“Müəllimim qulağım, beynim, ürəyim və barmaqlarımdır”

Tanınmış qarmon ifaçısı, “Şöhrət” ordenli, Xalq artisti, Prezident təqaüdçüsü Aftandil İsrafilovun 80 yaşı tamam oldu. Sənətkarla beş il əvvəl – 75 illiyində görüşüb müsahibə almışdıq. Zaman necə də bir göz qırpımında axıb gedir...

Hələ yanvar ayında, yubileyi ərəfəsində sənətkara zəng edib təbriklərimizi çatdırmışdıq. Diqqətə görə redaksiyamıza təşəkkür edən Aftandil müəllim 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbəni, torpaqlarımızın işğaldan azad olunmasını ən böyük bayram hesab etdiyini dedi: “Bu böyük Qələbə münasibətilə Ali Baş Komandana sonsuz minnətdarlığımı bildirir, bütün xalqımızı təbrik edirəm. Bu səbəbdən də heç bir yubiley və ad günü qeyd etmirəm. Sözümün əvvəli də, axırı da vətəndir, Azərbaycandır. Yubiley yazısını, ürəyindən keçənləri isə sonra yazarsan”.

Ölkəmizdə qarmonun keçmişdən bu günə çoxsaylı ustad ifaçıları olub. Bu sənətkarlar qarmonun təkmilləşdirilməsi və xalqın ürəyində yer tapmasında mühüm rol oynayıblar. Aftandil İsrafilov da qarmonda özünəməxsus ifası ilə xalqın qəlbində taxt quran sənətkarlardandır. Tale ona qarmonla birgə sevilən bir sənətkar ömrü yazıb. Özünün də vurğuladığı kimi, keçmiş ustadların ifasından bəhrələnərək öz yolunu, ifaçılıq məktəbini yaradıb. İfasındakı melodiyalar hər zaman dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

80 yaşlı sənətkar bu gün də eyni coşqu, eyni sevgi ilə qarmonu əlinə alır. Yenə barmaqlarının yaratdığı ürəyəyatan nəğmələr insanların zövqünü oxşadıqca oxşayır. Bəzən onun ifalarını ekzotik də hesab edirlər. Bu da sənətkarın improvizasiya məharətini sübut edir. O, sevdiyi alətin imkanlarından hər zaman məharətlə istifadə edib. Müsahibələrində də bu imkanları zaman-zaman gənc ifaçılara aşılayıb, məsləhətlərini əsirgəməyib.

Musiqişünaslar Aftandil İsrafilovun onun ifasında səslənən “Bəstənigar” muğamını çox yüksək dəyərləndiriblər. Həqiqətən də, dinləyicilərə zövq verən, valeh edən, sənətkarlıq örnəyi olan ifadır.

Aftandil İsrafilov qarmon ifaçılığında öz dəst-xətti ilə həm də bu alətin populyarlaşması, gənclər arasında sevilməsinə töhfə verib. Pedaqoji fəaliyyətlə məşğul olmasa da, bir çox gənc onun ifasından bəhrələnib, onun yolu ilə gedib. Təvazökar sənətkar bu haqda deyir: “Kim mənim yanıma övladını şagirdliyə vermək istəyirsə, beynindən keçir ki, Aftandil kimi sənətkar olacaq. Mən də onlara bəri başdan deyirəm ki, Aftandilin müəllimi olmayıb. Mənim müəllimim qulağımdır, beynimdir, ürəyimdir, barmaqlarımdır. Mən notun nə olduğunu bilməmişəm. Bir də pedaqoq olmaq başqa sənətdir. Qarmonda təkcə Aftandil İsrafilov deyil ki, Zakir Mirzəyev də var”.

O, bu gün qarmon ifaçısı kimi Azərbaycanın müasir klassik sənətkarıdır. Çox sayda gözəl rəqs bəstələri ilə özünəməxsus qarmon ifaçılığı məktəbi yaradıb. Onun hər ifası bir yenilik, hər bəstəsi uğurlu sənət nümunəsidir. Qarmonun ağ-qara dillərində vurduğu, ürəyindən, ruhundan, ilhamından  süzülüb gələn zəngin ilmələr, çoxçalarlı əlvan xallar bu yeniliklərin işartısı, yüksək sənətkarlığın təsdiqidir.

Aftandil İsrafilov mədəniyyətimizin böyük hamisi olmuş ulu öndər Heydər Əliyevin onun sənətinə, sözün geniş mənasında, qarmon ifaçılığına böyük diqqət yetirdiyini, yüksək qiymətləndirdiyini xüsusi vurğuladı. Dedi ki, bütün yüksək fəxri adları ona ümummilli lider verib: “Hər kəsin öz dünyası, həyata baxışı var. Həmişə fikirləşmişəm ki, sənətdə olan adamı gərək həm xalq, həm də həmkarları sevib qəbul etsinlər. Bu iki sevgi üst-üstə düşəndə böyük sənət meydana çıxır. Ölkəmizi hər zaman layiqincə təmsil etmişəm. Vətənpərvər olmalı və övladlarımızı da bu ruhda tərbiyə etməliyik. Mən dünyanı gəzmişəm və həmişə birinci şüarım Azərbaycan olub. Çünki bu torpağın övladıyam, onun çörəyini yeyirəm”.

Yazını hazırladığımız gün Aftandil müəllimlə yenidən əlaqə saxladıq. Televiziyaların birində Novruz bayramı ilə bağlı çəkilişdə olduğunu dedi, kollektivimizi və oxucularımızı qarşıdan gələn bayram münasibətilə təbrik etdi, bahar təravətli günlər arzuladı.

Biz də qocaman sənətkara cansağlığı və yeni yaradıcılıq uğurları diləyirik.

Lalə AZƏRİ