Belarusda azərbaycanlı rəssam Nailə Qəndilovanın Xocalı soyqırımına həsr olunmuş rəsm əsəri təqdim edilib.
Azərbaycanın Belarusdakı Səfirliyindən verilən məlumata görə, rəssam “Fəlakətdən keçib qalib gəlmək” adlı yeni əsərində güclü ruha və iradəyə malik olan xalqın əzmini təcəssüm etdirməyə çalışıb.
“Azərbaycan xalqı uzun illərdən sonra ilk dəfə işğal olunmuş əraziləri azad etdikdən sonra Xocalı soyqırımını qeyd edirdi. Ona görə də keçirdiyimiz müsibətləri günbəgün xatırlayır, bir tərəfdən xalqımızın və Xocalının acıları bizi kövrəldir, digər tərəfdən isə şəhidlərimizin qanının yerdə qalmamasından, torpaqlarımızın işğaldan azad olunmasından fərəh hissi keçirirdik. Vətən o zaman var ki, onun torpağını göz yaşları ilə suvaran və qorumağa hazır olan ərləri var. Torpaq, uğrunda ölən varsa, Vətəndir!”, – deyə Nailə Qəndilova əlavə edib.