Özbəkistanın “uchildiz.uz” xəbər portalında Azərbaycan muğam sənətində  xüsusi yeri və xidmətləri olan məşhur xanəndə Məşədi Məmməd Fərzəliyev haqqında rus dilində məqalə dərc olunub.

Məqalədə xanəndənin muğam ustadı Xarrat Qulunun şagirdi olması, tarzən Məşədi Cəmil Əmirovla birgə toylarda və bayramlarda iştirak etməsindən bəhs edilir.

Qeyd olunur ki, Məmməd Fərzəliyev Şuşada doğulub, gəncliyini Gəncə şəhərində keçirib. Məşhur xanəndə təkcə Azərbaycanda deyil, Orta Asiyada, Türkiyədə, Avropa ölkələrində çıxış edib.

1912-1915-ci illərdə “Sport-rekord” və “Ekstrafon” musiqi şirkətlərinin dəvəti ilə Kiyev və Varşavada olub, 40-a yaxın muğamı vala yazdırıb. Bildirilir ki, xanəndə 1929-cu ildə Türkiyəyə gedib, 1962-ci ildə orada 90 yaşında vəfat edib.

Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə musiqişünas Firudin Şuşinskinin “Azərbaycanın xanəndələri və musiqiçiləri” kitabı əsasında hazırlanıb.