Zəngin tarixi-mədəni irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sektorunun böyük inkişaf perspektivləri var. 1999-cu ildə «Turizm haqqında» qanunun qəbul edilməsi, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində bu sahədə nəzərəçarpacaq nəticələr əldə edilib, ölkəmizin turizm sektorunun beynəlxalq turizm bazarına inteqrasiyanın əsası qoyulub. Son illərdə ölkəmizin sürətli sosial-iqtisadi tərəqqisi bu sahədə yeni imkanlar yaradıb. Bugünlərdə ölkə prezidenti tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” həmin imkanların reallaşması üçün mühüm baza yaradır.
   
   Müxtəlif turizm istiqamətləri üzrə infrastrukturun yenilənməsi xarici turistlərin respublikamıza marağını artırmaqla yanaşı, həm də ölkədə yeni iş yerlərinin açılması deməkdir. Təkcə Qusarda inşa edilən «Şahdağ» Qış-Yay İdman-Turizm Kompleksində 5 minədək insan işlə təmin olunacaq.
   Ölkəmizdə turizmin əksər növlərinin, o cümlədən kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və s. növlərinin inkişafı üçün imkanlar mövcuddur. Bəs bu imkanlardan necə yararlanırıq?
   
   Turizm obyektlərinə vergi güzəştləri tətbiq edilməlidir
   
   Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalovun sözlərinə görə, ölkəmizdə turizmin bütün istiqamətlərinin inkişafı üçün potensial var: «İnkişaf edən turizm növləri içərisində birinci yeri çimərlik turizmi tutur. Xəzər sahilinin 825 km-i Azərbaycanın payına düşür. Bu, böyük potensialdır. Son illər bu sahədə çoxlu işlər görülüb. Xəzərsahili zonalarda, xüsusən Nabran ərazisində çimərlik turizmi ilə bağlı çoxlu turizm-istirahət mərkəzləri yaradılıb».
   Mütəxəssisin sözlərinə görə, ölkəmizdə turizmin inkişaf edən növlərindən biri də mədəni turizmdir: «Mədəniyyət və Turizm Nazirliyi turizmin bu növünün inkişafı üçün son illər çox işlər görür. Mədəni turizm çimərlik turizmi kimi mövsümdən asılı deyil. Azərbaycan ərazisində 6 mindən çox tarix-mədəniyyət abidəsi qorunub saxlanılır. Bu baxımdan incəsənətimiz, muğamımız, abidələrimiz bu turizm istiqamətinin inkişafı üçün böyük potensialdır. İpək yolu marşrutu ilə Azərbaycana gələn əcnəbi turistlər, ilk növbədə, mədəniyyətimizlə, tarixi yer və abidələrimizlə tanış olmaq üçün gəlirlər».
   B.Bilalov bildirir ki, ölkəmizdə böyük perspektivlər vəd edən turizm növlərindən biri də kənd turizmidir. Mütəxəssis yerli bələdiyyələrin intensiv şəkildə bu işə qoşulmasını vacib hesab edir: «Bələdiyyələr öz ərazilərində kiçik hotellər, qonaq evləri tikməklə, kənd turizminin atributlarını formalaşdırmaqla daha böyük gəlir əldə edə bilərlər».
   Perspektivli turizm növləri sırasında xüsusi yer tutan ekoturizm Azərbaycanda ötən əsrin 80-ci illərindən gündəmə gəlib. B.Bilalovun sözlərinə görə, 2010-cu ilin Azərbaycanda «Ekologiya ili» elan olunduğunu nəzərə alsaq, ekoturizmin inkişafına xüsusi diqqət verməyin vaxtıdır: «Bunun üçün bir sıra dövlət qurumlarının, ilk növbədə, Mədəniyyət və Turizm Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə işləməsinə ehtiyac var. Ölkəmizdə turizmin inkişafı ilə bağlı vergi güzəştlərinin edilməsi lazımdır. Bu səbəbdən Vergilər Nazirliyinin də bu məsələdə iştirakı zəruridir. Turizm üzrə inkişaf etmiş ölkələrin təcrübəsi də bunu deməyə əsas verir. Maneələr aradan qaldırılmalıdır ki, həvəsi olanlar bu işə qoşula bilsinlər».
   B.Bilalovun sözlərinə görə, ölkəmizdəki müxtəlif müalicəvi kurortlar bizə sağlamlıq turizmini də geniş inkişaf etdirməyə imkan verir: «Naftalan nefti kimi dünyada tayı-bərabəri olmayan müalicəvi palçıq, mineral bulaqlarımız turizmin bu növünün inkişafı üçün potensialdır. Sadəcə, kurort zonalarında dünya standartlarına cavab verən hotellərin tikilməsinə ehtiyac var. Bundan əlavə, avto-mototurizm, ekstremal, dağ, atçılıq, rekreasiya-istirahət turizmini inkişaf etdirmək olar. Hətta Xəzər dənizi imkan verir ki, ölkəmizdə sualtı - dainq turizmi inkişaf etsin».
   
   Turizm mövsümünün müddəti 150-160 günə çatdırılacaq
   
   Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun dediyinə görə, hazırda Azərbaycanda turizmin prioritet təşkil edən növləri mədəni, konfrans, rekreasiya-müalicə, ov, ekoloji, kənd turizmidir: «Qusarda «Şahdağ» Qış-Yay İdman-Turizm Kompleksinin inşası ölkəmizdə yeni turizm növünün - qış turizminin inkişafına imkan açacaq. Bundan əlavə, nazirliyin hədəf olaraq qarşısına qoyduğu məsələlərdən biri də turizm mövsümü günlərinin sayının artırılmasıdır. Bu gün Azərbaycanda real olaraq turizm mövsümü 45-60 gün hesab edilir. İstəyirik ki, cəlbedici infrastruktur layihələri yaratmaqla, turizm günlərinin sayının artırılmasına nail olaq. Mərhələlərlə bu müddəti 150-160 günə çatdırmaq niyyətindəyik».
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar