Dost ölkələr olan Azərbaycan və Macarıstan iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığı fəallaşdırmalıdır. Xüsusilə də, işğal altında olan ərazilərimizin azad edilməsindən sonra orada yenidənqurma sahəsində çoxlu imkanlar mövcuddur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri martın 10-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, işğaldan azad edilmiş ərazilər tamamilə viran qoyulub və biz həmin əraziləri sıfırdan yenidən qurmalıyıq. “Söhbət Azərbaycanın böyük bir hissəsi – 10 min kvadrat kilometrdən artıq ərazidən gedir və biz bu işi tərəfdaşlarımızla əməkdaşlıq şəraitində icra etmək istəyirik. Mən artıq bir neçə dəfə bunu ictimai şəkildə bəyan etmişəm ki, biz dost ölkələrdən olan şirkətləri əməkdaşlığa dəvət edəcəyik. Macarıstan Azərbaycanın ən yaxın dostlarındandır. Əminəm ki, Macarıstan şirkətlərinin də azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışmaqla bağlı çoxlu imkanları olacaq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.