz bir insan,
Qorxmaz nə yaxşıdan, nə də yamandan.
(“Leyli və Məcnun”)
Fələklərə yüksəldər hünər, cəsarət səni,
Hünərsiz alçalarsan, tapar rəzalət səni.
(“Sirlər xəzinəsi”)
Bir dostun da olsa eyibli əgər,
Yüzünün adına ləkə yetirər.
Ehtiyatsız bir quş düşərsə tora,
Başqa yüz quşu da sürüklər ora.
(“Yeddi gözəl”)