Haaqa şəhərində fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Youtube” kanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr edilmiş proqram yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, onlayn proqramı aparan Niderland Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin sədri İlhan Aşkının qonağı Almaniyada yaşayan yazıçı, publisist, tərcüməçı Orxan Aras olub.

Nizami Gəncəvinin qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaratması barədə ətraflı məlumat verən Orxan Aras bildirib ki, şairin “Xəmsə”si dünya ədəbiyyatına ciddi təsir edib, böyük ədəbi məktəbin bünövrəsini qoyub. Bunu Məhəmməd Füzuli, Cəlaləddin Rumi, Əlişir Nəvai, Sədi Şirazi və digər klassik şair və mütəfəkkirlərin əsərlərindən hiss etmək olur. Onun üslubunun, parlaq xitabətinin Avropanın Dante, Şekspir, Höte və Şiller kimi dahi şairlərin üslubu ilə müqayisə olunduğu vurğulanıb.

Tədbir zamanı Nizaminin Şərq və dünya ədəbiyyatında yeri, poemalarının bədii məziyyətləri, humanist ideyaları barədə danışılıb. Şairin əsərlərinin bir çox müasir Avropa şərqşünaslarının da yaradıcılıq fəaliyyətinə müsbət təsirindən söhbət açılıb.