Yəqin ki, çoxunuz paytaxtımızda fəaliyyət göstərən teatr və muzey məkanlarında, konsert salonlarında dəfələrlə olmusunuz. Tamaşaya baxmısınız, qədim eksponatlarla tanış olmusunuz, musiqi dinləmisiniz. Bəs bu tikililərin tarixi, memarlığı haqqında necə, düşünmüsünüzmü? Qədimliklə müasirliyin qovuşduğu Bakı şəhəri gözoxşayan memarlığa malik belə binalarla zəngindir.

“Bir binanın tarixi” rubrikasında oxucularımızı paytaxtın memarlıq ansamblına rəng qatan, maraqlı keçmişə malik tikililərindən söz açacağıq. Bu silsilədən ilk olaraq balacaların sevimli ünvanı – Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasının tarixinə ekskursiya edəcəyik.

***

Azərbaycan Dövlət Kukla Teatrının binası paytaxtın günü-gündən böyüyüb gözəlləşən Dənizkənarı bulvarında yerləşir. Bu mədəniyyət ocağının maraqlı tarixi və özünəməxsus memarlığı var. Balacaların hələ uzaqdan görəndə üzünə təbəssüm qonan bu bina 1909–1910-cu illərdə Bakıda neçə-neçə memarlıq nümunəsinin müəllifi olan polşalı İosif Ploşkonun layihəsi əsasında inşa edilib.

İlk illərdə “Fenomen” kinoteatrının yerləşdiyi bina fərqli yaradıcılıq təşkilatlarına xidmət edib. Tikili yeni bulvarda hələ sıx yaşıllığın olmadığı vaxtda yaranmışdı. Güllüklərə və xiyabanlara bölünən bulvar heç bir bədii maraq kəsb etmirdi. Buna görə də fasadların detallarının görünüşləri ilə seçilən sinematoqrafın nəfis memarlığı dənizkənarı sahildə dominant rol oynayırdı. Binanın iri orderlərlə tərtib olunmuş, hündür stilobat üzərində yerləşən və attika, həmçinin məhəccərlə tamamlanan baş fasadı dənizkənarı sahildə çox təsirli və təntənəli kompozisiya kimi çıxış edirdi.

1921-ci ildə memar Zivər bəy Əhmədbəyovun iştirakı ilə təmir-bərpa işləri aparılan binada müxtəlif vaxtlarda “Satiragit” teatrı (Bakı Azad Tənqid-Təbliğ Teatrı), Bakı İşçi Teatrı, Musiqili Komediya Teatrı, Kənd Təsərrüfatı Nailiyyətləri Muzeyi fəaliyyət göstərmişdi.

Mədəniyyət ocağı şəhərdə ən böyük sinematoqraf idi və müasir texniki avadanlıqlarla təchiz edilmişdi. Tamaşaçı zalının uzunluğu təxminən 24 m, eni 11 m, hündürlüyü isə 10 m təşkil edirdi. Parterdə 400 tamaşaçı üçün yer vardı.

Binanın tikintisində xüsusi diqqətçəkən məqam ventilyasiya sistemi idi. Bu, Bakı üçün yenilik hesab edilirdi.

Tikilinin frontonunu qədim yunan mifologiyasından dörd tanrı – Merkuri, Baxusa, Poseydon və Afroditanın heykəlləri bəzəyirdi. Heykəllərin ikisi qarşı, digər ikisi isə yan fasadlarda yerləşdirilmişdi. 1952-ci ildə binada Kənd Təsərrüfatı Nailiyyətləri Muzeyi yerləşdiyi zaman bu dörd heykəl ləğv edilərək əvəzində tikilinin qarşısında müstəqil postament üzərində çoban heykəlləri qoyulub.

1964-cü ilin aprelində Neftçilər prospektində yerləşən bu əsrarəngiz məkan indiki  sahibinə qovuşur. Binada Azərbaycan Dövlət Kukla Teatrı fəaliyyət göstərməyə başlayır. Qeyd edək ki, teatrın «Sirk» adlı ilk tamaşası 1932-ci ildə göstərilmişdi.

1974-cü ildə teatra uşaqların sevimli yazıçısı, bu il anadan olmasının 140 illiyini qeyd etdiyimiz Abdulla Şaiqin adı verilir. 1980-ci ildə təmir aparılır və binanın fasad hissəsinin tarixi siması özünə qaytarılır.

Ötən illərdə bir sıra dəyişikliklərə məruz qalmasına baxmayaraq, bina öz füsunkarlığını qoruyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə burada əsaslı təmir, yenidənqurma işləri aparılıb. Müasir texniki avadanlıqla da təchiz olunan bina 28 dekabr 2007-ci ildə yenidən qapılarını balacaların üzünə açıb.

Hazırda 200 tamaşaçı yeri olan teatrın foyesində, divarların səthində məşhur nağıl qəhrəmanlarımız əsasında iri rəsmlər işlənib. Foyedə divarboyu 300 kvadratmetr sahədə Xalq rəssamı Toğrul Nərimanbəyovun “Azərbaycanın nağıl aləmi” əsəri çəkilib.

***

Balacalarda səhnə sənəti haqqında ilkin təsəvvür yaradan, onları nağıllar dünyasına aparan bu sənət ocağı hazırda pandemiya səbəbindən öz sevimli tamaşaçılarından uzaq düşüb. Ümid edək ki, yaxın zamanda koronavirus bəlasından qurtulub normal həyata dönərik. Uşaqlar da hər gün olmaq istədikləri Kukla Teatrının bir-birindən maraqlı tamaşalarından yenə zövq alarlar...

Nurəddin MƏMMƏDLİ