Fevralın 17-də sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagird və dərnək üzvləri arasında “Bir sevinək, bir gülək” onlayn Respublika uşaq yaradıcılıq müsabiqə-festivalına start verilib.

Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqə-festival martın 17-dək davam edəcək. Müsabiqənin məqsədi uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, istedad və bacarıqlarını üzə çıxarmaq, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına şərait yaratmaq, Novruz adət-ənənələrini, milli-mənəvi dəyərləri təbliğ etməkdir.

Müsabiqə onlayn formatda 3 yaş qrupu (6-9, 10-13, 14-17) və 3 nominasiya (bədii qiraət, təsviri-tətbiqi sənət və vokal ifaçılığı) üzrə keçirilir.

Bədii qiraət üzrə hər iştirakçı müsabiqəyə yalnız bir şeirin oxusunu (müddəti 3-5 dəqiqə, videogörüntü telefon, planşet və ya kamera ilə çəkilə bilər) təqdim edə bilər. Təsviri-tətbiqi sənət üzrə işlərin işlənmə texnikası sərbəstdir. Novruz adət-ənənələrini əks etdirən rəsm və dekorativ-tətbiqi sənət nümunələrində orijinal yanaşma əksini tapmalıdır. Tətbiqi sənətin müxtəlif sahələri, o cümlədən keramika, xalçaçılıq, metal üzrə iş, ağac üzərində oyma, bədii toxuma və tikmə, qurama və s. işlər təqdim oluna bilər.

Vokal ifaçılığı üzrə xalq və bəstəkar mahnılarının ifasının (3-4 dəqiqə), habelə saz, tütək, balaban və s. alətlərdə ifanın videoyazısı təqdim edilə bilər.

İşlər göndərilərkən iştirakçı və oxuduğu, məşğul olduğu təhsil müəssisəsi haqqında məlumatlar qeyd olunmalıdır. Bədii qiraət üzrə işlər (martın 11-dək) ugim-1@mk.edu.az, təsviri-tətbiqi sənət üzrə işlər incesenet.art@list.ru, vokal ifacılığı üzrə işlər biz.birinci@gmail.com elektron poçt ünvanlarına göndərilməlidir.