Dünya təcrübəsində abidələr həm də turizmin inkişafına təsir göstərən, ölkənin turistlər üçün cəlbedici olmasını şərtləndirən mühüm faktorlardan biri hesab olunur. Çünki istənilən ölkəyə səyahət edən turist ilk növbədə həmin ölkənin tarixini, yaşayış tərzini əks etdirən maddi-mədəniyyət nümunələrinə maraq göstərir. Öz növbəsində hər bir ölkə də qədimliliyini, bəşər sivilizasiyasının formalaşmasındakı rolunu sübuta yetirmək, onu dünyaya təqdim etmək üçün mədəni irs nümunələrindən faydalanmış olur. Deməli, turizm həm də hər hansı ölkənin mədəni irsinin dünyaya tanıdılmasında vasitə rolu oynayır.
Maraqlıdır, ərazisində ən qədim dövrlərə təsadüf edən yaşayış məskənlərinın, abidələrin olduğu Azərbaycan necə, öz imkanlarından turizmin inkişafında kifayət qədər yararlana bilirmi?
Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin əməkdaşı, sənətşünaslıq namizədi Fazil Məmmədov məsələyə daha geniş aspektdən yanaşır: «Son zamanlar dünyada bir sıra vacib məsələlərin həllində tarixi abidələrin rolu olduqca böyükdür. Məsələn, Yaxın Şərqdə Fələstin-İsrail münaqişəsində tarixi ərazilərin hansı xalqa məxsus olduğu ciddi problem kimi qalmaqdadır. Azərbaycana gəlincə, məlumdur ki, bədnam qonşularımız nəinki bizim mahnıları, musiqimizi, hətta çoxsaylı abidələrimizi ya dağıdıb, ya da özününküləşdiriblər. Onlar İslam dövrünə məxsus abidələri özününküləşdirə bilmədiyindən onları dağıdıblar. Amma Qafqaz Albaniyası dövrünə aid çoxsaylı abidələri ötən əsrin əvvəllərindən başlayaraq özəlləşdirməyə başlayıblar».
F.Məmmədov qeyd olunanları biganəliyin nəticəsi kimi izah edir: «Bu məsələdə biz nə qədər biganə olmuşuqsa, düşmənlərimiz bir o qədər ayıq olublar. Göstərdiyimiz biganəliyin nəticəsidir ki, abidələrdə olan kitabə və daş yazıları dəyişdirilərək, erməni dilində yazılarla əvəz edilib. Eyni zamanda, bir sıra abidələrin üzərindəki naxışlar da dəyişdirilib. Hətta sovet vaxtında Ermənistan memarlığına aid olan kitablarda Qarabağ, Naxçıvan ərazisindəki qeyri-maddi mədəniyyət nümunələri xristian abidələri kimi təqdim olunub».
Müstəqillik əldə edildikdən sonra ölkədə maddi-mədəni irsin qorunmasına xüsusi önəm verildiyini qeyd edən F.Məmmədov bu sahədə irəliləyiş olduğuna diqqət çəkdi: «Sovet dövründə Azərbaycana ən çox turist Rusiyadan gəlirdi. Düzdür, SSRİ-də turizm xidməti o qədər də yüksək səviyyədə deyildi. Bu səbəbdən turist marşrutları da zəif idi. Sevindirici haldır ki, son vaxtlar abidələrimizin təbliğatı ilə bağlı çoxlu iş aparılır: bukletlər hazırlanır, filmlər çəkilir. Bundan əlavə, 10 il ərzində turizm marşrutlarına daxil olan abidələri müəyyənləşdirdik. Dövlət tərəfindən onların bərpasına böyük maliyyə vəsaiti ayrılır».
Qeyd edək ki, hazırda ölkəmizə gələn əcnəbiləri bir çox bölgələrin təbii gözəlliyi özünə daha çox cəlb edir. Nə etmək lazımdır ki, onlar həm də abidələrimizlə maraqlansın, hər hansı bölgəmizi abidələrinə görə tanısın? Mütəxəssis bu sualı belə cavablandırır: «İlk növbədə, abidələr ətrafında nəqliyyat infrastrukturu yaradılmalı, yollar bərpa olunmalıdır. Məsələn, Şəmkirdə aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş böyük qala konservasiya ediləcək. Turistləri bura cəlb etmək üçün buraya yol çəkilməli, mehmanxana tikilməlidir».
Nazirlik rəsmisi bu gün Azərbaycanda UNESCO-nun Maddi-Mədəni İrs siyahısına düşən İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Qobustan qoruğu kimi abidələrin dünyaya daha yüksək səviyyədə tanıdılmasının zəruriliyini vurğulayır: «Bununla yanaşı, respublikamızın bölgələrində turizm nümunəsi kimi təqdim edilə bilən gözəl abidələrimiz var. Məsələn, Qaxda Samuxqala qalası, Naxçıvanda Möminəxatun türbəsi, Qarabağlar türbəsi, Salyanda Cümə məscidi, Ordubad bir qoruq şəhəri kimi, Basqal və digərləri dünya turistlərinin diqqətini cəlb edən abidələrdir.
Bundan başqa, iştirak etdiyimiz beynəlxalq sərgilərdə tarixi abidələrimizi təbliğ edən filmlər, kliplər nümayiş etdirilməlidir. Hazırda bu sahədə ilk mərhələdəyik».
Turizm marşrutlarına daxil olan abidələrin turistlərə ətraflı təqdimatı üçün bələdçilərin hazırlanmasının vacibliyini də önə çəkən mütəxəssis bu sahədə boşluğun olduğunu istisna etmədi: «Demək olar ki, Azərbaycana bütün ölkələrdən turist gəlir. Həm respublikaya gələn çoxsaylı turistlərə zəngin və qədim tariximizi nümayiş etdirmək, həm də gənc nəsli bizim tarixlə tanış etmək və onlarda vətənpərvərlik ruhunu aşılamaq üçün bələdçilər öz xalqını sevən, onun mədəniyyətini, tarixini bilən şəxslər olmalıdır. Ümid edirik ki, yaxın gələcəkdə bu sahədə mövcud boşluq da aradan qaldırılacaq».
Mehparə