Bir teatrın tarixindən söz düşəndə, sözsüz ki, sənət ocağının yerləşdiyi bina barədə fikirlər oyanır. Teatr binasının arxitektura özəllikləri də bu və digər şəkildə səhnə sənətinin estetikasını istiqamətləndirir, onun özünəməxsusluğunun bədii səciyyələrini müəyyənləşdirir.
“Bir binanın tarixi” rubrikasında bu dəfə oxucularımıza paytaxtın memarlıq mənzərəsinə rəng qatan tikililərindən biri, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının binası haqqında söz açacağıq.
Sənətkarın adını daşıyan küçədə yerləşən teatr binasının maraqlı tarixi var. Buradan keçən hər kəsi dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun abidəsi qarşılayır. 2016-cı il oktyabrın 4-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə abidənin açılışı keçirilib. Xalq rəssamı, professor Fuad Salayevin müəllifi olduğu heykəlin hündürlüyü 3, pyedestalla birlikdə isə 4,5 metrdir.
Xor sinaqoqu
Binaya daxil oluruq. Teatrın kitabxanaçısı Fərqanə Əliyeva bizə tikilinin tarixi haqqında məlumat verir. Öyrənirik ki, bina 1910-cu ildə Bakıda yaşayan yəhudi icmasının tәşәbbüsü ilə, memar İosif Vikentyeviç Qoslavskinin layihəsi əsasında sinaqoq binası olaraq inşa edilib. “Böyük xor sinaqoqu” kimi fəaliyyət göstərən binanın tikintisinə yəhudi mesenatlarla yanaşı, məşhur milyonçu Ağa Musa Nağıyevin də maddi köməklik göstərdiyi bildirilir.
Fərqanə xanım qeyd edir ki, sovet hakimiyyətinin qurulmasından sonra, digər dini ibadətgahlar kimi, sinaqoqların da ləğv edilməsinə başlanılır. 1932-ci ildə “Böyük xor sinaqoqu” bağlanır və bina milliləşdirilir. 1934-cü ildə isə “Bakı yəhudi fәhlә teatrı”na verilir. 1936-cı ildə “dövlət teatrı” statusu alan mədəniyyət ocağı Azərbaycan Dövlət Yəhudi Teatrı (ADYT) kimi geniş populyarlıq qazanır. Yəhudi teatrı 1941-ci ilə qәdәr fəaliyyət göstərib. 1979-cu ilədək isə bu binada Azərbaycan Dövlət Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu yerləşib. Bundan sonra bir müddət istifadəsiz qalsa da, binada həmişə sәliqә-sahman olub.
Binanın xüsusilə interyeri möhtәşәm görkəmə malik idi. Nazik tökmə çuqun sütunlar ikinci mәrtәbәnin zәrif eyvanını saxlayırdı. İlkin görünüşünü indi də qoruyan binanın tağlı tavanı freskalarla bәzәdilmişdi. 1980-ci illәrdә binanın bәrpa layihәsi ilə bağlı müzakirələr aparılıb. Həmin dövrdə görkəmli müğənni Rәşid Behbudov Azərbaycan SSR Mәdәniyyәt Nazirliyindәn binanın 1968-ci ildә yaratdığı və rәhbәri olduğu Mahnı Teatrına verilmәsini xahiş edir. Böyük sənətkarın xahişi nəzərə alınır və teatrın kollektivi 1988-ci ildәn burada fəaliyyət göstərməyə başlayır.
Həmsöhbətim bildirir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2009-2011-ci illərdə binada əsaslı təmir-bərpa işləri aparılıb. Bərpa zamanı daxili mәkanın tamlığına riayət edilib. Bina müasir işıq və səs avadanlıqları ilə təchiz edilib. 2011-ci il dekabrın 14-də – Rəşid Behbudovun doğum günündə teatrın açılış mərasimi keçirilib. Hazırda binada 15 otaq və 234 yerlik tamaşaçı zalı mövcuddur.
Teatr içində muzey
Binanın otaqları ilə tanış oluruq. Amfiteatr hissəsində divardan asılmış afişalar və rəsmlər diqqətimizi çəkir. Burada Rəşid Behbudovun baş rolda çəkildiyi “Arşın mal alan” filminin 1945-ci ilə aid afişasının surəti, sənətkarın portreti və onun ətrafında musiqiçinin qastrol səfərində olduğu ölkələrin adları maraqlı bir kompozisiya yaradır. Mahnı Teatrında bu günə qədər nümayiş olunan bir çox tamaşa və konsertlərin afişalarını da burada görmək mümkündür.
Binada həmçinin Rəşid Behbudova aid bir otaqdan ibarət muzey var. Müsahibim deyir ki, həmin yer bir vaxtlar unudulmaz müğənninin şəxsi iş otağı olub. Otaqda Rəşid Behbudova aid şəxsi musiqi alətləri, iş masası, həmçinin Bülbül, Niyazi, Fikrət Əmirov və başqa görkəmli musiqiçilərlə çəkilmiş fotoşəkillər saxlanılır. Otaqdakı əşyaları seyr edərkən gözümüzdə ölməz sənətçinin əziz xatirəsi canlanır...
***
Unudulmaz sənətkarın adını daşıdığı mədəniyyət ocağından xoş arzularla ayrılırıq. Ümid edirik ki, yaxın zamanda koronavirus bəlasından qurtulub normal həyata dönərik. Sənətsevərlər də Dövlət Mahnı Teatrının yaradıcı kollektivinin bir-birindən maraqlı çıxışlarını canlı izləyərək musiqidən zövq alarlar...
NURƏDDİN