Asəf Zeynallı haqqında bədii televiziya filmi çəkilib

Ötən ilin sonunda İctimai Televiziya tamaşaçılara “Asəf” bədii televiziya filmini təqdim etdi. Ekran əsəri nakam ömrü yaratdığı bənzərsiz musiqi əsərlərində əbədiləşən Asəf Zeynallı (1909-1932) haqqındadır. Filmdə bəstəkarın qısa həyat və sənət yoluna həm də tanınmış pianoçu, pedaqoq, maarif təşkilatçısı Kövkəb Səfərəliyeva (1907-1985) obrazı ilə işıq salınır.

Əsas rolları Əməkdar artist Zemfira Əbdülsəmədova (Kövkəb Səfərəliyeva) və Əli Əlizadənin (Asəf Zeynallı və qəzet müxbiri) canlandırdığı filmin rejissoru Vüsal Həmdullayevdir.

Film musiqi sənəti səhifələrimizin təbliği baxımından əhəmiyyətli layihədir. Ekran işində  həm də “Mədəniyyət” qəzetinin adının keçməsi diqqətimizi çəkdi.

Film haqqında danışan rejissor Asəf Zeynallının musiqi tariximizdə özünəməxsus yeri olduğunu bildirir: “Gənc nəsil bu insanların Azərbaycan mədəniyyəti və musiqisindəki xidmətləri haqqında o qədər də məlumatlı deyil. Bəziləri isə heç tanımır. Qara Qarayev, Tofiq Quliyev kimi sənətkarların müəllimi olmuş bir insan haqqında niyə də film çəkməyək deyə düşündüm. İctimai Televiziya təklifi məmnunluqla qəbul etdi. Ssenari yazılan zaman bəstəkarın qardaşı nəvəsi, qardaşı oğlanları ilə danışdım. Bu işdə A.Zeynallı adına Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov da çox kömək oldu. Nazim müəllim bəstəkar haqqında kitab yazıb. Həmçinin Kövkəb Səfərəliyevanın qohumları ilə əlaqə saxladım ki, filmdəki faktlarda dəqiqlik olsun. Biz əsas obrazla məşqləri bəzən Fəxri xiyabanda bəstəkarın məzarı önündə edirdik”.

Aktyor Əli Əlizadə isə deyir ki, nə vaxtsa portret obraz yaradacağım heç vaxt xəyalımda olmayıb. Çünki çox məsuliyyətlidir. Təklif gələndə bu işi yaradıcılığımda böyük addım kimi dəyərləndirdim.

 

– Asəfdən nələri öyrəndiniz?

– Asəfdən öyrəndiyim o oldu ki, hər bir insan üzüağ, düz və həyatı sevərək yaşamalıdır. Bizdən sonra qalacaq nə varsa, o da bizim yaratdıqlarımızdır. Yaşamaq, yaratmaq və insanları gözəlliyə sövq etmək. İnsanın ruhu azad olmalıdır.

 

– Filmin başlanğıcında siz özünüzü Kövkəb xanıma “Mədəniyyət” qəzetinin müxbiri kimi təqdim edirsiniz. Bu, ssenaridə əksini tapıb?

– İlk növbədə “Mədəniyyət” qəzetinin kollektivini 30 illik yubiley münasibətilə  təbrik edir, uğurlar arzulayıram. Bu kollektiv mənim üçün də hər zaman doğmadır. Sualınıza gəlincə, qeyd edim ki, bəli, bu, ssenaridə var idi və mən həmin cümləni oxuyanda bu təsadüfə çox təəccüblənib gülümsədim. Düşünürdüm ki, bu adi bir təsadüf deyil, bir bağlantı var. Ümumiyyətlə, düşünürəm ki, həyatda təsadüfi heç nə olmur. Çox məmnunam ki, mən bu filmdə ikinci obraz kimi “Mədəniyyət” qəzetinin müxbirini yaratmışam. Əslində, filmdə eyni zamanda iki rolu oynamağımı istəmirdim. Sadəcə, rejissor məni çox inandırdı. Bildirdi ki, prototip (qəzet müxbiri) sənə, yəni Asəfə oxşamalı və ifadə etməlidir ki, Kövkəb xanım məhz bu səbəbə sənə müsahibə versin. Çünki araşdırmalardan görünürdü ki, Kövkəb xanım heç kimə müsahibə verməmişdi. Həmişə filmin keyfiyyəti mənim üçün önəmli olub. Film komanda işidir və hər kəs şəxsi ambisiya üçün deyil, ekran əsərinin keyfiyyəti üçün çalışmalıdır. Müxbir obrazı da sadəlövh deyil, çox ağıllı obraz olduğu üçün böyük məmnunluqla razılaşdım.

 

– Müxtəlif obrazlarda çıxış edirsiniz. Yaradıcı insanın portretini təqdim etmək necə hissdir?

– Obrazlar yaratmaq, əslində, insan həyatında iz buraxır. Bu mümkün deyil ki, sən obrazı oynayasan və iz qalmasın. Buna görə də düşünürəm ki, obrazı yaratmaq onun yaşantısını içində saxlamaq kimi bir şeydir. Mən bunu Pantomima Teatrında işləyərkən daha çox hiss etmişəm. Kinoda bu yaşantı 5 dəqiqə ola bilər, səhnədə isə 1-2 saat. Teatrda bu hissi sıfırdan götürüb qaldırırsan, kinoda isə anidən yaşayıb və təqdim etməyi bacarmalısan. Bu baxımdan obrazlar aktyorun içində çöküntü-iz yaradır. Elə buna görə də aktyorlar psixoloji baxımından çox həssasdırlar. Mənim  üçün həyatda yaradıcılıq da ciddi yanaşma tələb edir. Həyatın özü belə bəzən ciddi yanaşmaya layiq deyil. Həyatı yalnız rahat yaşamaqla azad olmaq mümkündür.

 

– Film bəstəkarın həyat və yaradıcılığı haqqında cəmiyyətə nə dərəcədə məlumat çatdıra bilir?

– Nəinki Asəf Zeynallı, eləcə də bizim sənət tariximizdə izi olan digər insanlar yaddaşlarda yaşamalıdır. Bunun üçün belə insanlar haqqında mütləq filmlər çəkilməlidir. Düşünürəm ki, Asəf Zeynallı ilə bağlı gələcəkdə daha gözəl filmlər də ərsəyə gəlməlidir.

Lalə AZƏRİ