Sosial şəbəkə fenomeninə çevrilən balacaların dördlüyünü yəqin çoxlarınız tanıyır. Qeyri-adi üslub, ifa manerası, sözün həqiqi mənasında, özlərindən böyük səsləri sayəsində qısa zamanda milyonlarla dinləyicinin ürəyinə yol tapan Ağdam, Gülablı bülbüllərini deyirəm.
Piano müşayiətində yarıqaranlıq otaqda çəkilən kadrlar sosial şəbəkələrdə paylaşılan gündən hər kəsin marağını cəlb etdi. Dörd qarayanız, məsum, ürkək baxışlı uşaq Qarabağın, Ağdamın səsi kimi bizə doğma, yaxın, məhrəm avaza çevrildi. Beləcə, müəllimlərinin bir paylaşımı ilə məşhur olan şagirdlər həm özlərini, həm də Müşfiq qəsəbəsindəki məcburi köçkünlər şəhərciyində məkan tapan Ağdam rayon Gülablı kənd Uşaq musiqi məktəbini, onun xanəndəlik sinfini hamıya tanıtdılar. Bir də onları bu xoş avaza kökləyən müəllimlərini.
Onların məşhurluq yolu “Aşiqəm”lə başladı və dinləyənləri səslərinin, ifalarının aşiqinə çevirdi. Qısa zamanda paylaşımların da, repertuarın da avazı, rəngi, çaları dəyişdi. Fərqli üslub və mövzularda mahnılar ifa olundu, “Habil müəllimin şagirdləri” adı ilə sürətlə yayıldı. İndi 10-dan artıq mahnı və təsnifdən ibarət repertuarları var...
Fatimə Kərimova (12 yaş), Zamiq Mustafazadə (11), İlkin Qasımov (12), Ayxan Hüseynzadə (14) və arabir onlara yön verən müəllimlərinin səsindəki yanğı, doğmalıq adamı xəyalən haralara aparmır ki...
Səslərində, ifalarında Qarabağ sevgisi, nisgili, Ağdam harayı, yanğısı daşıyan uşaqların dünyasından gah “Bulaq başı toz olar” dedik, gah məchul “Dilbərim”ə qoşulduq, gah da etinasızlara üsyan edirmiş kimi “Axtarma məni”ni alqışladıq. Arabir qəlbimizin ən dilsiz, ən susqun duyğularına bir də onların səsində “Qal, sənə qurban” deyib yalvardıq, hərdən uşaq kimi “Gül açdı, bahar oldu”dan şadlandıq.
Müəllimləri Habil Məmmədovla şagirdləri ilə növbəti dərsin fasiləsində həmsöhbət olduq. Özü də tez-tez şagirdləri ilə səs-səsə verən, gah “Can Qarabağ”, gah da “Ağdamım” deyib ürəyindəki həsrətə vüsal müjdəsi verən müəllim gələcək xanəndələrinə böyük ümidlər bəslədiyini dedi: “Artıq 10 ilə yaxındır ki, musiqi məktəbində dərs deyirəm. Şagirdlərimin əksəriyyəti Ağdam rayonundan məcburi köçkünlərdir. Qəribədir, yəqin genetik kod, yaddaş həm də səsdə, avazda təzahür edir. Təsəvvür edin ki, o uşaqların heç biri Ağdamı, Gülablını görməyiblər. Amma görün necə o avaza, o oxu tərzinə uyğun ifa edirlər. İnşallah, biz doğma torpağımıza, el-obamıza qayıdanda şagirdlərimin səsindəki, avazındakı yanğı yerini şaqraq ifalara verəcək”.
Ağdama dönəcəkləri günü səbirsizliklə gözləyən Habil müəllim qayıdışla bağlı məxsusi repertuar da seçib. Deyir ki, sosial şəbəkə izləyicilərimizi artıq qaçqın məktəbinin siniflərindən yox, laləli dağlardan, pıçıldayan bulaqlardan, yamyaşıl çəmənlərdən salamlayacağıq. Qalib xalqın nümayəndələri kimi bir ayrı eşq, bir ayrı şövq ilə oxuyacağıq: “Uzun illərin həsrət və nisgilinə “Sarı bülbül” mahnısı ilə bəzək verəcəyəm və əhdim var ki, şagirdlərimi başıma yığıb bu nəğməni oxuya-oxuya el-el, oba-oba gəzəcəm. Beləcə, 27 ildən artıq sürmüş Ağdamsızlığın, torpaqsızlığın, vətənsizliyin intiqamını alacam...”.
Sinfində 12 şagirdi olan və onların hər birinin ifa, səs texnikasını yaxşı bildiyini deyən təcrübəli müəllimdən repertuar seçimini də xəbər aldıq. Tədris proqramına uyğun dərs prosesi apardığını deyən səs müəllimi şagirdlərinə özünəməxsus ifaçılıq yolu seçmək imkanı da yaradır. “Hər ifaçının öz yolu olmalıdır, əks halda sənətdə özünü təsdiqləyə bilməz”, deyən Habil müəllim hər səsin rənginə uyğun repertuar seçdiyini bildirir.
Görüşümüzdə Habil müəllimin və şagirdlərinin ifasında Vətən müharibəsindən sonra dillər əzbəri olmuş məşhur təsnifi də dinlədik. Döyüşçü şücaəti ilə yanaşı, avazı sayəsində də dillər əzbərinə çevrilən şəhid Xudayar Yusifzadənin şərəfinə adı dəyişdirilib “Xudayar təsnifi” qoyulan əsrarəngiz nəğmə bir ayrı ovqata köklədi bizi.
Beləcə, muncuq kimi qapqara gözlərini bərk-bərk yumub, səsləri baş alıb gedən uşaqların avazına qoşulub Ağdama yol aldıq. Yağının ayağı kəsilən azad Ağdama...
HƏMİDƏ