“Həmişə gənc gitara ifaçılarına dəstək olmuşam”
Uzun illərdir Azərbaycan ifaçılıq sənətinə öz töhfəsini verən tanınmış gitaraçı Rəhman Məmmədli bu il 60 illik yubileyini qeyd edir. Bir neçə il əvvəl qəzetimizə müsahibə verən Rəhman müəllim “insanın taleyinə nə yazılıbsa, o da olmalıdır” deyərək gitaranı seçməyini zamanın tələbi kimi dəyərləndirmişdi. Çünki, doğrudan da, 1968–1970-ci illər elektrogitaranın Azərbaycanda populyar vaxtı idi: “Məktəbdə əlaçı idim, olimpiadalarda riyaziyyat fənnindən həmişə qalib olardım. Amma qismət belə gətirdi və mən musiqiçi oldum”.
Dəfələrlə döyüş bölgələrində əsgərlər qarşısında konsertlərdə iştirak edən ifaçı hazırda Füzuli şəhər 3 saylı Uşaq musiqi məktəbində tar müəllimi işləyir. O, 2016-cı ildə İranın paytaxtı Tehranda, daha sonrakı illərdə Ərdəbil şəhərində konsert proqramları ilə çıxış edib, Təbrizdə ustad dərsləri keçib. 2017-ci ildə ABŞ-ın “Global Heart Media” şirkətinin dəvəti ilə Texas ştatının Dallas və Hyuston şəhərlərində konserti olub. Bu illər ərzində həmçinin Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblında tar və gitara ifaçısı kimi fəaliyyət göstərib. SSRİ Xalq artisti Zeynəb Xanlarovanın dəvəti ilə onun ansamblında solo gitara ifaçısı kimi çıxış edib. Həmin kollektivlə müxtəlif ölkələrdə musiqimizin təbliğinə töhfə verib. 2008-ci ildə Türkiyənin “Duyğu müzik” şirkəti tərəfindən musiqi albomu hazırlanaraq Avropa ölkələrində satışa çıxarılıb.
Yubileyi ərəfəsində sənətkarla redaksiyamızda görüşdük. O, əvvəlcə Vətən müharibəsində Qələbə münasibətilə oxucularımızı təbrik etdi, şəhidlərimizə rəhmət, yaralılara şəfa dilədi.
– Rəhman müəllim, sizinlə beş il əvvəl görüşmüşdük. Ötən illər ərzində həyatınızda nələr dəyişdi?
– Əvvəla, beş ilin necə keçdiyinə təəccüb edirəm. İllər nə tez keçir, həyat iti addımlarla irəliləyir. O vaxt nəvəm yox idi, indi üç nəvə babasıyam. Nəvələrim mənim yaşamağım üçün stimuldur. Allah böyük sənətkarımız Habil Əliyevə rəhmət eləsin. Həmişə deyirdi ki, insan yaşlaşdıqca onun musiqisi də, işlətdiyi notlar da kövrəkləşir, ahıllaşır. 20-25 il bundan əvvəlki ifamı dinləyirəm və mənə xoş gəlmir. Özüm-özümə sual verirəm, bu mənəm? Alqışa səbəb olan ifam məndə qəribə hisslər yaradır. Şükürlər olsun ki, nə dəyişiklik olubsa, yaxşılığa doğru olub.
– Son zamanlar sizi efir-ekranda az-az görürük...
– Mənim repertuarımı aşıq musiqimiz, muğamlarımız, xalq və bəstəkar mahnıları təşkil edir. Efirlərdə az görünməyi belə bir atalar sözümüzlə ifadə edərdim: çağırılan yerə ar etmirəm, çağırılmayan yeri dar. Dəvət alıramsa, imtina etmirəm. Bundan əlavə, hər verilişə getmirəm, xüsusilə də şou proqramlarına. Çünki özümü şouda görmürəm. Yaşımızın da o vaxtı deyil. Mədəniyyətimizi təbliğ edən, ciddi verilişlərə isə böyük məmnuniyyətlə gedirəm.
– “Gitaranı əlimə alanda ilk olaraq qəlbimdən “Segah” muğamı, “Baş sarıtel” saz havası, “Apardı sellər Saranı” kimi xalq mahnıları keçir”, deyirsiniz...
– Qeyd etdiklərinizin hər biri “Segah” muğamı üzərindədir. “Segah” da mənim qanımdır, qəlbimdir, ifa tərzimin əsas hissəsi bu muğam üzərindədir. Bundan əlavə, mahnıların tarixi, melodiyası və harmoniyasının ifamda uğurlu alınması. Bu gün xalq arasında tanınmağımda bu üç əsərin rolu olub.
– Doğulub boya-başa çatdığınız torpaqlar düşmən işğalından azad olunub. 30 il müddətində bu qayıdışı xəyalınızda necə təsəvvür edirdiniz?
– Burnumun ucu göynəyir. 30 il gözlədik. Hərdən öz-özlüyümdə düşünürəm ki, yaşımızın da o çağı deyil. Birdən qismət-yazı imkan verməz gedəm o yerlərə. Dövlətimizin qanunlarına hörmətlə yanaşıram. Nə zaman icazə verilsə, gedəcəm. Bilirik ki, düşmən daşı-daş üstə qoymayıb. Amma dizlərimi o torpağa vurmaq, torpağımı öpmək, ətrini duymaq istəyirəm...
– Bir az da yaradıcılıqdan danışaq. Bildiyimizə görə, oğlunuz Turalla layihəniz var...
– Bilirsiniz ki, bu gün disk, albom dəbdən düşüb. Kompüter əsridir. Lakin Turalla yeni, çox maraqlı bir layihə üzərində çalışırıq. Bu layihə Turalın zövqünə uyğun, onun dəst-xətti ilə hazırlanıb. Onun etnosimfonik orkestri ilə artıq 7-8 əsər hazırlamışıq. Layihədə 10-dan çox musiqi əsəri nəzərdə tutulub.
– Yəqin ki, yeni layihəniz ölkəmizdə gitara ifaçılığına töhfə verər...
– Mən həmişə gənc gitara ifaçılarına dəstək olmuşam. Onların gözəl ifalarına, uğurlarına sevinirəm. Gitara milli alət olmasa da, artıq xalqımıza doğmalaşıb. Əgər gitarada milli musiqi əsərlərimiz, qədim qopuzumun havası, muğamlarımız gözəl səslənirsə, niyə bu ifalara yad baxaq. Demirəm ki, milliləşdirək, amma yad da baxmayaq.
– Oğlunuzun bəstəkar kimi yetişməsində sizin də rolunuz varmı?
– Tural ən gənc yaşında Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür, bir sıra layihələri var. Beynəlxalq müsabiqələrdə laureat olub. Əsərlərinin sorağı Amerikadan, Avropadan gəlir. Onun bəstəkarlığında cəmi bir rolum ola bilər ki, o da genetik rol.
- Yubileyinizi necə qeyd etməyi planlaşdırırsınız? Bir neçə il əvvəl Bakı Musiqi Akademiyasında maraqlı bir layihə təqdim etmişdiniz...
– Düzü, Vətənimdə bu qədər şəhid və qazi varkən təntənəli yubiley keçirmək hissindən uzağam. Həm də pandemiya bütün ölkələrlə yanaşı, bizə də təsirsiz ötüşmədi. Bu səbəbdən yubiley keçirmək fikrində deyiləm. Bakı Musiqi Akademiyasında layihəyə gəlincə, gələcəkdə hazırladığımız yeni albom bu işi davam etdirməyə səbəb olacaq. İnanıram ki, bu il mənə uğurlu olacaq. Bu ildən gözləntilərim var: həm yaşımla əlaqəli, həm də yaradıcılığımla...
– Biz də yubiley ilində sizə uğur arzulayırıq.
– Çox sağ olun. Mən də diqqətə görə qəzetinizə təşəkkür edirəm.
Lalə AZƏRİ