Azərbaycan Turizm İnstitutunun bir qrup tələbəsi İsraildə təcrübə kursu keçəcək. İnstitutdan verilən məlumata görə, aprelin 18-də 9 tələbə İsrailə yola düşəcək.
   Təcrübə kursu beş ay davam edəcək. Tələbələrin təcrübə keçməsində məqsəd dünyanın aparıcı turizm mərkəzlərinin iş prosesi ilə yaxındlan tanış olmaq və onu Azərbaycanda tətbiq etməkdir.
   Məlumatda o da qeyd edilir ki, ötən il institutun 5 tələbəsi İsraildə təcrübə keçib. Təcrübə kursları İsrailin Azərbaycandakı səfirliyi və Azərbaycan Turizm İnstitutu arasında imzalanmış anlaşma əsasında həyata keçirilir.
   Səfirlikdən instituta daxil olan məktubda bildirilib ki, ötən il azərbaycanlı tələbələr İsrailin turizm sənayesi ilə yaxından tanış olublar. Onlar eyni zamanda bu ölkənin təcrübəsindən yararlanmağa böyük həvəs göstəriblər. Bu səbəbdən də səfirlik 2010-cu ildə institutun 9 nəfər tələbəsini İsrailə göndərmək qərarına gəlib.
   Səfər öncəsi tələbələrlə görüşən ATİ-nin rektoru Cəfər Cəfərov onlara öz məsləhətlərini verib və İsraildə Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə edib.
 

   Fəxriyyə Abdullayeva