Banqladeşin Fransadakı Səfirliyinin təşəbbüsü və UNESCO Katibliyinin birgə təşkilatçılığı ilə qurumun baş qərargahında 21 fevral – Beynəlxalq Ana Dili Günü qeyd ediləcək.

COVİD-19 pandemiyasına görə virtual formatda keçiriləcək tədbir zamanı Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən Azərbaycan dilinə həsr edilmiş videotəqdimat olacaq.

Videotəqdimatda Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi barədə müvafiq sərəncamına uyğun olaraq XII əsrdə yaşayıb yaratmış Azərbaycanın dahi şairi haqqında məlumat, onun əsərlərindən Azərbaycan və ingilis dillərində parçalar yer alıb.

Daimi nümayəndəliyin əməkdaşı Nigar Qurbanova Azərbaycan dili, onun tarixi və inkişafı haqqında ətraflı məlumat verəcək.

Təqdimatda Azərbaycan rəqsi də təqdim olunacaq.

Beynəlxalq Ana Dili Günü münasibətilə UNESCO yanındakı daimi nümayəndəliklərin videoformatda hazırladıqları təqdimatlar qurumun internet portalında yayımlanacaq.

Daimi nümayəndəliyimizin hazırladığı videotəqdimat fevralın 21-də Bakı vaxtı ilə saat 18:00-də (Paris vaxtı ilə saat 15:00-də) UNESCO-nun portalından yayımlanacaq:

https://www.eventsbangladeshinparis.fr/

Qeyd edək ki, UNESCO-da builki Beynəlxalq Ana Dili Günü tədbirində 28 ölkə iştirak edəcək.