Muzey Mərkəzində uzun fasilədən sonra ilk real sərgi
Pandemiyanın sənəti sənətsevərdən uzaq saldığı ayların uzun fasiləsindən sonra Muzey Mərkəzinin qalereyasında ilk real sərgi təşkil edilib.
COVİD–19 təhlükəsi hələ sovuşmasa da, karantin rejimində nisbi yumşalma mədəniyyət və sənət aləmi üçün də zəruri bir nəfəsdir. Yanvarın 25-dən ölkəmizdə muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub. Muzey Mərkəzinin tamaşaçılara təqdim etdiyi sərgi də sənətsevərlər üçün gözəl fürsətdir.
“Mavi səma altında” adlı sərgi ötən həftə açılıb və iki ay davam edəcək. Sərgi ilə tanış olmaq üçün yolumuzu Muzey Mərkəzindən saldıq.
Elə binanın girişindəcə 4-cü mərtəbədə sərgilənən əsərlərin ab-havasını duyuruq. Bütün mərtəbələrin divarlarında bizi rəssam İrina Eldarovanın əsərləri müşayiət edir. Bu əsərlər bizə bahar təravəti, günəşli yay və çılğın xoşbəxtliyin əhval-ruhiyyəsini bəxş edir. Cəsur neftçi, lakonik qammada Bakı mənzərələri, çiçək dəstələri səni yuxarı mərtəbəyə – sərgi salonuna qədər izləyir. Mərtəbələrdə Məmməd Rəşidovun qeyri-adi, görünüşcə futuristik, mahiyyətcə lirik, metaldan və şüşələrdən hazırlanmış heykəltəraşlıq əsərləri də diqqətimizi cəlb edir.
Qalereyada bizi Muzey Mərkəzinin baş nəzarətçisi Dürdanə Qurbanova qarşılayır. Bildirir ki, Muzey Mərkəzi sərt karantin dövründə virtual olaraq aktiv fəaliyyət göstərirdi: “Nostalji” virtual layihəsi ilə sosial şəbəkə hesablarımızda bir neçə sərgi təqdim edilib. Hazırda “Mavi səma altında” adlı sərgimizdə nümayiş olunan rəsm əsərləri ilə yanaşı, zallarımızda quraşdırılmış monitorlar vasitəsilə sərgiyə gələn hər bir ziyarətçi həmin virtual sərgiləri də bir daha izləmək şansı qazanır. Bu ekspozisiya doğma Bakıya, onun memarlığına, təbiətinə və sakinlərinə həsr olunmuş “Ev natürmortu” və “Mənim əziz şəhərim” klipləri vasitəsilə həmin layihələrin unudulmaz anlarını yenidən yaşadır”.
Dürdanə xanıma təşəkkür edib sərginin ilk zalına daxil oluruq.
Qəlbin dili ilə danışan sənət...
“Mavi səma altında” sərgisi “Nostalji” virtual layihəsini artıq real həyatda davam etdirir. Bu zalda bir rahatlıq və xoşbəxt istirahət atmosferi ilə rastlaşırıq. Sərgilənən əsərlərin hər birində Abşeron təbiətinin isti yayı və payızının ahəngini duyuruq. Eldar İbadullayev və Emin Əsgərovun nar kolları və yelləncəkdə qızların təsvir olunduğu kətan üzərində yağlı boya ilə işlənmiş əsərlər sanki bir hekayə nəql edir. Bu fonu rəssam Əfsanə Həbibin rənglərlə zəngin çiçək buketləri tamamlayır. Görünür, müəllifdə təmtəraqlı, əlvan, mürəkkəb kompozisiyalı çiçək buketləri xüsusilə uğurlu alınır. Buna görə də tamaşaçını özünə cəlb edə bilir.
Müxtəlif obrazlı, incəliklə seçilmiş sərgi qalereyanın beş zalının hamısını əhatə edir. Hər zalın özünəməxsus aurası var. Zalda səslənən musiqilər belə nümayiş olunan əsərlərin ruhuna uyğunlaşdırılıb. Birinci zalda quraşdırılan monitorda divarlarda asılan, real izləyə biləcəyimiz əsərlərlə yanaşı, “Ev natürmortu” virtual sərgisinin videoklipi də nümayiş olunur. Yəni reallıq və virtual reallıq bir arada.
İkinci zalda biz yenidən Eldar İbadullayev, Emin Əsgərovun əsərlərini izləyirik. Bu əsərlərə həmçinin Zərnişan Yusif və Məmməd Rəşidovun da əl işləri qoşulur. Bu zal tamaşaçını qayaüstü rəsmləri ilə Abşeron sərhədinə – Qobustana aparır. Ənənəvi Azərbaycan naxışları və sərt Xəzər küləyini xatırladan mücərrəd təsvirlər. Məmməd Rəşidovun mürəkkəb heykəlləri gah dalğaların burulğanında, gah da buludların topasında öz əksini tapır. Bu sərt və eyni zamanda düşündürücü heykəllər sanki müəllifin sənətə sadiqliyini nümayiş etdirir.
Üçüncü zal bizi birbaşa paytaxta gətirir. Onun qarşısında bürkülü və rəngarəng Bakı bütün gözəlliyi ilə – rəssam Elşən Sərxanoğlunun gördüyü şəkildə çiçəklənir. Buradakı rənglər də, müəllifin düşüncələri də bizə yad gəlmir. Sərxanın əsərlərində şəhərin keçmişindən indisinə səyahət edirik. “Alov qüllələri”, Heydər Əliyev Mərkəzinin binası kimi unikal memarlıq gözəlliklərini görürük.
Zərif duyğular...
İnstalyasiya, rəngkarlıq və qrafika janrlı əsərlərdən sonra daxil olduğumuz dördüncü zalda sevinc hissi oyadan parlaq, rəngbərəng, günəşli bir aləmlə qarşılaşırıq. Burada İrina Eldarova, Tamilla Həsənova və Əfsanə Həbibin əsərləri yer alıb. Rənglərin parlaqlığı, sevgi və qadın düşüncələri bütün əsərlərdə bir-birini tamamlayır.
Qəribə gözəlliyi ilə təəccübləndirən bir əsərin qarşısında bir qədər çox dayanırıq. Bu da rəssam təxəyyülüdür. Ancaq belə bir duyğunu yalnız qadın hiss edib tabloya köçürə bilər. Adi qadın donu. Yuyulub ipdən asılıb. Müəllif donu ipdə tutan sıxacın (şpilka) sevgisini əks etdirir...
“Bura Bakıdır”...
Və nəhayət, beşinci zaldayıq. Bakı həm gənc, həm də qədim şəhərdir. Burada ənənələr və müasirliyin, sarı qum və mavi dənizin, gözəl qamətli sərv ağacları və taclı narın bir-biri ilə ayrılmaz bağlılığı var.
Ekspozisiyada Azərbaycan rəssamlarının və britaniyalı fotoqraf, iş adamı Kolin Rossinin əsərləri yer alıb. K.Rossi paytaxtımızın mərkəzini yaddaşa köçürüb. Şəhərin qədim və müasir binalarının fərqli rakurslardan çəkilən, tanış yerləri qeyri-adi göstərən fotokompozisiyalar diqqəti özünə cəlb edir. Qeyd edək ki, K.Rossi üç ildən çoxdur Bakıda yaşayır. Maraqlıdır ki, fotoqraf kimi karyerasına məhz burada başlayıb...
Paytaxtın fotokompozisiyası fonunda biz yenə də zalda quraşdırılmış monitorda “Mənim qızıl şəhərim” adlı virtual sərginin videogörüntülərini izləyirik. Keçmişin bu misilsiz ab-havasını bizə Vüqar Əli, Eldar Babazadə, Fuad Manafov, Nazim Yunusov, Elmar Ağamirzə, Tamilla Həsənova, Azər İslam, Elçin Bünyadov kimi rəssamlar öz əsərləri ilə yaşadırlar. Bu arada Boris Qrebenşikovun ifasında “Qızıl şəhər” musiqisi səslənir: Bura Bakıdır. Keçmişin qızıl dumanında, ötən günlərin Bakısı bizim qarşımızda dayanır – xəyallarımızın, nağıllar və böyük arzuların şəhəri. Uşaqlığın xoşbəxt günləri, yay tətili və imtahan öncəsi son məktəb günləri... Maraqlı səsi olan tramvaylar, gurultulu trolleybuslar, nələr, nələr... Bütün bunlar keçmiş xatirələrimizi oyadır.
Qeyd edək ki, hər iki virtual sərgi layihəsinin kuratoru və ideya müəllifi Muzey Mərkəzinin direktoru Liana Vəzirovadır.
Son olaraq vurğulamaq istərdik ki, sərgidə nümayiş olunan hər bir əsərin öz üzü var və hər birinə daha yaxından baxmağa dəyər.
Gözəlliyin, sevginin bayramı sayılan 8 Mart, eləcə də ruhumuzun bayramı olan Novruz ərəfəsində baharın rənglərini, əhval-ruhiyyəsini duymaq istəyənlərin nəzərinə çatdıraq ki, sərgi aprelin 22-dək yolunuzu gözləyir. Ümid edirik ki, bu müddətdə karantin rejimi yenidən sərtləşməyəcək. Amma hər halda yenə də bu günün işini sabaha saxlamayın. “Mavi səma altında” sərgisi şənbə və bazar günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:30-dək açıqdır...
Lalə AZƏRİ