İlk baxışda bu sahə üçün perspektivli görünməyən yerlərdə də maraqlı turizm layihələri həyata keçirmək olar
   
   Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri turizm sahəsini əhatə edir. Rayonlarda turizm üçün maraq kəsb edən tarix və mədəniyyət obyektlərinin təmir-bərpasından tutmuş yüksək səviyyəli turizm infrastrukturunun, zəruri nəqliyyat-kommunikasiya imkanlarının yaradılmasınadək görülən işlər ölkə rəhbərliyinin daxili turizmin inkişafına verdiyi diqqətin göstəricisidir.
   
   
   Təsadüfi deyil ki, bu məsələ bir qədər əvvəl ölkə başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda da geniş şəkildə əksini tapıb. Dövlət Proqramı yaxın beş ildə Azərbaycanda turizm sektorunun sürətli inkişafını, bu sahədə rəqabətə davamlı infrastrukturun yaradılmasını nəzərdə tutur. Təbii ki, ayrı-ayrı bölgələrimizin füsunkar təbiəti, maddi-mədəni sərvətləri turizmin inkişafı üçün geniş imkanlar açır. Bununla belə, ilk baxışda bu sahə üçün perspektivli görünməyən yerlərdə də maraqlı turizm layihələri həyata keçirmək, müxtəlif turizm-istirahət obyektləri inşa etmək mümkündür.
   Bugünlərdə (22 aprel) Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə Sabirabad rayonuna səfərimiz zamanı bunun bir daha şahidi oldum. Sabirabad rayonu kənd mədəniyyət işçiləri ilə görüş çərçivəsində mədəniyyət müəssisələrinin, muzeylərin, kitabxanaların yenidən qurulması məsələsi ilə yanaşı, yerlərdə turizmin inkişafı məsələləri də diqqətə alındı.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Firudin Qurbanovun rəhbərliyi ilə indiyədək Quba, Qusar, Qax, Lerik və başqa rayonlarda kənd mədəniyyət işçiləri ilə belə görüşlər keçirilib. F.Qurbanov Sabirabad rayonunda keçirilən görüşdə mədəniyyət və turizm sahəsində dövlət siyasətinin əsas istiqamətləri, son zamanlar bölgələrdə mədəniyyət müəssisələrində aparılan quruculuq və bərpa işləri haqqında ətraflı məlumat verdi. O, çıxışında mədəniyyət sahəsi ilə yanaşı, turizm istiqamətində də görülən işlər barəsində bəzi mühüm məqamlara toxundu: «Turistlər əsasən ölkənin mədəniyyət müəssisələri, tarixi abidələri və təbiəti ilə maraqlanırlar. Bu baxımdan rayonlarda mədəniyyət müəssisələrinin təmir-bərpası həm də yerlərdə turizmin inkişafı üçün önəm kəsb edir». F.Qurbanov Sabirabad rayonunda, ilk növbədə, tarix-diyarşünaslıq muzeyinin təmirə ehtiyacı olduğunu qeyd etdi: «Muzeylərdə bizim tariximiz yaşayır. Buradakı eksponatlar üçün əsl muzey şəraiti yaradılmalıdır. Turistlər də muzeylərə böyük maraq göstərirlər”.
   
   Suqovuşana turistləri cəlb etmək mümkündür

   
   Nazirlik rəsmisi bölgələrdə turizmin inkişafının yeni iş yerlərinin açılmasına təkan verdiyini də nəzərə çatdırdı. Qeyd etdi ki, hər bir rayona xarici turistlərin gəlməsi nəticə etibarilə yerlərdə sosial-iqtisadi vəziyyətə müəyyən müsbət töhfə verir: «Məlumdur ki, orta hesabla hər bir turist getdiyi ölkədə 750 dollar pul xərcləyir. Belə olduğu halda, biz hər bir rayonumuzun turizm potensialını dəyərləndirməliyik. Sabirabadda Qafqazın iki böyük çayı - Kürlə Araz qovuşur. Araz çayının Kür çayına qovuşduğu yer - Suqovuşan çox maraqlı bir məkandır. Buranın turizm potensialından istifadə etmək mümkündür. Bu gün həmin mənzərənin şahidi oldum. İnsan bu sakit mənzərədən yüksək zövq alır. Belə olduğu halda niyə biz buraya turistləri cəlb etməyək? Biz həm mədəniyyət müəssisələrimizi müasir standartlar səviyyəsində bərpa etməliyik, həm də hər bir rayonun turizm potensialını araşdırmalıyıq”.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi regional turizmin inkişafı üçün əsas obyektlərdən sayılan mədəniyyət müəssisələrinin yenidən qurulması ilə bağlı tədbirləri digər rayonlarda davam etdirməkdədir.
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar