Azərbaycan Turizm İnstitutu müxtəlif ölkələrin eyniadlı ali təhsil ocaqları ilə əlaqələrini genişləndirmək və öz təhsil sistemində dünya ölkələrinin təcrübəsini tətbiq etmək məqsədilə beynəlxalq layihələrdə iştirakını intensivləşdirir. İnstitutun rektoru Cəfər Cəfərov, bu məqsədlə fevralın 28-dən martın 2-dək Avropa Komissiyasının TEMPUS ölkələrində keçirilən ali məktəblərin idarə olunmasına dair regional seminarda iştirak edib. C.Cəfərovun qəzetimizə verdiyi məlumata görə, Ukraynanın Kiyev şəhərində təşkil olunmuş iki günlük konfransda iştirakı Azərbaycanın TASİS Milli nümayəndəliyinin təşəbbüsü ilə gerçəkləşib.
Rektorun daha bir səfəri isə martn 3-dən 13-dək Almaniyaya gerçəkləşib. Səfər Almaniyanın Jade Tətbiqi Elmlər Universitetinin dəvəti ilə baş tutub. Azərbaycan Turizm İnstitutu və Jade Universiteti arasında ikitərəfli münasibətlərin inkişafına aid gündəliyi və Almaniyanın Akademik Mübadilə Xidmətində maliyyə məsələlərini müzakirə etmək üçün həyata keçirilən səfər çərçivəsində Cəfər Cəfərov Hannoverdə Aşağı Saksoniyanın Mədəniyyət Nazirliyində, Berlində Ətraf Mühit üzrə Federal Nazirlikdə keçirilən görüşlərdə, turizm təhsili üzrə beynəlxalq tədris planının hazırlanmasına həsr olunmuş seminarda və Berlində keçirilən «Berlin İTB» beynəlxalq turizm sərgisində iştirak edib.
Fəxriyyə Abdullayeva