Turizmin mühüm istiqamətlərindən olan atçılıq turizmi ölkəmizdə təşəkkül tapdıqca bu sahədə problemlər də aradan qalxır. Mədəniyyət və Turizm Nazirliyinin Şəki və Ağdamda Atçılıq Turizm Mərkəzinin filiallarının istifadəyə verilməsi, ötən il Şəki şəhərində çövkən milli oyunu üzrə “Prezident Kuboku” yarışının keçirilməsi bu istiqamətdə görülən işlərin bir hissəsidir. Məlumdur ki, Azərbaycan relyef baxımından atçılıq turizmi üçün münasib məkanlardan sayılır. Bu baxımdan da turizmin bu qolu respublikamızda getdikcə inkişaf etməkdədir.
   
   Bugünlərdə Bakı Dövlət Cıdır Meydanında bu sahədə daha bir yaddaqalan tədbirin - Azərbaycan Atçılıq Federasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə 1-ci Milli Atçılıq Festivalının keçirilməsi deyilənlərə bariz sübutdur.
   Festivalın açılışında çıxış edən Azərbaycan Atçılıq Federasiyasının sədri Elçin Quliyev bu sahədə görülən işlərdən danışdı. Rəşid Behbudov adına Mahnı Teatrının kollektivi öz musiqi nömrələri ilə festivala rəng qatdı.
   Festival çərçivəsində ümumi mükafat fondu 15 000 manat olan cıdır yarışları və çövkən üzrə ölkə çempionatı və konkur üzrə “Bahar kuboku” yarışları keçirildi.
   Qeyd edək ki, festival çərçivəsində keçirilən çövkən oyunlarında Mədəniyyət və Turizm Nazirliyinin Şəki və Ağdamın Atçılıq Turizm Mərkəzlərinin komandaları da iştirak edirdi. Şəki Atçılıq Turizm Mərkəzinin komandası «Bakı -1» komandasını 7:0 hesabı ilə məğlub etdi. «Ağdam» komandası isə «Bakı - 2» komandasını 1:0 hesabı ilə məğlub etdi. Çövkən oyunlarının qalibi isə «Şəki» komandası oldu.
   Festivalda iştirak edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev atçılıq turizminin inkişafı ilə bağlı fikirlərini bildirdi. Azərbaycanda atçılıq turizminin getdikcə inkişaf etdiyini vurğulayan nazir bu sahədə kompleks işlərin görüldüyünü dedi: «Şəkidə, Ağdamda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə atçılıq turizm mərkəzləri yaradılıb. Bizim coğrafiyamız genişlənməkdədir. Əlavə olaraq bir neçə rayonda bu tip mərkəzlərin açılması nəzərdə tutulur, eyni zamanda, təbiət qoynunda yerləşən bütün istirahət zonalarında atçılığın inkişafı ilə bağlı tövsiyələr və şərtlər hazırlanaraq həmin obyektlərə təqdim olunub. Turizm şirkətlərinin, komplekslərin nəzdində bir neçə atların saxlanması, dağ gəzintilərinin təşkili üçün imkanların yaradılması bizim təqdim etdiyimiz şərtlərin arasında var».
   Nazir birgə layihələrin əhəmiyyətini də qeyd edərək, müxtəlif təşkilat və idarələrlə əməkdaşlığın genişləndiyini bildirdi. Onun sözlərinə görə, 1-ci Atçılıq Festivalının keçirilməsi bu əməkdaşlığın nəticəsidir: «Atçılıq Federasiyası ilə əməkdaşlığımız bu sahədəki inkişafa kömək edəcək. Düşünürəm ki, birgə layihələrin əhəmiyyəti daha çoxdur və bu atçılıq turizminin inkişafına da müsbət təsir göstərəcək».
   
   Fehruz Şamıyev






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar