Mart ayı ərzində Azərbaycan iki beynəlxalq turizm sərgisində təmsil olunacaq. Bu barədə qəzetimizə məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyevanın dediyinə görə, martın 10-dan 14-dək Berlin şəhərində “İTB-Berlin” beynəlxalq turizm sərgisi reallaşacaq. Sözügedən sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Xarici turizm sektorunun böyük məsləhətçisi Günay Fərədova, Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev təmsil edəcək. Sərgidə Azərbaycanın turizm potensialı 104 kv.metr stendlə təbliğ olunacaq. Moskvada keçiriləcək “İnturmarket” adlı digər beynəlxalq turizm sərgisi isə 13-16 mart tarixlərində baş tutacaq. Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva, Bakı Turizm İnformasiya Mərkəzinin direktor əvəzi Zakir Əliyev, mərkəzin əməkdaşı Balaş Maqsudov təmsil edəcək. “İnturmarket” sərgisində ölkəmizin turizm potensialının nümayiş olunması üçün 40 kv.metr stend icarəyə götürülüb.Hər iki sərgidə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri də iştirak edəcək. Qeyd edək ki, həmişə olduğu kimi, budəfəki sərgilərdə də Azərbaycanın turizm potensialı, görməli yerləri, tarixi abidələri, mehmanxana-turizm obyektləri xüsusi reklam-çap məhsulları vasitəsilə nümayiş olunacaq.

  Fəxriyyə ABDULLAYEVA