Müasir dövrdə turizm iqtisadiyyatın ən sürətlə inkişaf edən sahələrindəndir. Hazırda dünya üzrə ümumi məhsul istehsalının 10 faizi, ixracatın 8 faizi turizmin payına düşür. Bununla yanaşı, turizm ölkələrin tarix və mədəniyyətinin, təbii-coğrafi gözəlliklərinin, müasir inkişaf tempinin dünyaya tanıdılması və təbliği üçün misilsiz imkanlar açır.
   
   Zəngin tarixi-mədəni irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycanda da turizm sektorunun geniş potensialı var. Ölkəmizdə turizmin əksər növlərinin inkişaf etdirilməsi üçün imkanlar mövcuddur. 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi bu sahədə daha geniş perspektivlərin olduğunu üzə çıxarıb. Ötən dövrdə ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyanın əsası qoyulub, rəqabətədavamlı milli turizm kompleksi təşəkkül tapmağa başlayıb.
   Bununla yanaşı, Azərbaycanda turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi kompleks tədbirlərin həyata keçirilməsini zəruri edir. Azərbaycanda son illərdə əldə olunmuş yüksək sosial-iqtisadi irəliləyiş bu yöndə əlavə imkanlar yaradıb.
   Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı sərəncamla təsdiq edilən «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı» bu imkanların daha səmərəli şəkildə realizə olunmasına əsas yaradır. Dövlət Proqramında ölkəmizdə turizmin rastlaşdığı problemlərin həlli və turizm sahəsinin daha da inkişaf etdirilməsi üçün geniş fəaliyyət tədbirləri əksini tapıb.
   
   Əbülfəs Qarayev: «Azərbaycanda turizmin davamlı inkişafı təmin olunmalıdır»
   
   Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Dövlət Proqramının ölkədə turizm sektorunun inkişafına təkan verəcəyini vurğulayıb. Nazir jurnalistlərə açıqlamasında bildirib ki, Dövlət Proqramında turizmin inkişafı ilə bağlı geniş tədbirlər nəzərdə tutulub: «Biz bu sahədə daha çox təşkilati və hüquqi nizamlama məsələlərinin həyata keçirilməsini nəzərdə tuturuq. Sərəncamda turizmin bütün növləri - mədəni, ekoloji, idman və turizmin başqa istiqamətləri göstərilib. Bu, dövlətin vahid turizm siyasətinin təşkilidir».
   Nazir qeyd edib ki, aprelin 13-də turist şirkətləri və mehmanxana rəhbərlərinin iştirakı ilə geniş toplantı keçiriləcək: «Toplantıda Dövlət Proqramından irəli gələn məsələləri müzakirə etməyi nəzərdə tuturuq. Hesab edirəm ki, Dövlət Proqramı gerçəkləşəndən sonra ölkəmizdə konkret zonalar, istiqamətlər üzrə turizm yeni simada özünü göstərəcək. Azərbaycanda turizmin davamlı inkişafı təmin olunmalıdır”.    

   Turizm sahəsində kompleks tədbirlər qeyri-neft sektorunun inkişafında əlavə imkanlar açacaq
   
   Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov Dövlət Proqramı ilə bağlı fikirlərini qəzetimizlə bölüşərkən bildirdi ki, bu sənəd ölkəmizdə turizm sənayesinin və infrastrukturunun daha da inkişafına və möhkəmləndirilməsinə təkan verəcək: «Dövlət Proqramının icrası turizm sahəsində dövlət və bələdiyyə orqanlarının əlaqəli fəaliyyətini daha da gücləndirəcək. Bununla da turizm sərvətləri, qorunan obyektlər, bu sərvətlərdən istifadə hüquqları müəyyənləşməklə, turizm fəaliyyətinə başlama, bu sahədə attestasiya və tanınma, əlaqələrin hüquqi tənzimlənməsi, turizm fəaliyyətinə nəzarətin həyata keçirilməsi üsulları mütərəqqi xarakter alacaq və müasir tələblər əsasında gerçəkləşəcək. Eyni zamanda, turizmdə təhlükəsizlik və sığorta işlərinin həyata keçirilməsi yeni xarakter alacaq. Müxtəlif turizm istiqamətləri üzrə infrastrukturun yenilənməsi və yaradılması xarici turistlərin respublikamıza marağını artıracaq. Xarici valyutanın ölkəyə axını güclənəcək. Bu da öz növbəsində iqtisadiyyata bilavasitə müsbət təsir edəcək».
   Proqramda Azərbaycan Turizm İnstitutu ilə bağlı xüsusi bəndin yer aldığını deyən C.Cəfərov bildirdi ki, rəhbərlik etdiyi təhsil ocağı fəaliyyət göstərdiyi dörd il müddətində turizm təhsili sahəsində bir sıra problemlərin həllinə səy göstərib. Bu sahədə xarici təcrübənin öyrənilməsi, yerli ərazidə turizm potensialının tədqiqi, peşəyönümlü qısamüddətli kursların təşkili, bələdçi-tərcüməçilərin hazırlanması istiqamətində işlər görülüb: «Biz xarici təcrübənin öyrənilməsinə xüsusi önəm veririk. Tələbələrimiz təcrübi biliklərini daha da artırmaq üçün təkcə ölkəmizdə deyil, dünyanın bir sıra ölkələrinin turizm obyektlərində tanışlıq və istehsalat təcrübələri keçirlər. Xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə ATİ-də bir sıra turizm sahələri, o cümlədən bələdçi-tərcüməçi, səyahət agentliyi və hotel menecerləri, aşpaz və restoran xidmətləri, mehmanxanada qeydiyyat və servis üzrə qısamüddətli kursların təşkili ilə bərabər, turizm müəssisələrinə təşkilati, konsultativ, elmi-metodiki xidmət də göstərilir.
   Rektor Azərbaycan Turizm İnstitutunun diplomlarının Avropa ölkələrində tanınması yönündə də addımlar atıldığını dedi: «Avropa ölkələrində ATİ-nin diplomunun tanınması istiqamətində ilk nəticələr əldə edilib. ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında “Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi” və Akademik Müqavilənin şərtlərinə əsasən, 4 illik bakalavr təhsilini bu proqram üzrə bitirən tələbələr həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını ala biləcəklər. İki diplomlu tələbələr Avropanın istənilən ali məktəbində təhsillərini davam etdirməklə bərabər, arzuladığı ölkədə işləmək imkanı qazanacaqlar. ATİ eyni zamanda yeni müstəqillik qazanmış ölkələrin Avropa təhsil məkanına cəlb edilməsi istiqamətində həyata keçirilən Avropa İttifaqının “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi” proqramının qaliblərindəndir».
   C.Cəfərov dedi ki, bu kompleks tədbirlər ölkəmizdə qeyri-neft sektorunun inkişafına böyük təsir edəcək, Azərbaycanı dünyada təkcə neft ölkəsi kimi deyil, eyni zamanda, böyük turizm potensialına malik ölkə kimi tanıdacaq.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar