«AİTF - 2010» Turizm və Səyahətlər Sərgisi yeniliklərlə yadda qalacaq
   
   Regionda yeganə ixtisaslaşmış sərgi sayılan “AİTF” Turizm və Səyahətlər Sərgisi ənənəvi olaraq 28-30 aprel tarixlərində Bakı şəhərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək. Sərginin keçirilməsinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi fəal dəstək göstərir. Böyük Britaniyanın “İTE Group PLC” və onun Azərbaycandakı tərəfdaşı “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə gerçəkləşən tədbirə həmçinin Dünya Turizm Təşkilatı (UNWTO), Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstək verilir. Bu il ilk dəfə olaraq “AİTF - 2010” sərgisində Türkiyə Respublikası tərəfdaş ölkə qismində çıxış edəcək.
   
   
   
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən qəzetimizə verilən məlumata görə, bu il sərgi 2 pavilyonda keçiriləcək və ilin ən parlaq hadisəsi kimi yadda qalacaq. Sərgidə 130-dən çox şirkət iştirak edir. Bu gün artıq ekspozisiya sahəsinin 80 faizdən çox hissəsi tutulub. Bu fakt, eləcə də sərgidə öz iştiraklarını artıq təsdiq etmiş şirkətlərin sayı builki sərgidə 2009-cu ilə nisbətən 20 faiz artımın olacağını proqnozlaşdırmağa əsas verir.
   Bu il “AİTF” sərgisi aşağıdakı turizm istiqamətlərini təqdim edəcək: İtaliya, İsveçrə, Almaniya, Avstriya, Fransa, Rusiya, Ukrayna, Belarus, Çin, Şimali Kipr, Sloveniya, Latviya, Litva, Estoniya, Vyetnam, Kamboca, Sinqapur. Hər bir turizm sərgisi üçün əsas dəyərlərdən biri sayılan milli stendlər də builki sərgidə təqdim ediləcək. Belə ki, Türkiyə, Yunanıstan, Şimali Kipr, Malayziya, Tunis, BƏƏ, Mavriki, Hindistan, Çexiya və Gürcüstan stendlərində öz ölkələrinin milli koloritlərini nümayiş etdirəcəklər. Malayziya, Maldiv, Mavriki, Seyşel adaları və Tailanddan olan şirkətlər “Adalarda cənnət” adlı ekzotik turizm marşrutunu təqdim edəcəklər.
   “AİTF - 2010” sərgisinə Rusiyanın Stavropol diyarının qubernatorunun gəlişi də gözlənilir. Sərgidə Stavropol diyarının tanınmış kurort şəhərləri olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı, Pyatiqorsk sanatoriyaları üzrə xidmətlərin ən geniş diapazonu təqdim ediləcək.
   İlk dəfə olaraq “AİTF - 2010” sərgisində Azərbaycanın regional turizm sektoru geniş şəkildə təqdim olunacaq. Bütöv bir pavilyon ölkənin istirahət zonaları, sanatoriyaları və mehmanxanalarının ekspozisiyasına həsr ediləcək. Ziyarətçilər hər bir regionun milli koloritini duya, Azərbaycanın müxtəlif və zəngin folkloru, mətbəxi və ənənələri ilə yaxından tanış ola biləcəklər.
   Azərbaycanda turizm sektorunun inkişaf perspektivləri bu gün sərginin keçirilməsinin aktuallığını bir daha vurğulayır.
   “AITF” sərgisi regionda turizm sənayesinin yeganə və mühüm hadisəsi sayılır. Bu tədbir turizm operatorları üçün işgüzar potensial və çeviklik nümayiş etdirmək, məhsuldar əlaqələr yaratmaq və şirkətin imicini yerli və beynəlxalq bazarlarda möhkəmləndirmək, eləcə də yerli bazarın çoxsaylı rəqibləri arasında seçilmək imkanını yaradır.
   Beləliklə, builki Turizm və Səyahətlər Sərgisi “Sərgiyə gəl - bir dünya kəşf et!” şüarı altında keçiriləcək və əsl turizm festivalına çevriləcək.
   
   Fəxriyyə ABDULLAYEVA