Ermənilər bu müharibədə uduzduqdan sonra indi də informasiya müharibəsinə başlayıblar. Onların hədəflərindən biri mənəm. Bununla belə, haqq sözü deməkdən çəkinməyəcəm. Hesab edirəm ki, mən Azərbaycan tarixinə bağlıyam, ona görə də bu işləri görməyi özümə borc bilirəm. Hazırda bütün işlərimi kənara qoyub yalnız Qarabağın işğaldan azad edilmiş ərazilərini kəndbəkənd çəkib tarixə köçürmək və daha sonra bunun əsasında sərgi, sənədli film etmək istəyirəm.
Dünya şöhrətli fotoqraf Rza Diqqəti bu sözləri fevralın 16-da Heydər Əliyev Mərkəzində media nümayəndələri ilə görüşdə deyib.
Fransada yaşayan soydaşımız 1992-ci ildə Xocalı soyqırımının dünyaya çatdırılmasında həm peşəkar, həm də insan olaraq fədakarlıq göstərib. “Təəssüf ki, dünyada Xocalı soyqırımı kimi faciələr çox olub və mən bunların bəzilərinə şahidlik etmişəm. Xocalıda qadınların qarnının kəsilməsi, uşaqların öldürülməsi, insanların diri-diri gözlərinin çıxarılması nağıl deyildi, bunu mənə faciənin şahidləri danışırdılar”, – deyə R.Diqqəti bildirib.
Xocalı soyqırımını dünyaya çatdırdığı üçün dəfələrlə ermənilərin təhdidi ilə üzləşdiyini deyən R.Diqqəti bu təzyiqlərin indi də davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda işlədiyi son 4 ay müddətində Fransada 3 layihəsi ləğv edilib.
O, Azərbaycanda şəhid uşaqlarına foto dərsləri keçmək niyyətində olduğunu da deyib: “Daha sonra bu uşaqların şəkillərindən ibarət sərgi keçirmək istəyirəm. Ümumiyyətlə, gələcəkdə Şuşada böyük bir fotosərgi keçirməyi düşünürəm. Prezidentin də dediyi kimi, Şuşa mədəniyyət paytaxtı elan edilib, buna görə də Şuşada nəhəng bir fotosərginin keçirilməsi yaxşı olardı”.
R.Diqqəti foto sənətinə gəlişi, özünün uşaqlıq dövrü barədə də danışıb. Bildirib ki, uşaqlıqdan gözəllik və yoxsulluq onu cəlb edib: “Bu iki şey məni həmişə cəlb etsə də, görürdüm ki, bunları sözlə deyə bilmərəm. Beləcə, foto çəkmək qərarına gəldim. 55 il əvvəl mən ilk fotolarımı çəkməyə başladım”.
Çəkdiyi fotolar ilə bəşəriyyətə xidmət göstərməyə çalışdığını vurğulayan R.Diqqəti deyib: “Dünyanın bir çox jurnallarında, o cümlədən “National Geographic” jurnalında çalışmışam. Fotolarımda hər zaman insanları göstərməyə və onların sözlərini dünyaya çatdırmağa cəhd eləmişəm”.
O, indiyədək 30-dan çox kitab-albomunun çap edildiyini, onların arasında Azərbaycana aid nəşrlərin də olduğunu diqqətə çatdırıb. Bildirib ki, 20 Yanvar, Xocalı soyqırımı, məcburi köçkünlərlə bağlı kitab-albomları Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən nəşr edilib.
Dünya şöhrətli fotoqraf Qarabağ müharibəsində istifadə etdiyi fotokamerasını satışa çıxaracağını, əldə edilən gəliri “YAŞAT” Fonduna köçürəcəyini də deyib.