Onlayn seminar keçirilib
Fevralın 24-də Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) və qərargahı Qazaxıstanda yerləşən Beynəlxalq Türk Akademiyasının birgə əməkdaşlığı çərçivəsində “Müstəqilliklərinin 30-cu ilində türk respublikaları: dünən, bu gün və sabah” adlı onlayn seminar təşkil edilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva onlayn seminarda iştirak edib.
Seminarda Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, türk dünyası əməkdaşlıq təşkilatlarının rəhbər və nümayəndələri, səfirlər, alimlər iştirak ediblər.
Onlayn tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da çıxış edib. O, keçmiş Sovet İttifaqının tərkibində olmuş türk respublikalarının 1991-ci ildə müstəqilliklərini elan etməsinin tarixi əhəmiyyətindən bəhs edib, türk xalqlarının bütün sahələrdə birlikdə hərəkət etməsi üçün mədəni inteqrasiyanın vacibliyini vurğulayıb. Bu respublikaların müstəqilliyinin ilk olaraq Türkiyə tərəfindən tanındığı, rəsmi Ankaranın hər zaman türkdilli xalqlarla əməkdaşlığa böyük dəyər verdiyi diqqətə çatdırılıb.
Qarabağın işğaldan azad olunmasından söz açan G.Əfəndiyeva Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın əzəli torpaqlarına qovuşmasının türk dünyasının tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib. O, həmin dövrdə türkdilli əməkdaşlıq təşkilatlarının göstərdikləri həmrəyliyin xüsusi əhəmiyyət kəsb etdiyini deyib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən də söz açan G.Əfəndiyeva türk xalqlarının irsinin qorunması və dünyada tanıdılması məqsədilə reallaşan və həyata keçiriləcək layihələrdən bəhs edib.
Seminar türk dünyasının mədəniyyətinin, tarixinin inkişaf etdirilməsi ilə bağlı birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi ilə davam edib.