BMT-nin Baş katibi Antoniu Quterreş COVİD-19-a qarşı vaksinin dövlətlər arasında daha ədalətli paylanması üçün çağırış edib. Baş katib bildirib ki, hazırda vaksinin 75 faizi on dövlətin əlində cəmləşib, 130 ölkə isə hələ bircə doza belə vaksin ala bilməyib.

O, ölkələri təcili olaraq koronavirus əleyhinə qlobal vaksinasiya planı hazırlamağa çağırıb. Bildirib ki, bu planın hazırlanması ilə “Böyük iyirmilik” (G20) dövlətləri tərəfindən təşkil edilən işçi qrupu məşğul ola bilər.

Vaksinasiya işində irəliləyişin bərabər və ədalətli olmadığını, xüsusilə silahlı münaqişələrdən əziyyət çəkən insanların vaksinasiyadan tam kənarda qaldığını bildirən Antoniu Quterriş deyib: “Güman edirəm ki, G20 ölkələri qlobal vaksinasiya planının hazırlanması, onun icrası və maliyyələşməsi üçün təcili işçi qrupunun yaradılması imkanlarına malikdir”.

Baş katibin sözlərinə görə, işçi qrupu əczaçılıq şirkətlərini və müvafiq sahədə fəaliyyət göstərən əsas təşkilatları bu işə cəlb edə bilər. “Mən həmin cəhdləri dəstəkləmək üçün BMT-nin bütün sistemini səfərbər edə bilərəm. Bu həftə keçiriləcək G7 sammiti lazımi maliyyə resurslarını cəlb etmək üçün impuls ola bilər”, - deyə o əlavə edib.

CAVİD