Dünya xalqlarının folklorunda qışı necə yola salırlar?

Novruz bayramı uzun illər ərzində müxtəlif adlarla adlandırılsa da, onun əsas mahiyyəti – təravət, yenilik, ruzi-bərəkət rəmzi dəyişməyib. Novruz İranda, Orta Asiya ölkələrində, Rusiya Federasiyasının türk-müsəlman respublikalarında, Əfqanıstanda, habelə Türkiyədə, Şimali Kiprdə, eləcə də Balkanlardakı müsəlman xalqları arasında (Albaniya, Bosniya, Kosovo) qeyd olunur.

Novruz bizim qardaş xalqlarla ortaq bayramımız olsa da, onun ayrı-ayrı ölkələrdə qeyd olunmasının özünəməxsus cəhətləri də var.

Türkiyədə Novruz hələ Osmanlı dövründən geniş qeyd edilib. O vaxtlar bayram münasibətilə Sultana ünvanlanmış xüsusi şeirlər yazılar və ona təqdim olunardı. Bu gün də Novruz rəngli mərasimlərlə çal-çağırla qeyd olunur.

Novruz Türkmənistanda əsas bayramlardan biridir. Türkmənlər arasında belə bir atalar sözü də var: “İlin gəlməsi Novruzla bəlli olur”. Novruz bayramı münasibətilə türkmənlər evlərini bəzəyir, qonaq qarşılamağa hazırlaşırlar. Müxtəlif yeməklər, xüsusilə plov bişirər, şirniyyatlar hazırlayarlar. Hesab edirlər ki, bayram üçün nə qədər çoxlu yemək hazırlansa, il bir o qədər bərəkətli olar.

Qırğızıstanda Novruzda tonqal qalamırlar. Amma həyətin odla pak edilməsi adəti var ki, bu da Azərbaycanda üzərlik yandırılmasına bənzəyir. Qırğızlar deyir ki, bu, qədim türk şamanlarından qalma adətdir. Onlar “Alas-alas, hər bəladan xilas” – deməklə öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər.

Tacikistanda Novruz martın 20-də başlayır və 3-4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür, ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara şirniyyat, yumurta və s. verir. Süfrəyə təmizliyin rəmzi hesab edilən süd, şərbət və şam da qoyulur.

Novruz bayramı Özbəkistanda da təmtəraqla qeyd olunur. İnsanlar kütləvi gəzintiyə (“Seyir”) çıxırlar, yerlərdə yelləncəklər qurulur, xoruz döyüşləri keçirilir. Novruzla bağlı maraqlı adətlər var. Məsələn, bayram vaxtı öküzlərin buynuzunu yağlayırlar ki, yeni il bərəkətli olsun.

***

Novruz bayramının astronomik mahiyyəti isə gecə ilə gündüzün bərabərləşməsi, yeni astronomik ilin başlanması, qışın yola salınıb, yazın qarşılanmasıdır. Bu mərasim də müxtəlif ölkələrdə fərqli ayinlərlə qeyd olunur.

Rusların və digər Şərqi slavyan xalqlarının  “Maslenitsa” bayramı da qışın yola salınması, yazın gəlişi ilə bağlıdır. “Maslenitsa”nı  ruslar hələ xristianlıqdan öncə, bütpərəstlik dövründən bayram ediblər. İndi isə Maslenitsa” Pasxadan (İsa peyğəmbərin zühuru) yeddi həftə öncə qeyd olunur.

Yaz gecə-gündüz bərabərliyinin (21 mart) ardınca səmada yeni Ayın doğulmasından sonrakı birinci bazar günü qeyd olunan Pasxa hər il fərqli vaxtlara təsadüf edir. Ona görə “Maslenitsa” da hər il fərqli günlərə düşür. Bu il “Maslenitsa”  martın 14-nə təsadüf etdi.

“Maslenitsa”nın mənası isə belədir: pravoslav xristianlarda “Böyük orucluq”dan (“Velikiy post” – yeddi həftə davam edir, Pasxa bayramı ilə başa çatır) bir həftə öncə yeməklərin hazırlanmasında kərə yağından, süd məhsullarından istifadəyə icazə verilir.  Pravoslav kilsə təqvimində bu dövr “Maslenitsa” (yağ-süd) həftəsi adlanır.

Tonqalların qalanması, qışın (köhnəliyin) simvolu olan “Maslenitsa” müqəvvasının yandırılması bir anlamda bizim Novruz öncəsi qeyd etdiyimiz ilaxır çərşənbələri xatırladır. Tonqalda yanan “qış müqəvvası” yerini yeni dövrə – yaza verir. Bayram yazın qış üzərində qələbəsini simvollaşdırır. Yazın gəlişinin bir əlaməti də torpaqların əkilməsidir. “Maslenitsa” müqəvvasının yandırılması və külünün torpağa qarışdırılması gələcək məhsuldarlığın rəmzidir.

Ümumiyyətlə, xristianların Pasxa bayramı dini mahiyyətli olsa da, müəyyən mənada Novruzu xatırladır. Bu bayramda da evlərdə bol süfrə açılır, Pasxa yumurtası boyanır, şirniyyat bişirilir. Bayram axşamı insanlar kilsələrin həyətində toplaşır, kütləvi gəzintiyə çıxırlar. Bu zaman onlar müxtəlif oyunlar oynayır, xorla oxuyur, şənlənirlər.