Rəqəmsal rəsm rekord qiymətə satılıb

Amerikalı qrafik-dizayner, animator, Bipl (Beeple) təxəllüsü ilə  fəaliyyət göstərən Mayk Vinkelmannın  rəqəmsal rəsmi “Kristi” (Christie’s) auksionunda 69,3 milyon ABŞ dollarına satılıb.

“Hər gün: ilk beş min gün (“Everydays: The First 5000 Days”)” adlı rəsm Mayk Vinkelmannın 13 il ərzində yaratdığı beş min təsvirin kollajından ibarətdir. Maraqlıdır ki, kollajın bu il fevralın 16-da hərraca çıxarılması elan olunanda ona cəmi 100 dollar start qiyməti qoyulmuşdu.

“Hər gün: ilk beş min gün” Londondakı “Kristi” hərrac evinin 255 illik tarixi boyunca NFT (qarşılıqlı əvəzlənməyən token) olaraq satışa çıxarılan ilk sənət nümunəsidir. Bu hərracdan sonra Vinkelmann hazırda sağ olan rəssamlar arasında əsərləri ən baha satılan üç müəllifdən biridir.

Rusiya Rəssamlar İttifaqının sədri, heykəltəraş Andrey Kovalçuk bu hadisəni şərh edərək söyləyib ki, belə yüksək qiymətin əsərin bədii dəyərinə dəxli yoxdur: “Bu, bazardır. Qiymət də əvvəldən düşünülüb. Kimsə rəssamın yaradıcılığına vəsait qoyur ki, sonradan onun əsərini bir neçə dəfə bahasına satsın”. 

Digər rusiyalı rəssam Arseni Pıjenkov isə, əksinə, “Kristi” hərracındakı satışı tarixi hadisə adlandırıb. Rəssam güman edir ki, bu hadisədən sonra digital incəsənətə maraq artacaq. O, əsərin qiymətini digital mühitdəki populyarlığı ilə əlaqələndirib. Belə ki, satışdan öncə Vinkelmannın “İnstagram”da 1,8 milyon abunəçisi varmış, indisə onların sayı təxminən 2 milyondur. Bundan başqa, müəllif “Louis Vuitton”, “Apple”, “Nike” kimi nəhəng brendlərlə işləyib, Ariana Qrande, Castin Biber, Ket Perrin və başqalarının konsertlərində vizual effekt həllini yerinə yetirib. 

Bəzi mütəxəssislər hesab edir ki, gələcəkdə incəsənət rəqəmsallaşmaqda davam edəcək. Bu mənada NFT rəssamların öz yaradıcılıqlarından qazanc götürməsinə, həm də öz əsərlərini yüksək keyfiyyətdə təqdim etməsinə imkan verəcək.

GÜLCAHAN