Fevralın 21-də Parisdə, UNESCO-nun qərargahında Beynəlxalq Ana Dili Günü qeyd olunacaq.

COVİD-19 pandemiyası səbəbindən bu il 22-ci Beynəlxalq Ana Dili Günü tədbiri virtual formatda hazırlanıb. Builki Ana Dili Günü “Təhsil və cəmiyyətə inklüzivlik üçün çoxdilliliyi təşviq etmək” mövzusu ətrafında reallaşacaq.

UNESCO-nun qərargahından müxtəlif ölkələrin, eləcə də Azərbaycanın daimi nümayəndəliyi tərəfindən hazırlanmış videotəqdimat yayımlanacaq.

Əlamətdar günün qeyd olunması sülh dialoqunun və sosial inteqrasiyanın təşviqinə kömək edəcək.

Artıq 22 ildir ki, UNESCO bütün üzv dövlətləri və tərəfdaşları dayanıqlı inkişafın və möhkəm sülhün hərəkətverici qüvvəsi olan dil müxtəlifliyini və çoxdilliliyi bayram olaraq qeyd etməyə çağırır.

Xatırladaq ki, ana dilinin müdafiəsinə qalxmış banqladeşli tələbələrin xatirəsinə ehtiram olaraq Banqladeş hökuməti 21 fevralın Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsi təşəbbüsü ilə 1999-cu ildə UNESCO-ya müraciət edib. Təşəbbüs UNESCO Baş Konfransı tərəfindən qəbul olunub və milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə bu gün təsis edilib.  2000-ci ildən Beynəlxalq Ana Dili Günü dünya miqyasında qeyd edilir.