Bu yaxınlarda ölkə prezidenti tərəfindən təsdiq olunmuş «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda turizmin müxtəlif növlərinin inkişafı məsələləri öz əksini tapıb. Sənəddə diqqəti çəkən məqamlardan biri də turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun, mehmanxana və digər turizm xidmətləri göstərən obyektlərin yaradılması ilə bağlıdır. Məlumdur ki, Azərbaycan özünün müalicəvi suları, nefti, palçıq vulkanları ilə məşhurdur. Turizmin inkişafına dair yeni qəbul edilmiş dövlət proqramında kurortla turizmin birləşdirilməsini dövlət tərəfindən bu məsələyə göstərilən yüksək qiymət kimi qəbul etmək olar.
   
   
   Kurort zonalarına turizm şirkətləri vasitəsilə müştəri cəlb edilir
   
   Bu fikri Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalov da bölüşür. Onun sözlərinə görə, turizm və rekreasiya zonaları dedikdə insanların əyləncəsini, istirahətini, müalicəsini və sağlamlığını təmin edən, müvafiq turizm infrastrukturuna malik olan təbiət və mədəniyyət kompleksləri nəzərdə tutulur.
   Mütəxəssis qeyd edir ki, turizm və rekreasiya zonalarının yaradılması məsələsi 2008-ci ildə ölkə başçısı tərəfindən təsdiq olunmuş «Azərbaycanda turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə»də də əksini tapıb: «Həmin sənəddə turizm-rekreasiya zonasının yaradılması, turizm-istirahət və rekreasiya üçün münbit şəraitin təşkil edilməsi məsələləri əks olunmuşdu. Bu məsələnin “2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda da əks olunması onu göstərir ki, ölkə rəhbərliyi respublikada turizmin bu növünün inkişafına, turizm-rekreasiya zonalarının yaradılmasına xüsusi önəm verir».
   Mütəxəssis bildirir ki, 2009-2018-ci illər üçün Azərbaycanda kurortların inkişafı üzrə Dövlət Proqramı təsdiq edilib. Bu sənəddə kurortlarla bağlı həyata keçiriləcək tədbirlər öz əksini tapıb: «Amma burada təəssüfləndirici bir məqam var ki, layihəni hazırlayanlar kurort işini turizmdən ayrı götürüblər. Dünya təcrübəsi isə göstərir ki, kurort və turizm bir-biri ilə bağlı sahələrdir. Bu baxımdan turizmin inkişafına dair yeni dövlət proqramında kurortlarla turizmin birləşdirilməsi təqdirəlayiqdir. Tədbirlər planında rekreasiya turizmi üzrə kurortlar və sanatoriyalar barədə rekreasiya planlarının hazırlanması (maddə 2.3.5), müalicəvi su və digər təbii mənbələrin olduğu ərazidə müasir tələblərə uyğun rekreasiya-yerləşdirmə obyektlərinin tikintisi (maddə 2.3.6) məsələləri yer alıb: «Bütün bunlar ölkə rəhbərliyi tərəfindən kurortun və turizmin birləşdirilməsinə verilən önəmdir. Bu gün dünyanın bütün kurort zonalarına turizm şirkətləri vasitəsilə müştəri cəlb edilir».
   Həmsöhbətimizin dediyinə görə, Azərbaycanda Mərdəkan, Zuğulba, Novxanı, Pirşağı, Bilgəh, Şabranda Qalaaltı, Şabran və s. kurort zonaları var. Bu kurortların ətrafında müasir standartlara cavab verə bilən yerləşdirmə obyektlərinin tikintisi vacibdir: «Əgər kurortlarla bağlı dövlət proqramında əsas məsələlər Səhiyyə Nazirliyinə tapşırılırdısa, yeni turizm proqramında bu məsələlərin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən koordinasiya olunması nəzərdə tutulur. Çünki kurort zonaları yaxınlığında mütləq mehmanxanalar olmalıdır. Tutaq ki, xarici ölkələrdən Naftalana müalicə məqsədilə insanlar gəlib. Onların qalması üçün normal şəraitli mehmanxana olmasa, növbəti ildə təbii ki, bu insanlar gəlməyəcəklər. Ümumiyyətlə, indi Azərbaycanda kurortların yaxınlığında sovet dövründən qalma şəraitsiz, heç bir normaya cavab verməyən sanatoriyalar fəaliyyət göstərir. Naxçıvanda - Duzdağda müasir tipli beşulduzlu hotel tikilib. Artıq nəinki MDB məkanından, hətta xarici ölkələrdən oraya müalicə olunmaq üçün astma xəstələri gəlirlər. Bu baxımdan da bütün kurort zonalarında yüksək standartlara cavab verən infrastruktur yaradılandan sonra oraya müalicə üçün gələn xarici turistlərin sayı artacaq».
   
   Palçıq vulkanları müalicəvi əhəmiyyətli kurort məhsuludur
   
   Azərbaycan Turizm İnstitutunun Tədqiqat və inkişaf şöbəsinin müdiri Eldar Aslanovun dediyinə görə, kurortlar sağlamlıq turizmi kimi mühüm əhəmiyyət kəsb edir: «2002-ci ildən indiyə qədər Azərbaycanda mehmanxana tipli müəssisələrin sayı 4 dəfə artıb. Buna baxmayaraq, sanatoriya-kurort müəssisələrinin yaxınlığında müasir tipli yerləşdirmə yerlərinin tikintisinə ehtiyac var. Naftalan, Bilgəh və İstisudakı sanatoriyalarda yerləşdirmə yerləri var. Amma onların müasir tələblərə nə qədər cavab verməsi, bura gələn turistlərin istirahəti, əylənməsi, vaxtlarını səmərəli keçirməsi məsələsi problemdir».
   E.Aslanovun fikrincə, Azərbaycandakı kurortların vəziyyətini iki cür xarakterizə etmək olar: «Birincisi, sovet dövründə qurulmuş, son illər bir hissəsi qaçqın və məcburi köçkünlər yerləşdiyi üçün, bir hissəsi də keçid dövründəki baxımsızlıq ucbatından yaxşı şəraitdə olmayan ərazilərdir. İkincisi isə heç sovet dövründə də yetərincə diqqət göstərilməyən kurort yerləridir. Məsələn, palçıq vulkanları müalicəvi əhəmiyyətli kurort məhsuludur. Amma təəssüf ki, palçıq vulkanlarının olduğu ərazilərdə müvafiq infrastruktur yoxdur. Ona görə də “2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda bu məsələ ciddi şəkildə qoyulub. Hətta turizm-rekreasiya zonaları haqqında əsasnamədə də bu məsələ var ki, bütün turizm zonalarında, xüsusilə də tarixi abidələrin olduğu yerlərdə təmiz havası, faydalı suları, həmçinin palçıq vulkanları olan ərazilərdə müvafiq infrastruktur qurulsun. Hazırda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində hazırda Naftalan sanatoriyasının təmiri gedir, Masallıda İstisuda müəyyən işlər aparılıb, amma bu işlərin daha da genişləndirilməsinə ehtiyac var. Nəzərə alsaq ki, ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır, onda müasir standartlara uyğun turizm obyektlərinin tikintisi çox vacibdir».
   Azərbaycan Kurortlar Birliyinin sədr müavini Fərrux İsmayılov isə yeni Dövlət Proqramı ilə tanış olmadıqlarından hələlik məsələyə münasibət bildirə bilməyəcəyini söylədi.
   İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Yardım Fondundan qəzetimizə verilən məlumata görə, Dövlət Proqramı qəbul ediləndən sonra sahibkarlardan hər hansı kurort zonasında turizm obyekti tikmək məqsədilə fonda vəsait ayrılması xahişi ilə müraciət daxil olmayıb. Əgər belə bir müraciət alarlarsa, onu müsbət yöndə cavablandıracaqlar.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar