Xəbər verdiyimiz kimi, 30-31 mart tarixində İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) İcraiyyə Komitəsinin 41-si sessiyası keçirilib. COVİD-19 pandemiyası səbəbindən sessiya videokonfrans formatında gerçəkləşib.
Sessiyanın gündəliyində 2019-2020-ci illər üzrə İCESCO-nun fəaliyyətinə dair hesabatın, 2019-cu il üzrə maliyyə hesabatının, mədəniyyət, təhsil, elm və texnologiya sahələrində həyata keçirilmiş layihələrə dair hesabatların dinlənilməsi, təşkilatın 2021-ci il üçün nəzərdə tutulan layihələrinin təqdimatı, üzv dövlətlərin Milli komissiyalarının yeni Nizamnamə layihəsinin, həmçinin Gənc Peşəkarlar Proqramının müzakirəsi, təşkilatın regional mərkəzləri və nümayəndəliklərinin fəaliyyəti barədə hesabatların dinlənilməsi və digər məsələlər yer alıb.
Sessiyanın birinci günündə İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, İCESCO Baş Konfransının 13-cü sessiyasının prezidenti Əli Zeydan Əbu Zuhri və İordaniya Krallığının təhsil, ali təhsil və elmi araşdırmalar naziri Məhəmməd Xair Abo Qudeis çıxış ediblər.
Sessiyada ölkəmizi İCESCO İcraiyyə Şurasının üzvü, İCESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə təmsil edib. O, Azərbaycanın təşkilatla əməkdaşlıq çərçivəsində fəaliyyəti barədə hesabatla çıxış edib.
Milli Komissiyanın baş katibi İCESCO ilə əməkdaşlığın, 44 günlük Vətən müharibəsindən sonra təşkilatın Baş direktorunun Azərbaycan Respublikası Prezidentinin dəvəti ilə ölkəmizə səfərinin və Azərbaycanın işğaldan azad olunan ərazilərini ziyarət etməsinin, bu məsələdə Azərbaycana göstərilən dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. İşğaldan azad olunan ərazilərdə mədəni irsə dəymiş ziyanın bərpası prosesində İCESCO ilə əməkdaşlığın davam etdiriləcəyi diqqətə çatdırılıb.
V.Eyvazzadə çıxışında BMT tərəfindən 2021-ci ilin “Davamlı inkişaf üçün beynəlxalq yaradıcı iqtisadiyyat ili” elan olunması, startapların və yeni layihə platformalarının yaradılması kimi məsələlərə də toxunub.