Maraqlı həyat yolu və zəngin yaradıcılığı ilə seçilən, çoxcəhətli fəaliyyəti ilə xalqa, ədəbiyyata xidmət edən istedadlı tərcüməçi, ədəbiyyatşünas alim, əsl vətənpərvər Əziz Şərif ötən əsr Azərbaycan ədəbi mühitinin ən parlaq simalarından biri olub. 
      
   Əziz Şərif 1895-ci ildə Naxçıvanda anadan olub. Tərcümeyi-halı, valideynləri və soy-kökləri ilə bağlı qələmə aldığı «Keçmiş günlərdən» adlı kitabda müəllif öz nəsli haqqında müfəssəl məlumatlar verib. Sənədli xatirələrdən ibarət olan bu qiymətli məxəzi vərəqlədikcə tarixilik baxımından bəzi qaranlıq məqamlara işıq düşür. Güzgü tutulan hadisələrin fonunda neçə-neçə unudulmaz və böyük şəxsiyyətin parlaq portreti görünür.
   Məlum olur ki, Əziz Şərifin hər iki nənəsi Qarakilsə (indiki Sisian) mahalındakı Şəki kəndində anadan olub. «Zəngəzur» romanının müəllifi, məşhur yazıçı Əyyub Abbasov Əziz Şərifin doğmaca xalası oğludur. Erməni-müsəlman münaqişələri nəticəsində doğma yurddan perik düşmüş nəsillər sonralar ara sakitləşəndə tez-tez ana yurda baş çəkər, onun saf, təmiz qoynunda dinclik taparmışlar. Bu hadisələrlə bağlı Əziz Şərifin xatirələrində Zəngəzur dağlarının əzəməti boylanır, təbiəti dil açır. O illərin fotoşəkilləri də kitaba salınıb. Doğma vətəni Şəki haqqında yazırdı: «Səfalı, axarlı-baxarlı, çəmənli-çeşməli Şəkidə hər kəs azad, dünyadan bixəbər yaşayar, qızlar, gəlinlər çadranın nə olduğunu bilməz, başında yaylıq, dodağında yaşmaq gəzər, dolanar, bulaqdan su daşıyar, hana qurar, xalı toxuyar, nehrə çalxalar, yayda biçin biçər, taxıl döyər, yuyar, qurudar, evin kişilərinə kömək edərdi. Bir sözlə desək, təbii həyat sürərdi».
   Əzizin atası Qurbanəli Şərifzadə dövrünün çox mükəmməl biliyə malik, savadlı, bir neçə dil bilən şəxsiyyəti olub. Mirzə Cəlillə, Mirzə Ələkbər Sabirlə, Əliqulu Qəmküsarla çox yaxın dostluğu, ailəvi münasibətləri varmış. «Molla Nəsrəddin»in fəal yazarlarından biri olan Qurbanəli Şərifzadə bu jurnalın səhifələrində «Mozalanbəy», «Hacıleylək» və s. gizli imzalarla öz felyetonlarını, tənqidi yazılarını dərc etdirərmiş. Arxiv materiallarından məlum olur ki, M.Ə.Sabir həmişə Qurbanəliyə «Ruhum, canım Şərifzadə», - deyə müraciət edərmiş. Cəlil Məmmədquluzadənin Şərifzadəyə şəxsən bağışladığı «Molla Nəsrəddin» jurnalının cildinə yazılmışdı: «Bu kitabı mən verirəm hamıdan çox istədiyim Qurbanəliyə ki, bizlər də ölüb gedəndən sonra onun oğlanları bizim dostluğumuzu bu kitabı açan vaxt yada salsınlar». Hüseyn Cavid isə Qurbanəli Şərifzadəni «dövrünün fazla məlumatlara malik müəllimi, böyük istedad sahibi və qəhrəman bir rəhbəri» adlandırırdı. Firudin bəy Köçərli Qurbanəli Şərifzadənin vəfatı ilə bağlı 1917-ci ildə «Açıq söz» qəzetində yazırdı: «Millətimizin ruhu, həyatı, səadəti və mənəvi varlığı Şərifzadənin zəif vücudunda müşahidə olunmaqda idi».
