Artıq 20 ildən çoxdur 21 fevral tarixi Beynəlxalq Ana Dili Günü kimi dünyada qeyd olunur. Əlamətdar gün 1999-cu ildə UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib. Milli dilin qorunması və inkişafı cəmiyyət həyatının müxtəlif sahələrinin bu məsələyə həssas münasibətindən asılıdır.
Müasir Azərbaycan dilinin inkişafında publisistik üslubun rolu böyükdür. Bu üslub funksional üslubların digər növlərindən öz səciyyəvi cəhətlərinə görə fərqlənir. Bu gün Azərbaycan ədəbi dilinin inkişafında, təkmilləşməsində bədii üslubdan sonra əsas ağırlıq publisistik üslubun üzərinə düşür. Publisistik üslub daha çevik, mobil, intensiv olmaqla yanaşı, eyni zamanda dildə gedən proseslərə müəyyən mənada təkan da verə bilir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra dilçilik sahəsində də müəyyən inkişaf özünü göstərir. Bu işdə kütləvi informasiya vasitələrinin, habelə günün tələbinə çevrilmiş elektron medianın, internet resurslarının rolu xüsusi əhəmiyyət kəsb edir. Buna baxmayaraq mətbuat dilində hazırda xeyli qüsurlar diqqəti cəlb edir.
“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli fərmanında qeyd edildiyi kimi, “dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir”.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu il yanvar ayının 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu məsələyə bir daha toxunmuş və ana dilinin saflığının qorunmasının zəruriliyini vurğulamışdı: “Müxtəlif tədbirlər görülür, proqramlar var, ancaq gündəlik həyat onu göstərir ki, biz bəzi hallarda dilimizin saflığının pozulmasını görürük. Mən bunu mətbuat orqanlarından, televiziya məkanından görürəm və əlbəttə ki, bunun qarşısı alınmalıdır. Biz əsrlər boyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq.”
Mətbuat dili üzərində apardığımız monitorinq göstərir ki, qeyd olunan bu hallar özünü daha çox müəllif yazılarında, idmanla bağlı xəbərlərdə və xarici KİV-dən tərcümə edilən mətnlərdə göstərir. Təsəvvür tamlığı naminə mətbuat dilindən seçdiyimiz və leksik norma pozuntusuna rast gəldiyimiz bəzi məqamlara diqqət yetirmək istəyirik. Məsələn, “Məhkəmə tərəfindən anasına verilən uşağı qaçırmaq istəyən ata gülləboran edildi”, “Ermənilərin gülləboran etdiyi “Kamaz” ərazidən çıxarılır", Bu cümlələrdə leksik norma pozuntusu özünü “gülləboran” sözündə göstərir. Əslində, mətbuat dilində bu söz gah “gülləboran”, gah da “gülləbaran” şəklində işlənir. Yəqin ki, bu sözdə çaşqınlıq yaradan boran-baran paralelliyidir. Hər iki söz zahirən yaxın olsa da, daxilən fərqli çalar ifadə edirlər. Hər ikisi də təbiət hadisəsi ilə bağlıdır. Lakin göstərilən məqamda bu sözün düzgün forması “gülləbaran”dır. Baran fars dilində “yağış” deməkdir. “Gülləbaran” da azərbaycanca “güllə yağışı” mənasını ifadə edir. Boran isə küləkli, yağışlı, çovğunlu hava mənasında işlənir.
“Mövqelərimiz pulemyot və snayperlərdən atəşə tutulub”, “Azərbaycanın nümayiş etdirdiyi yeni silahlarından biri də "Vaşaq” snayperidir”. Bu nümunələrdə diqqəti çəkən əsas məsələ “snayper” sözü ilə bağlıdır. Mətbuat dilinin müşahidəsi göstərir ki, snayper sözündən bir çox hallarda düzgün istifadə edilmir. Cümlələrin məzmunundan da göründüyü kimi, bu söz əksər hallarda silah adı kimi, silahın bir növünü bildirən anlayış kimi işlənir. Əslində isə elə deyil, şəxs, əşya adam məzmununu ifadə edir. Belə ki, Avropa mənşəli bu söz əvvəllər ovçuluqla bağlı bir söz olub, yaranması “snayp” quşunun adı ilə bağlıdır. “Snayp” quşu çox sürətli, çevik və hərəkətli olduğu üçün onu ovlamaq çətin imiş və peşəkarlıq, dəqiqlik tələb edirmiş. Ona görə də həmin quşu ovlaya bilənlərə “snayper” adı verilmişdir. Dilin inkişafı ilə əlaqədar sonradan sözün mənasında semantik genişlənmə baş vermiş və hərb terminologiyasında işləklik hüququ qazanmışdır. “Snayper” sözünün tərkibindəki daşlaşmış formada olan –er elementi də suffiks keyfiyyətinə malik olub, bir növ, dilimizdəki isim düzəldən məhsuldar –çı,-çi,-çu,-çü şəkilçisi ilə qrammatik sinonimlik təşkil edir. Snayper silahın xüsusi növlərindən istifadə edərək zərgər dəqiqliyi ilə hədəfi vura bilən şəxsə deyilir.
Mətbuatda yazılışı ilə bağlı tez-tez səhvə yol verilən sözlərdən biri nikahdır. Məsələn, “Ən çox nigahı olan qadının adı Tereza Vauxdur”, “...şagirdlərə narkotik maddələrin və onların prekursorları, dini radikalizm və erkən nigah haqda profilaktiki söhbətlər aparıblar”. Burada nigah sözü düzgün işlədilməyib. Çünki dilimizdə həm nigah, həm də nikah sözü var. Nigah fars mənşəli söz olub, Azərbaycan dilində baxış, baxma, nəzər mənalarını ifadə edir. Nikah sözü isə ərəb sözü olub, kəbin, izdivac, evlənməni qanuni şəklə salınması mənalarındadır. Hərf fərqi orfoqrafik normanın pozulması ilə yanaşı, leksik normanın da pozulmasına səbəb olur.
“Hindistanın Karnataka ştatında üzə kislota turşusunun atılması, uşaq nikahlar və fiziki istismar kimi hallar həddindən artıq qabarıqdır” cümləsində isə nikah düzgün yazılsa da, onun təyinedicisi kimi işlənmiş söz yerində deyil. “Uşaq nikah” birinci növ təyini söz birləşməsi süni yaradılmış bir birləşmədir. Dil məntiqi bu birləşməni yaratmağa da imkan vermir. Görünür, mətn xarici mətbuatdan düzgün tərcümə edilməmişdir. Cümlənin ümumi semantikasından məlum olur ki, söhbət erkən yaşda qurulan nikahlardan gedir. Ona görə də bu cümlədə “uşaq nikahlar” birləşməsi yerinə “erkən nikahlar” yazılmalıdır.
Daha bir narahatlıq doğuran hal mənimsəmək işlənmə məqamı ilə bağlıdır. “Qabığı qəhvəyi rəngdə olan banan asan mənimsənilir, depressiya və yuxusuzluq zamanı kömək edir”. Bu cümlədə “mənimsənilir” sözü düzgün işlədilməyib. Qeyd edək ki, mövcud dil faktları, bədii mətnlərin linqvistik tədqiqi “mənimsəmək” sözünün quruluşu, tərkibi, etimologiyası, milli mənsubiyyəti haqqında dəqiq və elmi fikir söyləməyə imkan verir. Bu söz müasir Azərbaycan ədəbi dilində feil düzəldən -sa,-sə şəkilçisinin bir derivatı olan –imsə qeyri-məhsuldar şəkilçisinin “mən” şəxs əvəzliyinə əlavə edilməsi yolu ilə yaranıb. Milli sözdür. Bir neçə mənada işlənə bilir. Lakin verilmiş cümlədə bu söz nəzərdə tutulmuş mənanı qətiyyən ifadə edə bilmir. Sözün bu formada işlənməsi disfemizm (hər hansı bir əşyanın təbii adının nisbətən kobud, vulqar söz və ifadələrlə əvəz edilməsi – red.) təsiri bağışlayır. Ona görə də “mənimsənilmək” əvəzinə, “həzm olunmaq” işlədilsə, daha yaxşı olar.
Bəzən mətbuatda əkiz sözünün leksik normanın pozulması ilə müşayiət olunan ifadə formaları ilə qarşılaşırıq. Məsələn, “5 ay sonra o, dördəm əkizləri dünyaya gətirəcək. Əkizlərin üçü qız, biri oğlandır”. Bu cümlələrdə leksik norma pozuntusu ilə bərabər, fikir-üslub səhvi də var. “Dördəm əkizləri” birləşməsi qüsurludur. Dilimizdə ayrı-ayrılıqda “dördəm” və “əkiz” sözləri mövcuddur. Hətta işlənmə tezliyinə görə “əkiz” sözü daha intensivdir. Bu sözün etimologiyasında iki sayı dayanır. Bəzi türk dillərində söz ikiz formasında da işlənir. Danışıq dilində isə əkizlə yanaşı, ekiz sözünə də təsadüf edilir. Sözün tərkibində daşlaşmış formada olan –z ünsürü də çoxluq bildirən komponentlərdən biridir. Cümlənin leksik-semantik tutumundan belə məlum olur ki, doğulacaq uşaqların sayı səkkizdir. Lakin elə ikinci cümlədəcə bu fikir inkar olunur. İkinci cümlədəki “Əkizlərin üçü” birləşməsi də məntiqi cəhətdən yanlışdır. Əkizlərin üçü nə deməkdir? Yaxud əkizlərin üçü neçə nəfər deməkdir? Əkiz sözü iki uşağı ifadə edirsə, onda “üçü” deyəndə nə nəzərdə tutulur? Dilimizdə yeni doğulmuş iki körpəni ifadə etmək üçün əkiz, üç körpəni üçəm, dörd körpəni dördəm, beşini isə beşəm adlandırırlar.
Mətbuat dilində diqqət çəkən sözlərdən biri də “müdhiş” sözüdür. Bu söz ərəb mənşəli olub, dilimizdə “dəhşət”, “vahiməli”, “qorxulu”, “təəccüblü”, “dəhşətli” kimi mənalar ifadə edir. Lakin dilin inkişafı ilə əlaqədar bu sözün mənasında genişlənmə müşahidə olunur. Ümumiyyətlə, semantikanın daralması və genişlənməsi dilimiz üçün yad hadisə sayılmır və kifayət qədər belə məqam var. Məsələn, dilimizdəki “sərbəst”, “gümrah” sözləri buna bir nümunədir. Müşahidələr göstərir ki, canlı danışıq dilində və qismən də medianın dilində bu sözün semantikasında bir genişlənmə özünü göstərir. Dəqiq desək, söz yuxarıda qeyd olunan mənaların əksinə olaraq, tədricən dildə “gözəl”, “möhtəşəm” çalarlarını da ifadə edə bilir. Məsələn, qalib olmuş sirk ustası Üzeyir Novruzov jurnalistin “Necə duyğudu?” sualını cavablandırarkən deyir: “Təbii ki, müdhiş bir hissdir. İnsanların mənim yaradıcılığımla maraqlandığını, məni izlədiyini bilmək çox xoşdur”. Göründüyü kimi, burada “müdhiş” sözü “dəhşət”, “vahiməli” mənalarını vermir, əksinə, xoş ovqat yaradaraq möhtəşəmlik ifadə edir. Güman ki, bu da Türkiyə türkcəsinin təsiri ilə tədricən reallaşır və dil üçün qazanc, uğur saymaq olar.
İlkin ƏSGƏR
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi