Martın 10-da Tbilisidəki Gürcüstan Parlamentinin Milli Kitabxanasında böyük ədib və mütəfəkkir, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin (1812-1878) vəfatının 143-cü ildönümünə həsr olunmuş sərgi açılıb.
Sərgidə dramaturqun Gürcüstan Milli Kitabxanasında və Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində saxlanılan portretləri (foto, rəsm), eləcə də əsərləri və haqqında yazılmış kitablar nümayiş etdirilib.
Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva çıxış edərək Mirzə Fətəlinin həyat və yaradıcılığından söhbət açıb.
Sonra kitabxananın şöbə müdiri Levan Taktakişvili Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən danışıb, Axundzadənin bu əlaqələrin inkişafındakı xidmətlərindən, eləcə də kitabxanada saxlanılan Azərbaycan ədiblərinin əsərlərindən söz açıb.
Azərbaycanın Gürcüstandakı Səfirliyinin məsul əməkdaşı Eldar Bayramov çıxışında M.F.Axundzadənin yaradıcılığından, dramaturgiyamızın inkişafındakı rolundan, eləcə də Gürcüstanda yaşayıb-yaratmış azərbaycanlıların yaradıcılığından bəhs edib.
Diplomat strateji tərəfdaş olan Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafında bu cür tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.
Digər çıxışlarda Axundzadənin yaradıcılığından danışıb, Azərbaycan mədəniyyətinin, dramaturgiyasının inkişafında, gürcü və Azərbaycan xalqları arasında mədəni əlaqələrin dərinləşməsində, eləcə də insanların maariflənməsindəki xidmətlərindən bəhs edilib.
Tədbir zamanı böyük dramaturqun əsərlərindən səhnələr nümayiş etdirilib, mahnılar səslənib.
Qeyd edək ki, Mirzə Fətəli Axundzadə ömrünün böyük hissəsini (1834-cü ildən) Tbilisidə (o vaxt Tiflis) yaşayıb və bu şəhərdə vəfat edib. Öz vəsiyyətinə əsasən, müəllimi M.Ş.Vazehin qəbri yanında (hazırda Tiflisdə Botanika bağının ərazisi) dəfn olunub.