“Mənim üçün ön planda olan kişi və ya qadın xüsusiyyətləri yox, insani məqamlardır”

Yəqin onu çoxunuz tanıyırsınız. Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından Qəqəni ləqəbli Kəmalə Qəhrəmanovanı (upuzun saçlarını dibindən kəsdirərək özünü Kamal Qəhrəmanov da edib) deyirəm. Onunla çoxlu müsahibələr aparılıb, haqqında çox yazılıb.

Özünün də dediyi kimi, “çox vaxt qadın olduğu unudulub, unutdurulub”. Amma o, bundan heç vaxt zövq almayıb, daha doğrusu, bütün qəhrəmanlıqları, kişiyanə xüsusiyyətləri kölgəsində gizlənən zərifliyə qadına boy vermək, söz haqqı tanımaq istəyib.

Ona görə də savaşın hər üzünü görən, həyatda qalmaq üçün yox, həyatın nə qədər dəyərli bir nemət olduğunu özünə və başqalarına isbat eləmək üçün yaşayan qadına bu dəfə tam başqa bir rakursdan baxacağıq. Onun və mənim istədiyim kimi – əsl qadın söhbəti etdik. Sizə deyim ki, çox uzun alınan söhbətləşmə-dərdləşmə çətin bir qəzet səhifəsinə sığardı. Ona görə də, sadəcə, bu uzun yolun “üç dayanacağı”nda etdiyimiz söhbətləri köçürdüm – müharibə, xilas, qadın.

Qadınlar bayramı söhbətimizin qəhrəmanı – dünənin kəşfiyyatçısı – Qarabağ mücahidi, düşmənə qan udduran döyüşçü, bu günün xilasedicisi – Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin baş mütəxəssis-xilasedicisi və ən nəhayət, kövrək və sevgi dolu Azərbaycan qadını Kəmalə Qəhrəmanovadır.

 

Döyüşçü

 

– Kəmalə xanım, haqqınızda oxuyuram: “1973-cü ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. Qarabağ hadisələri başlayanda, 18 yaşında ikən Çingiz Mustafayevin “215 KL” studiyasından cəbhəyə çağırışını eşitdikdən sonra saçlarını qırxıb özünü kişi cildinə salır və “Kamal Qəhrəmanov” kimi könüllü olaraq Şəhidlər xiyabanından birbaşa cəbhəyə yola düşüb. Ağdamda Yaqub Rzayevin (Qatır Məmməd) özünümüdafiə batalyonuna qoşulduqdan sonra döyüşün ən qaynar yerində topçu dəstəsində ermənilərin başına od ələyib. Daha sonra Şuşa batalyonuna keçib. Kəlbəcər, Ağdərə, Füzuli, Murov istiqamətindəki döyüşlərdə iştirak edib. 24 sentyabr 1992-ci ildə ağır yaralanıb. İki ay müalicə aldıqdan sonra yenidən döyüşə qayıdıb. 1993-cü ilin aprelində Murovdağda gedən döyüşlərə kəşfiyyatçı kimi  qatılıb. Atəşkəs elan olunandan sonra – 1994-cü ildə Ali Hərbi Dənizçilik Məktəbi nəzdində açılmış şəxsi heyətlə iş üzrə zabit hazırlığı kurslarına göndərilib. Beş il zabit kimi xidmət etdikdən sonra öz xahişi ilə ordudan tərxis edilib”.

– Vay-vay, mən nəymişəm? (gülür) Yox, canım, belə şeylərdən danışmayaq. Müharibə, qadın, döyüş, ölmək, öldürmək...

 

–  Məncə də. Həm istəyənlər haqqınızda kifayət qədər material əldə edə bilərlər. Odur ki, keçək əsas mətləbə.

– Deyəsən, məni xeyli uzaq söhbətə çəkəcəksiz.

 

– Məmnun qalmasanız, yarıda saxlayarıq.

– Razılaşdıq.

 

– Müharibə, qadın, qırmızı...

– Hə, bildim niyə bu sualdan başladıq. Qırmızı mənim üçün enerjidir, çox sevirəm o rəngi. Adətən müharibədə olan insanların qırmızı nifrəti, qorxusu olur. Məndə isə əksinədir.

 

– Sizin, elə bizim də uşaqlığımız, yeniyetməliyimiz müharibə dövrünə düşdü...

– 15 yaşa qədər sanki uşaq idim, məhz 15-dən sonra dəyişdim. Peşə məktəbinin də bu düşüncədə böyük rolu oldu. O vaxtlar milli azadlıq hərəkatı yeni başlamışdı. Mən orta məktəbdən peşə məktəbinə keçdim və orada müəyyən hadisələr fonunda anladım ki, tam başqa bir ovqatdayam. Hərçənd əvvəldən idmanla məşğul olmuşam, özü də peşəkar səviyyədə. Müxtəlif yarışlara da qatılmışam. Sonra müharibə... məni bütün gələcək planlarımdan qopardı. Təsəvvür edin, bütün beynim silindi və bir ideya qaldı: Kəmalə, sən getməlisən. Və getdim....

 

– Maraqlıdır, heç bir anlıq “yox, alınmaz, çətin olar” düşüncəsinə qapılmadınız?

– Yox, heç o barədə düşünmədim. Zatən naz-qəmzəli olmamışam, şəhərdə böyüsəm də, əsl kənd həyatı yaşamışam. Sonra da idman. Buna görə də müharibədə fiziki olaraq heç bir əziyyət çəkməmişəm. Bir az böyük çıxacaq, amma mənim üçün vətənə xidmət hər işin qulpundan yapışmaq idi. Sonu da silaha sarılmaq oldu. İndi başa düşürəm ki, elə o müharibəyə də xilasedici kimi getmişəm. İlk bir ay döyüş görmədim, heç səngərə də buraxmadılar. Yəqin bununla məni qorumaq istəyirdilər. Mənə bir uşaq kimi baxırdılar. Bu şəraiti komandirimiz Yaqub əmi yaratmışdı.

 

– Bu kamuflyaj nə üçün idi? İnanmıram ki, əsgər yoldaşlarınız qız olduğunuzu bilməsinlər. Yəqin düşməndən yayınmağa xidmət edirdi.

– Bəli, əslində, düşməni aldatmaq üçün idi. Qız olduğumuzu bilən kimi daha çox izləyir və əsir götürmək istəyirdilər. Həm də özünü təsdiq etmək kimi bir idealım var idi. Demirəm ki, bunu ağıllı, planlı şəkildə edirdim. Sadəcə, vəziyyət belə tələb edirdi.

 

– Müharibə dövrü – döyüşlər, yaralanma, kəşfiyyatçı kimi cəsurluğunuz və son.

– 1991-ci ildə geyindiyim hərbi geyimi 1999-cu ilin may ayında soyundum.

 

– Qorxu demirəm, ölmək və ya öldürmək, ümumən itirmək, məğlub olmaq, nədənsə imtinaya məhkum olmaq kimi qorxular necə, olubmu?

–  Mən qorxunu zamanla öyrəndim, əvvəl qətiyyən yox idi.

 

– Sualım kobud alınacaq, amma mənim üçün maraqlıdır: müharibə sayəsində nəyi qazandınız və ya əksinə, nəyi itirdiniz?

– Müharibə sayəsində insan olmağı öyrəndim. Ora gedərkən instinktlə hərəkət edən insan idim, amma müharibə mənə hər şeyin batininə enərək fərqinə varmağı öyrətdi. İtkiyə gəlincə, belə deyim də, heç nəyi. Özümü dərk edəndən hadisələri faciəyə çevirməyi sevməmişəm. Bir növ taleyimlə asanlıqla barışmışam. Hətta hər şeyə komik baxmağa çalışmışam.

 

– Belə olduqda insan itirmək qorxusu üzərində qələbə qazanır?

– Müharibə insana həyatın hər an itiriləcəyi gerçəyini çox amansız formada göstərir. Baxın, müharibədə aldığım zədələr sayəsində, demək olar ki, sol qolum işləmir. Doğrudur, əlillik dərəcəsi almamışam, amma fakt budur ki, zamanla hissiyyatını itirir. Nə edim, oturub gözləyim? Yox, məhz bu vəziyyətdə mən beynəlxalq dərəcəli idman ustası oldum, işimlə əlaqədar ən çətin hazırlıqlara getdim. Bundan imtiyaz, yaxud faciə düzəltmirəm. Yaşayıramsa, bunu ilk olaraq özümə isbat etməliyəm. Bir dəfə həkimimə “Mənə xəstəxanalarda yaşaya-yaşaya ölümü gözləmək lazım deyil” deyib səyyah kimi dağlara yol aldım, effekti də oldu.

İnsanı idarə edən qorxuları, bağlılıqlarıdır. Yaradan sonsuz varlıqdır, ona bağlandıqda hər şeyin ötəri olduğunu anlayırsan və məhz ondan sonra rahat yaşamağa başlayırsan. Heç nəyə bağlanmadan bu səviyyədə düşüncəyə çatmağımı da müharibədən qazancım sayaq.

 

Xilasedici

 

– Müharibədə Qəqəni, xilasetmədə Kəmalə. Əlaqəni qırmadınız ki?

– Məncə, dünyaya kəşf üçün gəlmişəm. Elə müharibədə də kəşfiyyatçı idim. O Kəmalə daha çox kəşf edən idi. İçindəki kəşf etmək marağı hər faciəyə bir əsaslandırma edirdi. Yəqin sonluğu, nəticəni görmək istəyirdi. Mərhələdən mərhələyə keçid kimi.

 

– Müharibəyə xilas üçün getmişdiniz, xilasediciliyə də?

– Sözsüz, həyatımda çox maraqlı, yeni mərhələ idi mənim üçün.

 

– Qarşımda həqiqi ağrılarını, yaşantılarını pərdələmək istəyən qadın da var.

– Hə, o da var. Gəlin, ona toxunmayaq, icazə verək sussun.

 

– Amma mən ən çox şıltaq qız obrazınızı bəyəndim.

– Mən də. Özü də bu, həmişə var. Yəqin çoxumuzun ən dərin düşüncələrində hələ də böyüməyən qızcığaz var. Xüsusən bizim nəsil uşaqların. Müharibə sayəsində uşaqlıqdan bir andaca böyüklüyə, böyük obrazına keçdik, axı. Ona görə arabir keçmişə, yarımçıq qalmış uşaqlığa qayıtmaqla ovunuruq.

 

– Deyəsən, Fövqəladə Hallar Nazirliyi sistemində ilk xilasedici qadın da məhz siz olmusuz?

– Bəli, 6 aylıq ağır sınaqlardan sonra məni təsdiq elədilər. Sonra gördülər ki, yox, qadınlar da bu işi bacarır. Qadınlardan ibarət qrupu yığmağı mənə həvalə elədilər. İndi maşallah, kifayət qədər güclü, bacarıqlı qadınlarımız var.

 

– Deməli, Kəmalələr var hələ?

– Mən onların kölgəsində qalaram. Elə qadınlarımız var ki, fiziki bacarıqları ilə kişiləri belə üstələyirlər.

 

Qadın

 

– Bayaqdan romantizmdən danışırıq. Qadınlar bu mövzularda çox vaxt hissə qapılırlar...

– Qorxulu heç nə yoxdur. Əsas odur ki, yaşadıqlarını öz içində analiz edə biləsən.

 

– Hiss edirəm, bu sizdə yaxşı alınır. Nə də olmasa, dərzisiz axı...

– (gülür) Məqamı yaxşı tutmusuz. Məncə, bütün qadınlar bir az dərzi olmalıdır. Gəlin, sizə tikdiyim paltarlardan da danışım. Peşə məktəbində dərziliyi öyrənmişəm, indi də yaxşı paltar tikməyi bacarıram, amma özüm üçün. Daha çox uydururam, fantaziyamı işə salıram. Qadınıq axı, seçilmək əsas qayəmizdir (gülür). Bir dəfə bir neçə köhnə paltarımı söküb bir don əmələ gətirdim. Ətrafımdakı bütün qadınlar haradan aldığımı soruşanda xeyli güldüm. Dərd burasındadır ki, heç kimə inandıra bilmədim ki, özüm tikmişəm. Ümumən kosmetikadan istifadə etmirəm. Nadir hallarda, gərək nə isə fövqəladə hadisə olsun ki, mən bəzənim. Çox sevdiyim rəfiqəmin toyu idi. Dedim qoy sürpriz edim. Əsl xanım-xatın libası – milli geyim hazırlatdım, xeyli də bəzək-düzək verdim özümə. Restorana girəndə iş yoldaşlarım, təbii ki, məni tanımadılar...

 

– Qadınlar tez-tez depressiyaya düşə, çox sadə təskinlik addımları ilə də ondan çıxa bilərlər. Sizdə bu hal baş verəndə nə edirsiz?

– Uzaq, çətin səfərlərə çıxıram. Sonuncu dəfə 10 gün şimal bölgəmizi gəzdim, pay-piyada.

 

– Sualı başqa cür verim: qadın kimi diktə etməyiniz vamı?

– Adi yarışı belə sevmirəm. Elə olub ki, qələbə anında ondan vaz keçmişəm. İçimdəki Kəmalə deyib ki, yox, meydanı bu dəfə ona ver. 

 

– Belə çıxır ki, qadın olaraq mücadilə aparmağı bacarmırsız?

– Qalib olmağı sevmirəm, onun yaşatdığı o ani həzz belə artıq maraqlı deyil. Qələbə mənim üçün başqalarına üstün gəlmək hissinə çevrilən gündən bütün yarışlardan imtina elədim. Çox vaxt tamamilə fərqli yol keçməyi sevirəm və buna nə məğlubiyyət, nə də güzəşt kimi baxmıram. Sadəcə, düşünürəm ki, bu yoldan çıxmalı və yeni cığır açmalıyam. Elə zabit kimi hərbidən imtina edib xilasediciliyi seçməyim də bununla bağlı idi. Həyatı, rəngarəngliyi sevirəm.

 

– “Qadının silahı zərifliyidir” fikri mübahisəlidir?

– Ümumən qarşımdakı insanı təsirləndirməyin bütün formalarına vara bilərəm. Amma mənim üçün ön planda olan kişi və ya qadın xüsusiyyətləri yox, insani məqamlardır. Çünki onların hamısı obrazdır. Hətta həyat yoldaşıma qarşı qadın xislətimi istifadə eləmirəm. İstənilən halda kişini təsir altına salmaq olar. Amma həyatda səmimiyyət kimi vacib məqam var və ondan bacardıqca yararlanmalısan. Saatlarla güzgü qarşısında  dayanmaq, salonlarda, alış-verişdə vaxt keçirmək, məncə, manipulyasiya üçündür.

 

– Yəqin qısqanclıq duyğusunu da özünüz üçün ayırd etmisiz?

– O hiss “mən varam”dan mayalanır. Yəni məni qısqanırlarsa, həsəd aparırlarsa, deməli, mövcudam. Yoldaşım Rusiyaya gedib-gələn adamdır. Arabir beynimə gələn o fantaziyaları, qısqanclıq mülahizələrimi ona da deyirəm. Qəribə adamdır, özüm kimi. Sakitcə qulaq asır və “Narahat olma, bu düşüncələr mənim də beynimdən keçə bilər” deyib gülür. O düşüncələrin sənin – istər qadın, istər kişi – beynini gəmirməyinə imkan verməməlisən, onu idarə eləməlisən. Bir də güvənməlisən. Ən əsası da axışına buraxmalısan.

 

– Qarşı cinsin nümayəndələrindən “qadına bax e” ifadələrini tez-tez eşidirsiz?

– Hə, amma yaxşı mənada. Bunun 90 faizi heyrət, bir 10 faizi də qısqanclıqdır.

 

– Kişiləri daha yaxşı tanıyırsız, yoxsa qadınları?

– Özümü, özümü daha yaxşı tanıyıram. Özümü kişiyə bənzətməyi heç sevmirəm, bununla içimdəki qadını dəyərsiz edirəm axı. Ona görə “kişi kimi qadın” sözündən zəhləm gedir. İnsan xislətinə endikcə orada kişi və qadın yoxdur. Bununla bir-birimizi obraza daxil edirik. Bu mentalitetdən irəli gələn yanlış düşüncədir. Ümumən xarakterik keyfiyyətləri kişi və ya qadına bölmək olmaz.

 

– Sizcə, Azərbaycan qadını öz əsas obrazında ədəbiyyatın, kinonun ana planına gələ bilibmi?

– Mənim baxdığım bucaqda anladığım qəti təsvir yoxdur. Müəyyən filmlər var, amma onlar da səthidir. Özü də nəinki qadınlar, heç kişilərin də əsl obrazı öz əksini tapmayıb. Ümumən biz müharibənin alt qatına enib, oradakı insan hisslərini bədii materiala, təəssüf ki, çevirə bilməmişik. Müəyyən cəhdlər var, xüsusən də səmimiyyətini və reallığını qoruyan “Fəryad”. Mən müharibədə əsir götürülən və başına min cür müsibətlər gətirilən qadınların dramının təkrar-təkrar qabardılmasının, çılpaqlığı ilə ortaya tökülməsinin əleyhinəyəm. Bu, ən bəsit yaradıcı işgəncədir. Ümumiyyətlə, insanlara müharibəni səmimi, sadə, real təsvir etmək lazımdır. Qadın, kişi, uşaq, fərq etməz, əsas təsvirdir.

 

– Bu barədə müqayisəli müzakirəni başqa səfərə saxlayaq?

– Mən razı.

Söhbətləşdi: H.NİZAMİQIZI