   Təbii ki, belə məziyyət və zəka sahibinin övladı olmaq şərəfini Əziz hələ kiçik yaşlarından duymamış deyildi. Uşaqlıq illəri doğma Şəki kəndində keçən Əziz Şərifin ilk oxuduğu təhsil ocağı Naxçıvanda Məmmədtağı Sidqinin açdığı «Təbiyə məktəbi» olub. Orada neçə il oxuduğunu yaxşı xatırlamayan Əziz Şərif yazırdı: «İlk dəfə rusca dərsi mən bu məktəbdə keçdim. 1903-cü ildə isə müəllimimizin ölüm xəbəri bizi bərk sarsıtdı. Xüsusilə də atam Sidqinin qəfil ölümünə dözə bilmirdi». Bu səbəbdən Qurbanəli Şərifzadə oğlunu İrəvan gimnaziyasına qoymalı olub. Lakin o illərdə baş verən erməni-müsəlman münaqişələri gəncin bu şəhərdə oxumasına mane olub. Günlərin birində ata öz oğlunu İrəvandan Tiflisə gətirib. Tiflisdə Cəlil Məmmədquluzadə azərbaycanlı uşaqlar üçün xüsusi pansion açmışdı ki, yeniyetmələr burada oxuduqdan sonra gimnaziyada təhsillərini davam etdirə bilsinlər.
   Əziz Şərif yazırdı: «İlk dəfə Tiflisdə Mirzənin pansionuna gələndə mən xalis kənd uşağı idim. Heç nə bilməyən, heç nədən xəbəri olmayan kənd uşağı. Hər bir şey mənə maraqlı və təəccüblü gəlirdi. Pansionda piano var idi ... mən onu qarmona oxşadır, təəccüb edirdim ki, niyə onu açıb bükmək lazım gəlmir. Heyrət və təəccüblə bilik toplayaraq mədəni səviyyəmi yüksəldirdim».
   Tiflisdə gimnaziyada oxuduğu illərdə Əziz Şərif bir müddət Cəlil Məmmədquluzadənin ailəsində tərbiyə olunmuş, mütərəqqi ictimai ideyalara yiyələnmişdi. O dövrdə Tiflisdə fəaliyyət göstərən Azərbaycan aktyorlarını, sənətkarlarını da məhz Mirzə Cəlilin evində görmüşdü. Hətta Məmməd Rza Təhmasib, Hüseyn Ərəblinski ilə yoldaşlıq edərmiş. Erməni quldurlarının 1905-ci ildə başladıqları qəddarlığın alovları bütün Azərbaycanı bürüməkdə idi. Naxçıvanda da qanlı qırğınlar törədilmiş, talanlar edilmişdi. Aranın belə qarışdığı bir vaxtda Qurbanəli kişi ehtiyatlanaraq Əziz Şərifi Tiflisdən Naxçıvana aparmışdı.
   1906-cı ildə Cəlil Məmmədquluzadənin redaktorluğu ilə «Molla Nəsrəddin» jurnalının ilk nömrəsi işıq üzü gördü. Əziz Şərif öz xatirələrində yazır ki, jurnal çıxan gündən atam özü abunəçi yazılmış, Naxçıvanda bütün dost və tanışlarını da abunəçi yazdırmışdı. «Yadımdadır ki, jurnal bizə iki nüsxə gəlirdi. Bir nüsxəsi atamın adına, biri də məni jurnala həvəsləndirmək üçün mənim adıma».
   Beləliklə, Əziz Şərifin «Molla Nəsrəddin» jurnalında ilk yazısı çıxanda 15 yaşı vardı. «Molla Nəsrəddin» jurnalının 16-cı nömrəsində çap edilmiş bu yazı «Əziz Qurbanəli oğlu Şərifzadə» imzası ilə çap edilib. Atası Qurbanəli Şərifzadənin arxivində bir sıra sənədlər və məktublar var ki, onlar Qurbanəli Şərifzadənin «Molla Nəsrəddin»in necə fəal yazarlarından olduğunu təsdiqləyir. Əlbəttə, Qurbanəli Şərifzadə peşəkar yazıçı, yaxud jurnalist olmayıb. Lakin dövrünün ağrı-acılarını dərindən duyan, xalqına, millətinə ürəyi yanan bir şəxsiyyət idi. Onun bu yöndəki yaradıcılığının tarixi əhəmiyyətini müəyyənləşdirmək, tədqiq etmək xüsusilə vacibdir.
   Sonralar təhsilini davam etdirən Əziz Şərif Moskvada ali məktəb bitirmişdi. Sovet hakimiyyəti qurulduqdan sonra 1925-ci ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində işləməyə başlayır. O, mətbuatda fəal çıxış edir, tədqiqatlar aparır, ədəbiyyatşünaslıqla bağlı maraqlı əsərlər qələmə alırdı.
   Əziz Şərif həm də respublikamızda tərcümə işinin banilərindən sayılır. O, rus və Azərbaycan dillərində bədii tərcümə sahəsində çox səmərəli fəaliyyət göstərib. Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Mir Cəlalın, Süleyman Rəhimovun, Mirzə İbrahimovun əsərlərini rus dilinə, Qoqolun, Qorkinin, Fadeyevin romanlarını, povest və pyeslərini ana dilimizə tərcümə edib. O, ədəbi əlaqələrin yaxınlaşmasında, inkişafında sanballı xidmət göstərib. «Naxçıvan məktubları», «Sabir bu gün», «Cəlil Məmmədquluzadə», «Molla Nəsrəddin»in yaranması», «Zaqafqaziya xalqlarının ədəbiyyatı», «Vaqif məhəbbət və gözəlik nəğməkarıdır» kimi əsərləri hələ sağlığında ona böyük şöhrət qazandırıb.
   «Keçmiş günlərdən» kitabının isə tarixi əhəmiyyəti daha böyükdür. Burada həm Azərbaycan tarixinin müəyyən məqamları faktlarla öz əksini tapıb, həm də ədəbiyyatımızın tanınmış simalarının bizə bəlli olmayan həyatı qələmə alınıb.
   Əziz Şərif 1937-ci il repressiyalarının sarsıntılarını yaşamış, duymuş bir şəxsiyyət olub. Onun uşaqlıqdan sevdiyi Hüseyn Cavid o ağır illərin qurbanı olub. Mişkinaz xanım Cavid öz xatirələrində minnətdarlıqla xatırlayırdı ki, o illərdə hamı bizdən üz döndərmişdi. Çoxu salam verməyə belə qorxurdu. Bu ağır və yalqız günlərdə Cavidin ailəsini arayan, axtaran, onların ünvanına məktub yazan iki nəfərdən biri məhz Əziz Şərif idi. O, öz insanlıq borcunu sədaqətlə yerinə yetirirdi. Həmişə Turan Cavidə təskinlik verməyə, ona dayaq olmağa çalışırdı.
   Filologiya elmləri doktoru Əziz Şərif həm də böyük pedaqoq idi. O, 25 ildən artıq müddətdə, ömrünün axırınadək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru olub. Azərbaycanın Əməkdar elm xadimi Əziz Şərif Moskvada dünyasını dəyişəndə 94 yaşı var idi. Vəsiyyətinə görə Əziz Şərifi Naxçıvan qəbiristanlığında, atasının yanında dəfn ediblər. Burada bir qəribə uyğunluğu xatırlamamaq olmur.
   Qurbanəli Şərifzadə də erməni quldurlarının torpaq iddiasına düşdüyü vaxt dünyasını dəyişmişdi, Əziz Şərif də məhz 1988-ci ildə, soydaşlarımızın doğma torpaqlarından qovulduğu vaxt vəfat etdi. Ruhlarına daim dualar oxunan hər iki parlaq şəxsiyyət bütün varlıqları ilə torpağa, Vətənə bağlı insanlar olublar. Vaxtilə Qurbanəli Şərifzadənin qəbri üstündə nitq söyləyən Rza Təhmasib belə bir söz demişdi: «Mərhum hürriyyət və ədalətin ən səmimi dostlarından biri di. Məşədi Qurbanəli bəy kimi vücudların fövt olub getməsi millət üçün ağır dərddir».
   Bu fikri eynən Əziz Şərif haqqında da söyləmək mümkündür. Amma bir təsəlli var ki, parlaq şəxsiyyətlərin saldığı izlər pozulmur, yandırdıqları mənəvi işıqlar isə heç vaxt sönmür.
   
   Flora Xəlilzadə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar