Nigar Nərimanbəyovanın sərgisi açılacaq
Bakı İncəsənət Mərkəzi tanınmış rəssam, rejissor, animator Nigar Nərimanbəyovanın “Xəyalların fantasmaqoriyası” adlı sərgisini təqdim edəcək. 13-30 mart tarixində keçiriləcək sərgidə rəssamın 20-yə yaxın əsəri nümayiş olunacaq.
Parisdə yaşayan Nigar Nərimanbəyova Azərbaycan mədəniyyətinə əvəzsiz xidmətlər göstərmiş Nərimanbəyovlar nəslindəndir, Xalq rəssamı Vidadi Nərimanbəyovun qızıdır.
Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini əla qiymətlərlə başa vurandan sonra Moskvada S.Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda multiplikasiya rəssamı (animator) ixtisası üzrə Lev Milçinin sinfində təhsil alıb.
Nigar Nərimanbəyova öz əsərlərində adətən yuxularını və xəyallarını əks etdirir. “Yuxu və yuxuyozmalar” mövzusu onun yaradıcılığında əsas xətlərdən biridir. Rəssam Azərbaycanı Avropada mötəbər incəsənət layihələrində təmsil edir, Fransanın bir sıra şəhərlərində sərgiləri keçirilib və böyük maraqla qarşılanıb. Onun “Adajio” əsəri uzun müddət parislilərin və turistlərin ən sevimli gəzinti yeri olan Parisin mərkəzindəki “Marre” rəssamlar məhəlləsində yerləşən qalereyanın əsas vitrinini bəzəyib. Sonra əsər Monakoda Şahzadə II Albertin himayəsi ilə keçirilən “Dünya rəssamları” adlı sərgidə uğurla nümayiş olunub.
LALƏ