Şəhid gizir Xudayar Yusifzadənin təhsil aldığı incəsənət məktəbində büstü qoyulub

İkinci Qarabağ müharibəsində "Vətən yaxşıdır" təsnifinin özünəməxsus ifası ilə dillərdə dastana dönən şəhid gizir Xudayar Yusifzadənin xatirəsi vaxtilə təhsil aldığı Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbində əbədiləşdirilib. Məktəbin foyesində "Azərbaycan Bayrağı" ordenli şəhidin büstü qoyulub.

Büstün açılış mərasimində Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, məktəbin kollektivi, şəhidin ailə üzvləri, müəllimləri və döyüş yoldaşları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bir qrup professor-müəllim heyəti iştirak edib.

Əvvəlcə şəhid Xudayar Yusifzadənin büstünün və İkinci Qarabağ müharibəsində şəhid olan bərdəli gənclərin xatirəsinə ehtiram əlaməti olaraq hazırlanmış guşənin önünə əklil və çiçəklər düzülüb.

Mərasimdə çıxış edən regional idarənin rəisi İlyas Hacıyev dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, hər bir azərbaycanlı şəhidlərin adını daim uca tutmalı, onların ailə üzvlərinə, doğmalarına hörmətlə yanaşmalıdır. Bu, hər bir insanın vətəndaşlıq borcudur. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğulları heç bir zaman unudulmayacaq, onların xatirəsi daim əziz tutulacaq.

ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova bildirib ki, müharibələr itkisiz olmur və azadlıq qurbanlar tələb edir. Elə buna görə də Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı üçün canlarından keçdilər. Məhz onların canları, qanları hesabına Azərbaycanın əzəli torpaqları işğaldan azad edildi.

Şəhidin ailə üzvləri Vətən yolunda canlarını qurban vermiş qəhrəman oğulların xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mərasimdə şəhid Xudayar Yusifzadənin səngər yoldaşları çıxış edərək onun keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən danışıblar.

Tədbirin sonunda Azərbaycanın Əməkdar artisti Elnur Zeynalov “Xudayar” təsnifini, məktəbin müəllimləri Fuad Əzizzadə və Yasin Əkbərov “Qarabağ şikəstəsi"ni ifa ediblər.

Qeyd edək ki, şəhid gizir Xudayar Yusifzadə 1998-ci ildə Bərdə rayonunda anadan olub. 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Döyüşlərdəki şücaəti ilə seçilən Xudayar həm də gülər üzü, Vətən sevgisi və xoş avazı ilə qəlblərə yol tapıb.