Məbləği 1,9 trilyon dollardır
ABŞ Konqresinin Nümayəndələr Palatası “Amerika qurtuluş planı” adlanan sənədi qəbul edib və imzalanmaq üçün Prezident Co Baydenə göndərib.
Prezident Co Bayden ümumi məbləği 1,9 trilyon dollar olan layihəni hələ yanvar ayında təqdim etmişdi. Layihədə göstərilən məbləğin təqribən 400 milyardını koronavirusa qarşı mübarizəyə və əhalinin peyvəndlənməsi kampaniyasına sərf etmək nəzərdə tutulur. 1 trilyon dollar əhalinin dəstəklənməsinə yönəldiləcək. Qalan məbləğ pandemiya dövründə zərər çəkmiş müəssisələr arasında bölüşdürüləcək.
Amerika Birləşmiş Ştatlarının əhalisi 330 milyon nəfərdir. Ölkədə vergi ödəyicilərinin ümumi sayının təqribən dörddə üç hissəsinin gəliri ildə 75 min dollara qədərdir. Belə vergi ödəyiciləri adambaşına 1,4 min dollar birbaşa dəstək alacaqlar. İşsizliyə görə federal büdcədən ödənişlər ştatların ödədiyi vəsaitdən əlavə avqust ayına qədər həftədə 300 dollara bərabər olacaq. Bundan əlavə, koronavirus pandemiyasının aradan qaldırılmasına kömək məqsədilə məktəblərə 130 milyard dollar, kollec və universitetlərə daha 40 milyard dollar ayrılması nəzərdə tutulur.
Ştatlar 350 milyard dollar dəstək alacaqlar. Aviaşirkətlərə dəstək üçün 15 milyard dollar, restoranlara dəstək üçün 25 milyard dollar, COVİD-19 testlərinin genişlənməsi üçün təqribən 50 milyard dollar ayrılıb.